Baş verənlərin bütövlükdə bölgəmizə mənfi təsirlər göstərməməsi, daha böyük insan tələfatlarının baş verməməsi üçün siyasi-münbit yollar axtarılmalıdır
Sirr deyil ki, qonşu İran İslam Respublikası dünyanın maraq kontekstində kifayət qədər həssas coğrafiyada yerləşir və eyni zamanda, bu ölkədəki siyasi quruluşun bir sıra məqamları da zaman-zaman insanların sosial və s. tipli narazılıqlarına səbəb olur, habelə ölkədaxili çalxalanmalar da yaşanır. Ümumiyyətlə, xatırlada bilərik ki, son proseslərlə yanaşı, İranda daha əvvəllər də ciddi narazılıqlar böyük etirazlarla müşahidə edilib, hətta hadisələr hakimiyyətin güc strukturları daxil çoxsaylı insan tələfatları ilə nəticələnib. İddialar var ki, cərəyan edən olaylarda Qərb dairələrinin də təsirləri mövcuddur. Lakin əsas etirazçı cinahlar İranın ictimai-siyasi fəalları və qollarıdır ki, məhz sosial narazılıqlardan doğan məsələlər axarlı şəkildə siyasi narazılıqlara transfer olunur. Eyni zamanda, bu narazılıqlarda milli azlıqların da rol oynaması istər-istəməz öz sözünü deməkdədir.
Bu narazılıqlar, əsasən, sosial etirazlarla əlaqəlidir
Beləliklə, İran təxminən beş-on ildən bir titrəyir və bu faktor sanki ənənə şəklini alıb. Ölkədə kiçik və böyük təlatümlər baş verir. Budəfəki etirazlar müqəddəs Məşhəd şəhərindən başladı və çox sürətlə paytaxt Tehran olmaqla, digər şəhərlərə - Təbrizə, Urmiyaya, Ərdəbilə, Rəştə və s. yayıldı. Maraqlıdır ki, soydaşlarımızın ən çox yaşadıqları bölgələrdə digər milli azlıqlar da bir araya gələrək etirazlarda bir-birlərinə ardıcıl dəstəklər göstərirlər. Üstəlik, güc strukturları ilə insanlar arasında qarşıdurmalarda təəssüf ki, çoxsaylı ölüm hadisələri də baş verib. Bununla paralel olaraq polis və s. güclərin bir qisminin etirazçı qismə qoşulmaları barədə də məlumatlar var.
Ancaq hər şeyə rəğmən, bu narazılıqlar, əsasən, sosial etirazlarla əlaqəlidir. Xüsusilə, hicab etirazlarından başlayan təlatümlər də belə qənaətə gəlməyə zəmin yaradır. 22 yaşlı gənc qızın ölümü isə bu proseslərə təkan verdi.
Məsələ bəzi məqamlarda sosial cəhətdən siyasi cəhətə doğru inkişaf etməkdədir
Başqa tərəfdən, etiraz yürüşlərində siyasi şüarlar da səsləndirilir. Məsələn, rəsmi Tehranın Qüds və Suriya məsələsində fəallığı əleyhinə şüarlar eşidilir. Bu isə həm də belə deməyə əsas verir ki, artıq məsələ bəzi məqamlarda sosial cəhətdən siyasi cəhətə doğru inkişaf etməkdədir. Belə ki, bir sıra iranlı siyasi şərhçilər iddia edirlər ki, baş verən hadisələri İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətlərin müəyyən dairələri həyata keçirirlər. Misal üçün, iddialar irəli sürülür ki, əgər İsrail kəşfiyyatı İranın daxilində nüvə çalışmaları aparan alimləri neytrallaşdıra bilibsə, bu ölkənin daxilində narazılıq yaratmaq kimi planı da hərəkətə gətirə bilərdi və s.
İran regional dövlət olaraq tarixlərdən bəri coğrafiyamızda yer alır...
Ancaq digər tərəfdən, İranın regional siyasətində mövcud olan bəzi məqamlar həm də belə nəticələr hasil edir ki, bu ölkədə yaşayan 40 milyonluq azərbaycanlıların taleyinə də biganə qalına bilinməz.
O cümlədən, Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi də narahatedici məsələlərdəndir. Lakin bu, o demək deyil ki, İranda baş verənlər davam etməlidir, əksinə, qanlı-qadalı hadisələrin qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. İran regional dövlət olaraq tarixlərdən bəri coğrafiyamızda yer alır və bu prinsipləri nəzərə almaqla deyə bilərik ki, həmin hadisələrin bütövlükdə bölgəmizə mənfi təsirlər göstərməməsi, daha böyük insan tələfatlarının baş verməməsi üçün siyasi-münbit yollar axtarılmalıdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB