“Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsidir“ -AQİL BƏHRAMLI

“Milli Qurtuluş Günü xalqımızın taleyində mühüm dönüş nöqtəsi kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin təmin olunmasına şərait yaradıb”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Aqil Bəhramlı İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda keçirilən tədbirdə deyib.

A.Bəhramlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyimizin gələcək inkişafı üçün möhkəm təməllər məhz həmin dövrdə formalaşdırılıb.

Teatr rəhbəri vurğulayıb ki, Ulu Öndərin qayıdışından sonra hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, dövlət idarəetmə sistemi təkmilləşdirilib və demokratik təsisatların inkişafı üçün əlverişli şərait yaradılıb. Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirərək gələcək inkişafın yol xəritəsinə çevrilib.

A.Bəhramlı əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm nailiyyətlər əldə edib, xüsusilə ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.

O bildirib ki, Milli Qurtuluş Gününün əhəmiyyəti həm də gənc nəslə dövlət müstəqilliyinin dəyərini aşılamasında özünü göstərir. Gənclər xalqımızın keçdiyi mürəkkəb və şərəfli yolu öyrənərək vətənpərvərlik, milli birlik və dövlətçilik ənənələrinə sədaqət kimi dəyərləri daha dərindən mənimsəyirlər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə