Zəngilan rayonunun yeni inkişaf dövrü

Zəngilan rayonunun yeni inkişaf dövrü

Vətən müharibəsindən artıq iki ilə yaxın müddət keçib. İki ildir ki, xalqımız qalib, Ordumuz və Ali Baş Komandanımız isə müzəffər olaraq öz həyatını fəxarətlə davam etdirir. Ötən müddət ölkəmizə və xalqımıza daha bir çox qürurlu anlar və uğurlar gətirdi. Bu qürurlu anlardan biri də işğaldan azad olunan torpaqlarımızda, daha dəqiq Zəngilanda yaşandı. Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Cari ilin 27 may tarixində, Azərbaycan xalqının müstəqillik günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 ildir ki, həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı. Onlarla birlikdə bütün Azərbaycan da o sevinci, həyəcanı hiss etdi. Bu, illərdir gözlədiyimiz, hər xoş anımızda belə qəlbimizdə yanğısını hiss etdiyimiz işğalın sona çatmasının, artıq soydaşlarımızın əzəli torpaqlarımıza geri döndüyünün və orada əbədi qalacağının sübutu idi. İki il əvvələ qədər bu hadisələr bizim üçün qeyri-müəyyən gələcəkdə baş verə biləcək uzaq ehtimal kimi görünürdü. Hətta bir çoxları elə düşünürdü ki, Azərbaycan artıq işğalla barışıb və heç vaxt yenidən Qarabağa, Zəngəzura qayıtmayacaq. Reallıq isə göstərdi ki, Azərbaycan xalqı öz doğma torpağının işğalı ilə əsla barışmayıb və canını, qanını fəda etməyə hazırdır ki, ərazi bütövlüyünü bərpa etsin, öz yurd yerinə qayıtsın. Bu günsə artıq bu proses başlayıb, “Böyük Qayıdış”a start verilib. Təəssüf ki, bu proses arzu olunan qədər sürətlə getmir. Buna səbəb isə Ermənistan tərəfindən hələ də davam etdirilən mina terrorudur. Məlumdur ki, ölkəmiz hazırda ən çox mina ilə çirkləndirilən ölkələrdən biridir. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı torpaqlarımızda bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Ancaq hər halda biz gözləməyə hazırıq. 27 il işğalın sona çatmasını gözləyən xalqımız, torpaqlarımızın təmizlənməsini və orada yeni həyatın qurulmasını gözləməyə də hazırdır. Təki vətən torpağı düşmən tapdağı altında qalmasın.

Zəngilanla bağlı fikir səsləndirərkən şəhərin tranzit və turizm potensialından bəhs etməmək mümkün olmur. Hazırda şəhərdə bu istiqamətdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ötən ilin 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilanda çox önəmli bir layihənin, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Bu layihə ilə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz paçası olan Naxçıvan Muxtar Respublikasının birbaşa əlaqəsi təmin olunacaq və Naxçıvan uzun illər davam edən blokadadan çıxacaq. Layihənin bizim üçün daha bir əhəmiyyəti ondan ibarətdir ki, bu layihə ilə xalqımız tarixi torpaqlarına qayıdış imkanı əldə edəcək. Zəngəzura qayıdışımız iqtisadi əsaslarla baş tutacaq. Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin icrası türk dünyasının da birləşməsini təmin edəcək çox böyük və dəyərli bir layihədir. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Beləliklə, Zəngilandan başlayacaq bu layihə gələcəkdə sadəcə ölkəmizə yox, bir çox dövlətlərə xeyir gətirəcək və rifah vəd edəcək bir vasitəyə çevriləcəkdir. Bu gün Zəngəzur dəhlizinin icrası ilə bağlı Ermənistan tərəfi tarixi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışsa da Azərbaycan buna heç vaxt icazə verməyəcək. Ölkə başçımızın da dediyi kimi Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Şübhə yoxdur ki, Zəngəzur dəhlizi bölgədə dayanıqlı sülhün və əməkdaşlığın əsas təminatçısına çevriləcəkdir.


Şəbnəm Eldarova
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə