Yeni Azərbaycan Partiyası - sabaha aparan yol - ŞƏRH

Yeni Azərbaycan Partiyası - sabaha aparan yol - ŞƏRH

İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992- ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər ciddi tarixi və siyasi əsaslara söykənir 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar. Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.

Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır.

Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosialiqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. YAP-ın yeni proqramında “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.

Proqramda Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev irsinin indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu bildirilir. Xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında Ulu Öndərin irsinin təbliğinin vacibliyi göstərilir. Heydər Əliyevin hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrə yaratdığı vurğulanır. Cənab İlham Əliyevin YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın sədr müavini, II qurultayında (21 noyabr 2001-ci il) partiya sədrinin birinci müavini, III qurultayında (26 mart 2005-ci il) isə partiyanın sədri seçilməsi təşkilatın həyatında böyük tarixi hadisə oldu. 2003-cü, 2008-ci, 2013- cü və 2018-ci illərdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin YAP-ın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı və onun sosial bazasını möhkəmləndirdi. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar YAP-ın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da gücləndirdi.

YAP hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli-mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət kəsb edir. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur. Yeni Azərbaycan Partiyasının yeni proqramının beşinci- “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəslində qeyd olunduğu kimi, partiya zamanın bütün sınaqlarından uğurla çıxıb, xalqımızın və Vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanıb. Partiya bundan sonra da özünün bütün potensialını müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcək. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır.

Həmid Abasov
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə