“Bizim sərhədlərimiz delimitasiya olunmamış heç kim deyə bilməz ki, o haradan keçir”
“Bu bayraq burada əbədi dalğalanacaq!”. Həmin tarixi ifadələr Prezident İlham Əliyevin işğaldan azad edilmiş Laçın şəhərində səsləndirdi. O cümlədən, dövlət başçımızın yüksəltdiyi bayrağımız daha bir mühüm mərhələnin anonsunu verdi. Bayraq qarşısında çıxış edən Müzəffər Ali Baş Komandanımız qarşıda dayanan perspektivlərdən danışdı, eləcə də Cənubi Qafqazda sülhün təmin olunması planlarını irəli sürdü və xüsusilə vurğuladı ki, artıq bundan sonra heç bir qüvvə bu planların realizə olunmasına mane ola bilməyəcək. Söz yox ki, bizə dost münasibəti bəsləməyən bütün qüvvələr bu gerçəkliyi, bu həqiqəti anlamalıdırlar.
O cümlədən, Laçın şəhərində bayrağımızı ucaldan Prezident bu hadisəni tarixi olay kimi qiymətləndirdi. Dövlət başçımız vurğuladı ki, Laçın şəhərinin azad edilməsi tarixdə qalacaq.
Əgər Ermənistan bizə qulaq assaydı...
Beləliklə, ölkə rəhbərimiz çıxışı zamanı ən mühüm mesajını verdi: Azərbaycan hər zaman sülh istəyib, ona doğru can atın və əgər kimlərsə bunu istəməyiblərsə, işğal etdikləri ərazilərdən çıxmaqdan imtina ediblərsə, ardıcıl olaraq silahlı təxribatlar törədiblərsə bu heç də Azərbaycanın günahı deyil. Ancaq bu gün də “Dəmir yumruq” öz gücündə və hazır vəziyyətdədir və başqa yol qalmadığı halda o yenidən düşmənin başını əzəcək!
Məhz bu baxımdan, Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, əgər Ermənistan bizə qulaq assaydı onda İkinci Qarabağ məsələsi olmaya da bilərdi. “Əgər Ermənistan öz istəyi ilə bizim torpaqları azad etsəydi, müharibə baş verməzdi”, deyə dövlət başçımız qeyd edib. Həmçinin, daha bir mühüm nüans budur ki, Prezidentin sözləri birbaşa ünvana istiqamətləndirib - əsasən də 44 günlük müharibədə öz yaxınlarını itirən ermənilərə. Axı bütün bunlar olmaya bilərdi, əlbəttə ki, erməni faşizmi və şovinizmi olmasaydı. Üstəlik, 44 günlük müharibəyə qədər də İlham Əliyev bu barədə öz xəbərdarlıqlarını edirdi...
Lakin təəssüf ki, erməni tərəfi hələ də müharibədən sonrakı yeni reallıqları qəbul etmək fikrində olmadığını müxtəlif əməlləri ilə nümayiş etdirməkdədir. Bu oyunbazlıqların isə Ermənistana hər hansı müsbət nə isə verəcəyini ümumiyyətlə ehtimal etmək mümkün deyil. Dövlətimizin başçısı bu məsələdə əsas problemi də qabardıb: ermənilər sülh sazişinin imzlalanması prosesini gecikdirir və açıq-aşkar həmin nəyi isə dəyişməyə hazırlaşmadıqlarını göstərirlər.
İlham Əliyev bir daha sülh prosesinə xələl gətirməyə cəhd göstərən erməni oyunbazlarına xəbərdarlıqlarını göndərib
“Biz Ermənistanla sülh sazişinin imzalanması üçün 5 prinsip irəli sürdük. Onlar sözdə bu prinsipləri qəbul etdilər, ancaq əməldə biz bunu görmürük”, deyə Prezident İlham Əliyev xatırladıb. Və məhz bu ifadəsi ilə İlham Əliyev bir daha sülh prosesinə xələl gətirməyə cəhd göstərən erməni oyunbazlarına xəbərdarlıqlarını göndərib. Fakt budur ki, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı işçi komissiyası yaradılıb, ancaq Ermənistan prosesin irəliləməsi üçün heç nə etmir, ortada isə heç bir praktiki nəticə mövcud deyil.
O cümlədən, Azərbaycana qarşı ədalətsiz mövqe göstərən bəzi beynəlxalq dairələr də rəsmi Bakıya suallar ünvanlamaqdansa həmin suallarını Ermənistana, rəsmi İrəvana doğru yönəltməlidirlər ki, nəyə görə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir? Ermənistan tərəfi imzalanmış üçtərəfli bəyanatın heç bir bəndinə əməl etmir. Halbuki, Azərbaycan Zəngilana qədər dəmir yolunu çəkib və avtomobil yolu da bu çərçivədədir. Ölkə başçımız vurğulayıb ki, gələn ilin sonuna qədər bu yollar Ermənistanla sərhədə qədər inşa ediləcək. Ancaq Ermənistan ərazisində heç bir işlər aparılmır və bu da göstərir ki, onlar heç nə etmək fikrində belə deyillər, vaxtı uzatmaqla məşğuldurlar. Məhz bu baxımdan, İlham Əliyev haqlı olaraq Ermənistana və onun havadarlarına sual edir və aydınlaşdırır ki, Azərbaycan nəyə görə Ermənistandan nələri isə tələb etməli və səbəblərini soruşmalıdır. Əks halda isə Azərbaycan bütün bunların realizəsi üçün Ermənistanı gərəkli addım atmağa məcbur da edə bilər. Hər halda burada nalaşılmayan heç nə yoxdur – Ermənistan prosesi uzatmaq oyunbazlıqlarından birdəfəlik əl çəkməli və regionda sülh prosesinin əldə olunması üçün təxribatlara yol verməməlidir!
Bütün Qarabağın və Zəngəzurun onlara qalacağını düşünürdülər...
Həmçinin, delimitasiya prosesində də heç bir tərəf Azərbaycanı ittiham edə bilməz. Prezidentin daha bir tezisi ondan ibarətdir ki, kimlərsə, hansısa anti-Azərbaycan mövqeyi tutan dairələr ölkəmizi “aqressiyada” ittiham edirsə kökündən yanılır. Əgər Ermənistan Prezidentimizin sözlərinə görə bizi ittiham edərək onun ərazisinə daxil olduğumuzu iddia edirsə bu ümumiyyətlə, əsassız fikirlərdir.
Prezident İlham Əliyev vurğulayıb ki, əgər sərhəd onların iddia etdikləri yerlərdə olubsa, bu zaman həmin ərazilərdə sərhəd hasarlarını çəkərdilər, kommunikasiyalarını qurub, mühəndis işlərini aparardılar. Onlar bütün Qarabağın və Zəngəzurun onlara qalacağını düşünürdülər. Məhz bu baxımdan da Azərbaycan-Ermənistan sərhədləri boyunca heç bir işlər görməyiblər.
“Yəni bizim sərhədlərimiz delimitasiya olunmamış heç kim deyə bilməz ki, o haradan keçir”, deyə Prezident İlham Əliyev vurğulayıb.
İrəvanın əsassız iddialarına qarşı Bakının əlində sənədli-sübutlu xəritələr mövcuddur
Ancaq hər şeyə rəğmən, Azərbaycan bir daha sübut edir ki, o danışıqlara hazırdır və sərhədlərin müəyyənləşdirilməsi, eləcə də sülhün əldə olunması üçün prosesin irəliləməsi tərəfdarıdır. Habelə, İrəvanın əsassız iddialarına qarşı Bakının əlində sənədli-sübutlu xəritələr də mövcuddur.
“Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”, deyə Prezident İlham Əliyev vurğulayıb.
Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bir daha öz bəyanatını irəli sürdü və bununla sübut etdi ki, Azərbaycan həqiqətən də Ermənistanla sülhün əldə olunmasına, dialoqa hazırdır. Və Ermənistan bəlkə də sonuncu şansından istifadə etməli və bu şansını əlindən buraxmamalıdır!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB