Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına rəhbərliyi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verir TƏHLİL

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına rəhbərliyi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik”

Azərbaycan üzv olduğu hər bir təşkilatda daim öz fəallığı, təşəbbüsləri ilə seçilir. Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmasına baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Qeyd etmək lazımdır ki, ədalətlin, sülh və təhlükəsizliyin təmin olunması hər zaman aktual olub. Əfsuslar olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi mühüm prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılmır. Buna görə bu gün dünyada müharibələr, münaqişələr baş verir. Bütün bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir. Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi. Artıq 5 il sonra, yəni 2016–cı ildə 120 ölkə yekdil dəstəyini göstərdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə göstərilən böyük hörmət və fəaliyyətimizə verilən yüksək qiymətdir.Ölkə başçısının təşəbbüsləri dünya miqyasında böyük maraqla qarşılanıb və müasir dövrün çağırışlarına tamamilə adekvat olduğu üçün ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Azərbaycan Prezidenti pandemiya dövründə yaranan bir sıra problemləri beynəlxalq tribunalardan dəfələrlə səsləndirib və peyvəndlərin ədalətsiz bölgüsü hallarına qarşı xüsusilə diqqət çəkib. Belə ki, Azərbaycan ilk gündən pandemiya ilə effektiv şəkildə mübarizə aparan ölkələr sırasındadır. Azərbaycan təkcə yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də pandemiya ilə effektiv mübarizəyə mühüm töhfələr verib. Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü çoxsaylı təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasında COVİD 19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi, habelə ötən il mart və dekabr aylarında BMT İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamələrin qəbul edilməsi məhz Azərbaycan Prezidenti tərəfindən Qoşulmama hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Bununla yanaşı, həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım edib.

AZƏRBAYCANIN SƏDRLİYİ İLƏ “PEYVƏND MİLLƏTÇİLİYİ”NƏ QARŞI EFFEKTİV MÜBARİZƏ

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsi olmaqla, həm də Azərbaycanın Hərəkata ədalətli yanaşmasının növbəti təzahürü oldu. Belə ki, dünyada istehsal olunan peyvəndlərin mütləq əksəriyyətinin zəngin dövlətlər tərəfindən alınmasından narahatlıq ifadə olunan bu termin azgəlirli və ya az inkişaf etmiş olaraq qiymətləndirilən ölkələrin öz əhalisini qorumaq imkanlarından məhrum olduqlarını bildirir. Bu isə həlli vacib olan önəmli bir problemdir. Aydındır ki, pandemiyadan sadəcə bir neçə ölkənin özünün xilas etməsi ümumi “zəfər” baxımından heç nə ifadə etmir. Yalnız dünyanın yekdil qələbəsi, yəni zəngin və az inkişaf etmiş ölkələrin hər birinin pandemiyadan can qurtarması ümumi rifaha gətirib çıxara bilər. Buna görə də bütün ölkələr məsuliyyətlə davranmalı və özü qədər digər dövlətlərin də peyvənd əldə etmə haqlarına hörmət etməlidir. Qeyd edək ki, ölkə başçımız bu fikirləri dəfələrlə səsləndirmişdir. Və Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdü və həmin qətnamə yekdilliklə qəbul edildi.

AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATINA ÜZV ÖLKƏLƏR ARASINDA HƏMRƏYLİYİN GÜCLƏNDİRİLMƏSİNƏ XÜSUSİ ÖNƏM VERİR

Qeyd edək ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın hər bir təşəbbüsü əməkdaşlığın inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada əks qütblər arasında birliyin, həmrəyliyin yaradılmasına xidmət edir. Bu baxımdan ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin müzakirə üçün seçdiyi mövzu da bu kimi məqamlara aydınlıq gətirir. Bakı konfransında Qoşulmama Hərəkatının üzv dövlətlərinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”nə öz töhfələrini verəcəklərinə əminlik ifadə edildi.”Göründüyü kimi, hər zaman qlobal təşəbbüslər müəllifi İlham Əliyevin irəli sürdüyü daha bir təklif reallığa çevrildi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən birmənalı olaraq təqdir edilib.Bu, bir daha təsdiq edir ki, Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir, hətta onun artıq təşkilata çevrilməsi istiqamətində vacib addımlar atır. Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı çıxışı zamanı onu da bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib: «Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəyəm».

"BU GÜN QOŞULMAMA HƏRƏKATININ TARİXİNDƏ ÇOX VACİB GÜNDÜR, BİZ BAKIDA PARLAMENT ŞƏBƏKƏSİNİN ƏSASINI QOYURUQ"

Bir sözlə, Bakı konfransı Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, «Azərbaycanın irəli sürdüyü və üzv ölkələrin dəstəklədiyi digər təşəbbüs Qoşulmama Hərəkatının Nyu-Yorkda dəstək ofisinin açılmasıdır. Düşünürəm ki, indi institusional inkişaf üçün daha çox addımlar atılması üçün doğru vaxtdır, qarşılığında bu bizə beynəlxalq arenada öz maraqlarımızı qorumağa yardım edəcək və əlbəttə ki, bizim ölkələrimiz arasında həmrəyliyi gücləndirəcək»

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə