“Armenianreport” Nikol Paşinyanın kadr siyasətini hədəfə aldı ŞƏRH

“Armenianreport” Nikol Paşinyanın kadr siyasətini hədəfə aldı ŞƏRH

“Mühüm vəzifələrdə təsadüfi adamlar oturublar”

“Təəssüf ki, Nikol Paşinyan hökumət başçısı olması ilə yüksək vəzifələrə təyin etdiyi kadr seçimi məsələsini çox pis bilir. Və bu, ilk növbədə onun şəxsi reytinqinə güclü təsir edir”. SİA xəbər verir ki, bununla bağlı armenianreport saytında mövzu ilə bağlı yazılan məqalədə qeyd olunur.

Məqalənin müəllifi Tevos Arşakyan misal gətirərək hazırkı vaxta qədər Paşinyanın təyin etdiyi uğursuz kadrlarını sadalayır. SİTAT: “Məsələn, götürək bizim vəziyyətdə ən mühüm idarəni – Müdafiə nazirliyini. 2018-ci ildə mənim söhbət etdiyim bir çox zabit kadrları Paşinyanın Tonoyanı müdafiə naziri vəzifəsinə təyin etməsindən şok keçirdiklərini bildiriblər. Kim olursa-olsun, amma David Edqardoviçin müdafiə naziri təyin olunması ümumiyyətlə ağıla sığan məsələ deyildi, özü də Ermənistanın Azərbaycan və Türkiyə ilə həll olunmamış problemləri qala-qala. Peşəkar hərbçilərin təlaşları əbəs deyildi – onun vaxtında orduda müdafiə nazirliyinin əvvəlki rəhbərliyi tərəfindən qalmış korrupsiya, dedovşina və kriminal qaydalar davam edirdi. Və əlbəttə ki, bu cür müdafiə naziri ilə Ermənistanın Azərbaycanla müharibədə uduzmasından təəccüb etməyə dəyməz. Paşinyan çox gec anladı ki, Tonoyan kimdir. Ona görə də istintaq altında olan eks-müdafiə nazirinə görə təəssüf hissi keçirmir”.

Müəllif qeyd edir ki, Tonoyandan sonra təyin edilən müdafiə nazirləri də uğursuz oldular – Arutyunyan, Karapetyan və Papikyan daha böyük uğursuzdurlar. SİTAT: “Nəticədə bizim ordu zəifləməyə davam edir, azərbaycanlılar isə daha çox üstümüzə gəlirlər. Eyni ilə kədərli olay Baş qərargah rəisləri ilə də bağlıdır. Siyasətə başları qarışan generallar hər şey haqqında düşünürlər, bircə ordudan başqa”.
Məqalə müəllifi Arşakyan digər kadrların uğursuzluqları barədə də söhbət açıb. SİTAT: “Milli Təhlükəsizlik Xidməti ilə də hər şey aydın və kədərlidir. Vanetsyan, Kərəmyan, Ambarsumyan, Abazyan xüsusi xidmət rəhbərləri kreslosunda özlərini çox uğursuz nümayiş etdirdilər. Vanetsyan ümumiyyətlə öz danışıqlarını Paşinyanın rəqiblərinə eşitdirməyə imkan yaratmaqla böyük səhvə yol verdi, özü də Rusiya Federasiyasının xüsusi xidmət qurumlarının yardımı ilə. Belə səhvlərə görə istənilən sivil ölkədəki xüsusi xidmət orqanlarının rəhbərləri dərhal öz vəzifələrindən atılırlar, bizdə isə Vanetsyan Paşinyanla söyüşüb müxalifətə keçənə qədər öz vəzifəsində qaldı. Hansı ki, orada da heç bir gözəgörünən uğura nail ola bilmədi.

Kərəmyandan danışmaq isə ümumiyyətlə utancvericidir – bu gənc adam uzağı MTX-nin ya da polisin operativ əməkdaşı kimi işləyə bilərdi. MTX-nin son iki rəhbərləri ölkəmizin təhlükəsizliyi və müdafiəsində gördükləri işləri ilə bağlı qürrələnə bilməzlər”.

Armenianreportun analitiki Paşinyanın daha bir kadr təyin etmə uğursuzluğuna toxunub. SİTAT: “Paşinyanın daniyalı erməni Tatevik Revezyanı mülki aviasiya komitəsinə təyin etməsi də bu xüsusdandır. Gənc qız ona etimad olunmuş idarənin işini yüksəltməsi yerinə oranı rekord vaxtlarda məhv etməyə nail oldu, hansı ki, həmin müddət ərzində o ərə gedə və uşaq doğa bilərdi...”

“Lilit Makunts isə heç bir diplomatiya işinə bələd olmadığı halda ABŞ-a səfir təyin olundu, nədir ki, o ingilis dilini bilir və Paşinyanlar ailəsi ilə dostluq edir. O, Vaşinqtonla işləri iflasa uğratdığı kimi Amerikadakı erməni təşkilatları ilə də münasibətləri korladı. Nəticədə amerikalıların ağıllarını türklər və azərbaycanlılar əldə edirlər, özü də yəhudilərin dəstəyi ilə”, deyə erməni analitiki iddia edir.

Tevos Arşakyan Paşinyanın kadr siyasətindəki uğursuzluqları ilə bağlı daha sonra yazır ki, ölkədə kadr bankı ilə aparılan işlər də nəticəsizdir. Bunun səbəbi olaraq yüksək peşəkarlıq klasifikasiyalarına və təşkilatçılıq ənənələrinə malik olan erməni vətəndaşları işsiz qalır, xarici ölkələrə mühacirət etməyə məcbur olurlar. SİTAT: “Xaricdə isə onlar öz bacarıqlarını Ermənistan üçün deyil, yeni vətənləri üçün sərf edirlər. Mühüm vəzifələrdə isə bizdə təsadüfi adamlar oturublar. Onların yeganə xidmətləri Paşinyana sədaqətli olmalarıdır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə