Qubad İbadoğlunun partiyasında qarşıdurma və istefa

Qubad İbadoğlunun partiyasında qarşıdurma və istefa

Səxavət Əlisoy: “İdarə Heyətinin bəzi zavallı üzvlərinə acıyıram”

Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasında qarşıdurmalar səngimir. Bu dəfə partiyanın aparıcı üzvlərindən və funksionerlərindən olan Səxavət Əlisoy təşkilatın sədri Qubad İbadoğlunu və onun ətrafını sərt şəkildə ittiham edib, istefaya getdiyini açıqlayıb.

SİA xəbər verir ki, “Facebook” sosial şəbəkəsindəki səhifəsində Q. İbadoğlunun idarəçiliyini kəskin tənqid atəşinə tutan, eləcə də partiya idarəçiliyinin qrantlar üzərində təşkil olunduğunu qeyd edən, o cümlədən, sədri namərd adlandıran S.Əlisoy son olaylara reaksiyasını bu cür verib: “Sən, Qubad İbadoğlu, heçmı xəcalət çəkmirsən, yazdıqlarından? Bir də bax yazdıqlarına. Bu idarəçilik üsulunun adı nədir? Nə qədər qəzetə, sayta zəng etsən də, hərəkətinin üstünü örtə bilməzsən. Sözümü deyəcəm, susacaqsan. Susacaqsan, ona görə yox ki cavab verməyi özünə rəva bilmirsən. Ona görə ki, etdiyin hərəkətin adı yüzdəyüz namərdlikdir”.

“WhatsApp”dakı qapalı qrupda İdarə Heyətinin üzvlərini divara dirəmisən ki, Səxavət Əlisoyla kim çörək yeyib, çay içib etiraf etsin”

ADR sədrinin ona cavab verməyə cürətinin çatmayacağına işarə edən S.Əlisoy partiyanın qapalı “WhatsApp” qrupunda iddia edib ki, İdarə Heyətinin üzvləri Q.İbadoğlunun təlimatı ilə onu müzakirə edir, həmçinin onlar qarşısında tələblər qoyulur: “Hansı üzlə cavab verə bilərsən ki? Cavab verməyə cəsarətin yoxdur, amma “WhatsApp”dakı qapalı qrupda İdarə Heyətinin üzvlərini divara dirəmisən ki, Səxavət Əlisoyla kim çörək yeyib, çay içib etiraf etsin. Bu nə istintaqdır? Mənimlə çörək yemək vətənə xəyanətdir? Sən özün neçə dəfə mənimlə müxtəlif məkanlarda çörək yemisən? İdarə Heyətinin bəzi zavallı üzvlərinə acıyıram. Sualı onlara ünvanlamaq təhqirdən betər...”

“Sən heç vaxt lider ola bilməzsən, cılız adamlar liderə çevrilmir”

S.Əlisoy Q.İbadoğlunun heç vaxt lider keyfiyyətlərinə malik olmadığını, cılız fərd olduğunu, deyib və sözünü bu gün sədrə bağlanan digər şəxslərə də ünvanlayıb. O, xəbərdarlıq edib ki, sədrin “maskası cırılandan” sonra bu gün onunla bir olanlar sonradan həmin qərarlarına görə peşman olacaqlar: “Sən heç vaxt lider ola bilməzsən, cılız adamlar liderə çevrilmir. Sən ən məsləhətlisi çəkil siyasətdən, get patronlarından qrant almağına. Verdiyin proqnozların da professorluğun kimi bir cəfəngiyyatdır. Bu gün sənə inananlar maskan cırılandan sonra xəcalət çəkəcəklər...”

“Əxlaqım yol vermir ki, barəndə göndərilənləri yayam”

S.Əlisoy ADR sədrinə xəbərdarlıq da ünvanlayaraq bildirib ki, onun barəsində partiya daxilində dedi-qodular yaratmasın, əks halda o da Q.İbadoğlu haqqında əlində olan bütün faktları gündəmə çıxaracaq, rüsvay edəcək: “Aç qulağını, eşit. Nə Azərbaycanda, nə xaricdə kimsənin qarşısında əyilmədim. Alnıaçıq, qürurla yaşayan, kimsənin qarşısında gözü kölgəli olmayan bir adamam. Sən isə... Əxlaqım yol vermir ki, barəndə göndərilənləri yayam”.

“Başını aşağı sal, qrantını al!”

ADR-dən istefa verən funksioner Q.İbadoğlunun xarici ölkələrdən qrantlar aldığını, sifarişli fəaliyyət göstərdiyini iddia edib. O, həmçinin qeyd edib ki, ADR-dəki insanlar baş verənlərə vicdanları ilə cavab versinlər və kimin haqlı-haqlı olduğunu müəyyənləşdirsinlər: “Başını aşağı sal, qrantını al! Ortaq dostlarımız var. Fikir bildirməyə cəsarəti çatmayanlar oxusun və vicdanı qarşısında kimin haqlı, kimin də haqsız olduğuna cavab versinlər”.

Xatırladaq ki, Q.İbadoğlu Müsavat partiyasının fiunksionerlərindən olub və partiyanın qurultayında başqanlığa namizədliyini irəli sürsə də qalib ola bilməyib. Məhz Arif Hacılının başqan seçilməsində sabiq başqan İsa Qəmbəri seçkilərə müdaxilədə ittiham edən Q.İbadoğlu partiyadaxili parçalanma yaradaraq tərəfdarları ilə Müsavatdan ayrılıb. Nəticədə ADR adlı hərəkat yaradaraq sonradan onu partiyaya çevirib. Məhz həmin ərəfələrdə Q.İbadoğluya ən ciddi dəstəyi S.Əlisoy göstərib. S.Əlisoy Müsavatın rəhbərliyinə qarşı sərt mövqe nümayiş etdirməklə onları xəyanətdə və satqınçılıqda suçlayıb. Bütün bunlardan sonra Q.İbadoğlunun zamanında ona dəstək göstərən S.Əlisoya qarşı fikirlər işlətməsi ikincinin birinciyə qarşı sərt tonda çıxış etməsinə zəmin yaradıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə