UNEC komandaları “Vergilər” mövzusunda debat turnirinin qalibi olublar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vergilər” mövzusunda debat turniri başa çatıb.

Turnirin əsas məqsədi tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, analitik düşüncə və məntiqi təhlil bacarıqlarının inkişaf etdirilməsi, ictimai çıxış vərdişlərinin gücləndirilməsi, eləcə də gənclərin vergi sahəsinə marağının artırılması olub.

Turnirin bağlanış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Şahin Seyidzadə və Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev iştirak ediblər.

Turnirdə 29 ali təhsil müəssisəsini təmsil edən Azərbaycan, ingilis və rus bölmələri üzrə ümumilikdə 62 debatçı iştirak edib.Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan və rus dili bölmələri üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) komandaları qalib adını qazanıblar.

Qalib komandalar kubok, qızıl medal və müxtəlif hədiyyələrlə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə