Türk birliyinə böyük töhfə verən tarixi səfər ŞƏRH

XX əsrin sonlarından başlayaraq ortaq tarixə, dinə, dilə eyni etnik kökə, mədəniyyətə sahib olan türkdilli ölkələr arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Türkdilli ölkələr arasında çoxtərəfli formatda qurulan əlaqələr bu gün uğurla inkişaf etdirilir. 1992-ci ildə türkdilli ölkələrin birinci “Zirvə” görüşü keçirildikdən sonra ölkə liderləri bir araya gələrək əməkdaşlığın yeni əsas istiqamətlərini müəyyənləşdirdilər və məhz bundan sonra dost, qardaş ölkələr arasında iqtisadi, mədəni, siyasi və digər sahələrdə münasibətlər sürətlə inkişaf etməyə başladı. Müstəqillik qazanıldıqdan sonra Azərbaycanla qardaş Özbəkistan arasında münasibətlər 1995-ci ildə quruldu. Bundan bir qədər sonra hər iki qardaş ölkədə səfirliklər fəaliyyətə başladı. 1996-ci ildə Özbəkistanın o zamankı Prezidenti İslam Kərimov cənabları ölkəmizə ilk dəfə səfər etdi və iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, eyni zamanda “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalandı. 1996-ci ilin oktyabr ayında Ulu Öndərimiz Heydər Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley tədbirində iştirak etmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçidi kimi qiymətləndirilir. Məhz həmin səfər zamanı Bakı və Daşkənd arasında 19 sənəd imzalanmışdır.

Ulu Öndər Heydər Əliyev siyası kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 2004-cü ildə Özbəkistanda dövlət səfərində olmuş və burada “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. İki ölkə arasında strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, ATƏT-in qərarlarının yerinə yetirilməsini qəti şəkildə dəstəklədiklərini bildirmişlər. Özbəkistan yeganə Mərkəzi Asiya ölkəsidir ki, BMT Assambleyasının 2008-ci ildə səsverməyə çıxardığı “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermişdir. Qardaş Özbəkistan həmişə haqqın - ədalətin yanında olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdir.

Prezident İlham Əliyevin iyunun 21-də qardaş Özbəkistan Respublikasına ikitərəfli münasibətlərin inkişafında böyük əhəmiyyət daşıyan dövlət səfəri tarixi bir səfər kimi qiymətləndirilir. Dost və qardaş olan iki ölkə arasında imzalanan sənədlər Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır, necə deyərlər, iki dövlət arasında qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xidmət edir. Görüş zamanı beynəlxalq və regional vəziyyətlə bağlı da dövlət başçıları tərəfindən fikir mübadiləsi aparılmış, çoxtərəfli intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələləri müzakirə edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hər bir sahədə olduğu kimi, türkdilli dövlətlərlə qardaşlıq, dostluq, mehriban qonşuluq əlaqələrində də özünü göstərir. Səfər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımdır. Əlbəttə ki, bu tarixi səfər bilavasitə türkdilli ölkələrin birliyinə, dostluğuna, qardaşlığına, əməkdaşlığına xidmət edir.

Ədalət Hüseynov

YAP Qazax rayon təşkilatı Poçtamt ərazi partiya

təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...