Azərbaycan və Bolqarıstan - iki dost və strateji tərəfdaş

Azərbaycanla Bolqarıstan arasında hazırda sıx əlaqələr mövcuddur və bu əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir. Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Hər iki ölkə arasında Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. İki dövlət arasında əməkdaşlıq münasibətləri Ulu öndər Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstana rəsmi səfərindən sonra daha da genişlənib. Azərbaycan və Bolqarıstan arasında bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Möhtərəm Prezident cənab İlham Əliyev hər zaman Azərbaycan–Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi önəm verib. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığa mühüm töhfə verərək, Azərbaycan-Bolqarıstan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri ölkələr arasında münasibətlərin çox sürətlə inkişaf etdiyini, əlaqələrin dinamik və intensiv xarakter daşıdığını bir daha sübut edir. Eyni zamanda, bu səfərin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi də xususi əhəmiyyət kəsb edir. Bu səfər, cənab Prezident İlham Əliyevin Bolqarıstana sayca dördüncü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005-ci və 2015-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu ildə) səfər edib. Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olması mövqelərimizin hər zaman üst-üstə düşməsinə gətirib çıxardır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətimizin başçısı oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərək Azərbaycan qazının iki ildir ki, Avropa bazarlarına çıxdığını və indi isə Bolqarıstana daxil olduğunu vurğulayaraq bu layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını qeyd etdi. Eyni zamanda cənab Prezident İlham Əliyev Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizinin qitə üzrə ən böyük infrastruktur layihələrindən biri olmasını, Azərbaycanın Cənub Qaz Dəhlizini başlayan tərəf olmasını qeyd edərək, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz yatağı olmasını, lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilatın bu yaxınlarda başlayacağını və təchizat həcmlərinin artırılmasına töhfə verəcəyini xüsusi vurğulamışdır.

Uzun illər Azərbaycan Avropa bazarında etibarlı neft təchizatçısı olması ilə yanaşı eyni zamanda, hazırda Avropanın etibarlı qaz təchizatçısına çevrilir. Ölkəmiz tezliklə Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına növbəri səfəri Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün yeni əməkdaşlıq imkanlarının yaratmasına gətirib çıxaracaqdır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə