Tərtərdə şəhidlərin Anım Günü qeyd olunub FOTOLAR

28 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, təşkilatının əməkdaşları- Əli Paşayev, Gündüz Alıkişiyev , Rayon Statistika İdarəsi Ərazi Partiya Təşkilatının sədri Ədalət Məmmədov, YAP fəalları , şəhid ailələri, ictimaiyyət nümayəndələri , məktəb kollektivi və kənd sakinləri 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Tərtər rayonunun Qaynaq kəndindən olan şəhidimiz Məhərzadə Taleh Oktay oğlunun anım günü ilə əlaqədar məzarını ziyarət etmiş, qəbri üzərinə gül- çiçək dəstələri düzmüşlər. Sonra şəhidin ailəsini ziyarət etmişlər. Görüşdə Məhərzadə Taleh Oktay oğlunun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilmişdir. Qeyd edək ki, Məhərzadə Taleh Oktay oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Sonra təşkilatın əməkdaşları Tərtər şəhərində yaşayan, mülki şəhid Əliyev Mehman Sovet oğlunun ailəsinə baş çəkmiş , onların problemləri və qayğıları ilə maraqlanmışlar. Tərtər şəhər Uşaq musiqi məktəbinin müəllimi olmuş Şəhid Mehman Əliyev Vətən müharibəsinin başlanmasının ertəsi günü düşmənin şəhərə atdığı mərminin partlaması nəticəsində həyatını itirmişdir. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə