"Vəziyyətin gərginləşməsi informasiya müharibəsini gücləndirə bilər" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan mətbuatı ənənəvi olaraq Azərbaycana qarşı anti-Azərbaycan siyasətini hər zaman davam etdirib. Bu siyasət bu gün də hiss olunur". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, xüsusilə son dövrlər baş verən proseslər fonunda biz bunu aydın müşahidə edə bilirik: "Əlbəttə ki, bunun iki səbəbi var. Birincisi, ölkə daxilində mövcud olan revanşist qüvvələrin bu işdə əlinin olması qaçılmazdır. İkincisi isə xarici güclərin Ermənistanda olan dayaqlarının da burada rolu böyükdür. Həmin qüvvələr Ermənistan mətbuatını manipulyasiya edərək Azərbaycana qarşı dezinformasiyaların yayılmasında maraqlı olduqlarını göstərirlər.

Məsələ burasındadır ki, Azərbaycan son dövrlər Ermənistana çağırış edərək sülh və sabitlik məsələsini müzakirə etməyi təklif edib. Azərbaycan tərəfi dialoqun qurulmasını və gələcəkdə regionda, ümumiyyətlə bölgədə sülhün əldə edilməsi üçün addımların atılmasını tələb edib. Bütün bunların fonunda görünən mənzərə ondan ibarətdir ki, həm dövlətin əlində olan media resursları, həm də xarici güclərin imkanları ilə formalaşan media resursları Azərbaycana qarşı dezinformasiyaları daha da gücləndirirlər. Bu da Azərbaycan ilə Ermənistan arasındakı vəziyyəti daha da gərginləşdirir. Düşünürəm ki, Ermənistan tərəfi əvvəlcə bu təxribatçı əməllərindən əl çəkməlidirlər. Əks halda proseslər çıxılmaz bir hal ala bilər. Bu da nəticə etibarilə tərəflər arasındakı informasiya müharibəsini daha da gücləndirə bilər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...