Zəngilan Beynəlxalq Hava Limanının açılışı Azərbaycan- Türkiyə qardaşlığının təntənəsidir
Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. Azərbaycan-Türkiyə əlaqələrinin əsas prioritet məsələ olmasını vaxtilə Türkiyə Cumhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”- məşhur sözü ilə sübut etmişdir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri isə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə hərtərəfli dayanıqlı inkişafın və sülhün bərqərar olması işinə öz töhfəsini verməkdədir.Ən əsası isə, xalqımız və bütün dünya 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir! Postmüharibə dövrünün ilk aylarından etibarən Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənmişdir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər və Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyinin əyani nümunəsidir. Bundan əlavə 2021-ci ilin 15 iyununda Şuşa şəhərində tərəflər “Şuşa Bəyannaməsi”ni imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir.
Dünya Zəngilan Beynəlxalq Hava Limanının açılışı Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi
Oktyabrın 20-də dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi. İki qardaş lider - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər. Dünya bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyinə şahid oldu.Əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin ən son əyani sübutu iki qardaş ölkə rəhbəri – Cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı bunu bir daha təsdiqlədi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi. Ən əsası isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci böyük hava limanın açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan birliyinin, möhtəşəm dostluğunun daha bir nişanəsidir. “Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Burada genişmiqyaslı quruculuq-bərpa işləri aparılır”.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib. “Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ının açılışını birlikdə qeyd etdik. Bu da bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır və bu aqroparkın adı – “Dost Aqropark” özlüyündə hər şeyi deyir”, - deyə Azərbaycan Prezidenti Qarabağda inşaat işlərində, yol çəkilişində Türkiyə şirkətlərinin çalışdığını və qısa müddət ərzində böyük işlər gördüyünü deyib. Yolların bir hissəsinin artıq hazır olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumu uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü inşa ediləcək, onların bir qismi inşa olunub. Körpülərin uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu: “Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.
Azərbaycan Prezidenti: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib”
“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük, uğurlu yol keçib, dünya miqyasında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır”,-deyən dövlətimizin başçısı bildirib ki, bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan birliyinin daha yüksək pilləyə qalxdığbını deyərək vurğulayıb ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir.“Bu gün əziz qardaşımızın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı ilə və icazəsi ilə aparılacaq. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıb”, - deyə dövlətimizin başçısı qeyd edib.Bu əziz gündə bizimlə bərabər olduqları üçün Türkiyə Prezidentinə və nümayəndə heyətinə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyev qardaş Türkiyə xalqına xoşbəxtlik və sülh arzulayıb.
Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və gözəl nəticələr verir”
“Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdı»,-deyən dövlətimizin başçısı deyib: “Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir”.Prezident İlham Əliyev xatırladıb ki, düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad olunub, 27 illik işğala son qoyulub. “Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır”, - deyə dövlətimizin başçısı vurğulayıb.“Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib ki, bu, birinci özəl sərmayədir. Bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilib.
Türkiyə Prezidenti: “İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”
“İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”,-deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, indi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar: “Mən qardaşımdan soruşdum, dedim, bu dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər», - deyə Türkiyə Prezidenti qeyd edib.Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu işləri mütləq ədalət mühakiməsinə vermək, bunların təzminatını tələb etmək lazımdır: “Onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq”.
Prezident Rəcəb Tayyib Ərdoğan: “Dağıdılmış bu bölgələr qardaşım İlham Əliyevin liderliyi ilə yenidən dirçəlir”
“Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Viadukları, körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. Biz bunları indi yaşayırıq, görürük”.Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.Türkiyə Prezidenti deyib: “Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır. Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”.
Türkiyə Prezidenti: “Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlaması bizi çox sevindirir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən torpaqlara soydaşlarımızın qayıtmasına həddindən artıq sevindiklərini deyərək bildirib ki, Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində məskunlaşması ilə Vətən həsrətinin başa çatdığını görürük.“Ağalı kəndini gördük, oraya bundan sonra kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Onun yanında “Dost Aqropark”ı gördük, orada həm kənd təsərrüfatı, həm də heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılıb. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə ora çox fərqli bir ərazi idi. Amma indi bu ərazinin necə dirçəldildiyini gördük. Bu istiqamətdə görülən işlər həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır”
“Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Bu addımlar Türkiyə şirkətləri ilə birgə atılıb”,-deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da söyləyib ki, Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhər”lər olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır: “Artıq həmrəylik içində atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, Cəbrayılda təməlini qoyduğumuz meşə təlimi və tingçilik mərkəzi də həmrəyliyimizin rəmzidir”.Türkiyə Prezidenti həmçinin, Zəngəzur dəhlizi ilə bağlı bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur: “Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”. Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini, otuz il verilməyən haqqını geri aldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”.
Türkiyə Prezidenti: “Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”
“Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq”,-deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik.Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatını bu sözlərlə yekunlaşdırıb: “Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.Bəli, budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbaycanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə, xoş günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Azərbaycan-Türkiyə hər zaman olduğu kimi, bir yerdədir və bir yerdə olacaq».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB