Tariximizin 44 şanlı günü ŞƏRH

Tarix boyu özünü qəhrəman xalq kimi isbatlamış, tarixin bütün səhifələrində dünyaya öz sözünü demiş xalqlarda olduğu kimi, bizim cəmiyyətimizdə də şəxsiyyətin sosiallaşmasını səciyyələndirən cəhətlərdən biri də xalqın, toplumun çətin məqamlarda düşmənə qarşı tez bir vaxtda birləşə bilməsi, yadelli işğalçılara qarşı mübarizə ruhunda səfərbər olmağı bacarmasıdır. Ümumiyyətlə, vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. 2020 - ci ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır.

Neçə illərdən bəri Azərbaycan Prezidenti, Ali Baş Komandan çıxış və müsahibələrində açıq-aydın mesajlar verirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik. Təəssüf ki, həmsədr ölkələr öz fəaliyyətləri dövründə "hüquq" və "ədalət" ifadələrini sadəcə sözdə dilə gətirməklə kifayətləndilər. Ötən 28 il ərzində dəfələrlə müşahidə olundu ki, beynəlxalq hüququn və ədalətin bərqərar olunması həmsədr ölkələr üçün elə də önəmli deyil. Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində bildirdiyi kimi, "...bəzi hallarda BMT Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir". Lakin onlar bilmirdilər ki , Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Sonunda, düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə başlanan hərbi əməliyyatlar və 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun və status-kvo kökündən dəyişsin. Biz bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin xain düşmənin təxribatları və iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi.

Bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Dövlət başçısının sərəncamı ilə "Yaşat" Fondu yaradılıb. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını həyata keçirir. Bununla yanaşı, hər bir vətəndaşımız, hər bir soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışırlar. Şanlı tarix yazan bu qəhrəmanlarımız böyüyən yeni nəslin vətənpərvərlik ruhunda sosiallaşma prosesində böyük rol oynayacaqlar. Xain erməni istilaçılarından azad etdiyimiz ərazilərimizdə günəş yenidən doğacaq, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanacaq, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönəcək.Hazırki dövrdə yaşadığımız reallıq qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallaşdıran şanlı Azərbaycan Ordusuna eşq olsun! Biz həqiqətən birlikdə güclüyük.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç. 23” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə