QHT sədrlərinin "Gənclər Günü"nə BAXIŞI - SORĞU

Gənclər bir ölkənin ən mühüm sərvəti, gücü və ümididir. Gənclik isə bir milləti yüksəldən ən mühüm amildir. İctimai həyatın böyük bir hissəsini təşkil edən gənclərin təhsili və inkişafı böyük əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi, bu gün 2 fevral "Gənclər Günü"dür. Bu gün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Günün təyin olunması Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Bəs, bu gün gənclər sahəsində hansı uğurlara nail olunub? Bu sahədə hansı problemlər var? SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu keçirib.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov: "Azərbaycan gəncliyi ötən müddət ərzində bir çox uğurlar əldə edib, xüsusən gənclər siyasəti sahəsində gənclərimiz fəal olub, dövlətimizi hər zaman dəstəkləyərək ölkəmizin maraqlarını xaricdə uğurla müdafiə edib. Dövlət idarəetməsinin bütün sahələrində gənclərimizin rolunu görmək olar, eyni zamanda vətəndaş cəmiyyəti sferasında da gənclərimizin çox yaxşı göstəriciləri vardır. 44 günlük vətən müharibəsində, eyni zamanda Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında gənclərimizin çox böyük rolu göz önündədir. Bununla yanaşı hesab edirəm ki, gənclər bundan sonra da dünyanın müasir çağırışlarına uyğun öz fəaliyyətini qurmalı və vətənimizi dünyada layiqincə təmsil etməyə çalışmalıdır. Gənclərimiz daha çox öz üzərində işləməli və müxtəlif sahələrdə beynəlxalq təcrübənin öyrənilməsinə çalışmalıdırlar. Azərbaycan dövləti dünyada nadir ölkələrdəndir ki, dövlətimiz hər zaman onların yanındadır".

Kamillik Vətəndaşların Hüquqi Maarifləndirməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev: "Ötən müddətdə gənclərlə bağlı kifayət qədər müsbət işlər görülüb, qanunvericlik bazası yenilənib.

Gənclərin ictimai-siyasi aktivliyi artıb. Xüsusən də idarəetmədə gənc kadrlara üstünlük verilməsi ənənəsi formalaşıb. Bundan başqa, xaricdə təhsil alan gənclərimizin əhatə dairəsi genişlənib. Əlbəttə ki, bütün bunlar sevindiricidir.

Amma təəssüf ki, gənclərin işsizliklə bağlı ciddi problemləri hələ də qalmaqdadır. Düşünürəm ki, bu istiqamətdə dövlət proqramları işlənib hazırlanmalıdır. Təkcə idarəetmədə vəzifələrdə deyil, istehsalatda da gənclərin təşəbbüskarlığı da əla alınmalıdır. Peşə təhsili, bu istiqamətdə təcrübə yerlərinin sayı artırılmalı və peşəyönümlü iş yerləri yaradılmalıdır.

Əsas prioritet təhsilli gənclərlə yanaşı, orta təhsilli gənclərin iş yerləri ilə təminatı kimi məsələlər olmalıdır. İxtisaslarla mövcud iş yerləri arasına əlaqələndirmə yaradılmalıdır. Gənclərimiz diplomlu işsizə çevrilməməlidirlər. Əks təqdirdə biz gəncləri cəmiyyətdə nümunəvi vətəndaş kimi görə bilməyəcəyik. Onlar davamlı olaraq narazı qalacaq, zərərli vərdişlərə aludə olacaq və nəticədə bunun ağrı-acısını cəmiyyət çəkəcək".

"Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev: "Hər bir dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biri gələcəyimiz olan gəncləri daim diqqət mərkəzində saxlamaq və onların hərtərəfli inkişafı üçün çalışmaqdır. Gəncliyi güclü və aydın olan dövlətin gələcəyi də parlaq və aydın olar. Dövlət gənclər siyasəti Azərbaycan dövlətinin gənclərə yönəlik həyata keçirdiyi ən uğurlu siyasətdir. Gənclərin inkişafı üçün bütün resurslar mövcuddur. Məhz bu siyasətin nəticəsidir ki, bu gün gənclərimiz həm ölkə daxilində Azərbaycanın çiçəklənməsində yer alır, həm də ölkəmizi beynəlxalq arenada təmsil edir.

İkinci Qarabağ savaşında da gənclərimizin göstərdiyi şücaətin, qəhrəmanlığın müstəsna yeri vardır. Gənclərə göstərilən diqqət və qayğı onların hərtərəfli inkişafını stimul edir və onların dövlətimizin inkişafına töhfəsini artırır. Bir çox inkişaf etməkdə olan dövlətlərdə olduğu kimi ölkəmizdə ən başlıca problemlərdən biri gənclərin məşğulluğunu təmin etməkdir. Bu problem də yaxın gələcəkdə dövlət və özəl sektorun birgə əməkdaşlığı fonunda öz həllini tapacaqdır".


"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Elşad Məmmədli: "Hər il "Gənclər Günü"ndə gənclərlə bağlı aparılan siyasətdə gənclərin cəmiyyətdə, dövlətin möhkəmlənməsində və ictimai həyatda rolundan dönə-dönə danışırıq və son üç ildə daha dəqiq desək Vətən müharibəsindən sonrakı dönəmdə gənclərlə bağlı aparılan siyasətin, ümumiyyətlə gənclərin ictimai siyasi həyatda rolu ilə bağlı daha konkret və daha fəxarətlə danışa bilirik. Gənclərlə bağlı nail olunan uğurda təbii ki biz vətənpərvərliyi və onların dövlət sevgisini önə çəkə bilərik. Biz Vətən müharibəsində bir daha şahidi olduq ki, gənclərlə bağlı vətənpərvərlik yönündə aparılan təbliğat, təşviqat işləri ümumiyyətlə gənclərin cəmiyyətdə rolu ilə bağlı görülmüş işlər heç də nəticəsiz olmayıb. Hər zaman tənqidlər də olub gənclərlə bağlıhətta müəyyən dönəmlərdə belə orta nəslin, yaşlı nəslin belə bir eyhamları da vardı ki, "Qarabağı bu gənclərmi azad edəcək?". Yəni, bir qədər pessimist notlar var idi. Amma biz gördük ki, doğrudan da hansı fədakarlıq və vətənpərvərliklə gənclərimiz meydana atıldılar. Təbii ki, biz bunu həm də bir nümunə olaraq cəmiyyətin digər sferalarında təmsil olunan insanların timsalında da nümunə kimi göstərə bilirik. Eyni zamanda gənclərin ictimai-siyasi həyatda rolu da artan templə davam edir. Biz bunu əyani görürük.

Xüsusilə ictimai-siyasi sektorda gənclərin önə çəkilməsinin və onlara göstərilən etimadı maksimum doğrultuqlarının şahidi oluruq. Təbii ki, gənclərlə bağlı daha çox çalışmaq lazımdır. Çünki dövlətin sabahı, gələcəyimiz məhz uğurlu gənclikdən asılıdır. Gənclərimizi bir daha təbrik edirəm. Onlara dövlət və Vətən mübarizəsində daha dəyanətli, daha mətin olmalarını arzulayıram".

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.

Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalıdırlar".

“Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri: “Son illər gənclərlə bağlı uğurlu sosial layihələr icra olunub. İstedadlı gənclərə dəstək üçün çoxsaylı qurumlar fəaliyyət göstərir.

90-larda yeni ailə qurmuş gənc ailələr illərlə kirayələrdə qalırdılar. İndi gənc ailələr üçün mənzil əlçatmaz deyil. Daimi iş yerləri olan və yüksək əmək haqqı alan gənclər kreditlə mənzil ala bilirlər.

Həmçinin, ali təhsilli gənclərin sayı artıb. Ölkəmizdə və xarici ölkələrdə təhsil almaq gənclər üçün əlçatandır. Amma problem ondadır ki, əksər gənclər çox zaman Azərbaycanın əmək bazarında özünü reallaşdıra bilmir. Yəni ixtisasına uyğun iş tapa bilmir. Baxırsan iş də var, gənclər də işləyir. Amma oxuduğu ixtisas üzrə işləmirlər. Bu da təbii ki, istehsal və xidmət sektorunda keyfiyyətə təsir edən amildir. İşğalçı Ermənistan üzərində qələbə heç şübhəsiz ki, gənclərin uğurudur. Azərbaycan gənci artıq başı dik gəzə bilir. Biz də sayəsində qələbənin şirinliyinin daddığımız qazilərə sahib çıxmalıyıq cəmiyyət olaraq. Şəhidlərin yadigarlarına sahib çıxmalıyıq. Elm və idman sahəsində gənclərimiz xeyli uğurlar əldə ediblər. Xarici universitetlərdən və idman arenalarından istedadlı gənclərimizin xoş sədaları gəlir. Görüləcək işlər isə çoxdur. Əsas odur ki, istiqamət doğrudur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə