Enerji təhlükəsizliyinin təminatında AZƏRBAYCANIN VACİB ROLU – TƏHLİL

Enerji təhlükəsizliyinin təminatında AZƏRBAYCANIN VACİB ROLU – TƏHLİL

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir, daha dəqiq desək, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian & Gas” 2022 sərgisi artıq bu gündən öz işinə başlayıb və bu tədbirin əhəmiyyəti olduqca böyükdür. Sözsüz ki, bu tədbirin açılışı zamanı ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin iştirak etməsi onun əhəmiyyətinin nə dərəcədə olduğundan xəbər verir. Eləcə də bir sıra ölkələrdən yüzlərlə şirkətin iştirak etməsi tədbirin kifayət qədər böyük əhəmiyyətə malik olduğunu, həm də bütün dünyada marağa səbəb olduğunu təsdiqləyir.

Həqiqətən də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian & Gas” 2022 sərgisi Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir hesab olunur. Bakının bu tədbirə, bu sərgiyə ev sahibliyi etməsi isə təsadüfi deyil və xüsusi diqqətə layiqdir. Bu, əslində ondan xəbər verir ki, enerji təhlükəsizliyinin təminatında Azərbaycan vacib rola malikdir və bütün dünyada bu reallıq şəksiz-şübhəsiz qəbul edilir. Əks halda Bakının bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinin şahidi ola bilməzdik və çox sevindirici haldır ki, biz bu gün buna şahidlik edirik. Eləcə də bütün dünya ölkələri Azərbaycan paytaxtında bu tədbirin, bu mötəşəm sərginin keçirildiyini müşahidə edir və bu məqam ölkəmizin bütün dünyada nüfuzunun, rolunun, söz sahibi olmasının göstəricisi kimi dəyərləndirilir.

Bakı Enerji Həftəsinə, Serbiyanın və Moldovanın baş nazirlərinin müavinləri, ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru, Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri, İran İslam Respublikasının neft naziri, Beynəlxalq Enerji Forumunun baş katibi, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi, İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini, İndoneziyanın Neft və qazın baş direktoru, Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi, TANAP Konsorsiumunun baş direktoru olmaqla yüksək rütbəli qonaqların gəlməyi gözlənilir ki, bu da sərginin nə dərəcədə mötəbər olduğunu bir daha isbatlayır. Nəzərə çatdırmaq yerinə düşərdi ki, sadalanan yüksək rütbəli qonaqların gəlişinin gözlənilməsi tədbirin əhəmiyyəti barədə qeyd olunanların təsdiqidir. Eyni zamanda bu, ölkəmizə, Azərbaycana olan yüksək marağın, inamın, xüsusən də enerji təhlükəsizliyinin təminatında Azərbaycanin vacib rolunun olduğunun bütün dünyada qəbul edilməsinin sübutudur.

Diqqətə çatdıraq ki, Xəzər Neft və Qaz sərgisi ölkəmiz müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir və Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri keçiriləcək, eləcə də sessiyalar da, “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, “Energy Talks” sessiyaları: “Women in power”, “Bizimkilər”, “Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi” kimi aktual mövzuları əhatə edəcək, həmçinin iştirakçı şirkətlərin təqdimatları da olacaq. Bu isə o deməkdir ki, regionda neft-qaz sənayesinin əsas tədbiri, tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

Xatırlatmaq yerinə düşərdi ki, “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü zamanında məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən də dəstəklənib və o vaxtdan “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub və burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Bu isə öz növbəsində enerji təhlükəsizliyinin təminatı baxımından xüsusilə əhəmiyyətlidir və Azərbaycanın da bu məsələdə vacib rolu danılmazdır. Təsadüfi deyil ki, sərgi, məhz yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır və xüsusən hər il cənab Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusa malik olduğunu isbatlayır. ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxslərinin hər dəfə sərgiyə öz təbrik məktublarını göndərmələri isə uzun illər boyu uğur qazanılmasının təzahürüdür. Əlbəttə ki, ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə yenə də dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirir və bu qeyd olunan uğuru bir daha təsdiqləyir. Xüsusilə də sərgiyə bu gün Bakının ev sahibliyi etməsi enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunu, özü də vacib rolunu bir daha açıq şəkildə göstərir.

Əlbəttə ki, "Xəzər Neft və Qaz" adlı beynəlxalq sərgi və konfrans mühüm rola malikdir və qlobal enerji oyunçularının diqqətinin Azərbaycana yönəldilməsində xüsusən əhəmiyyətlidir. Təbii ki, bütün bunlar səbəbsiz və ya təsadüfi deyil və görünən odur ki, Azərbaycan davamlı enerji siyasətini uğurla həyata keçirir. Elə regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin məntiqi nəticəsidir ki, biz bunu müşahidə edirik. Bu gün görülən işlər, reallaşan tədbirlər onu deməyə əsas verir ki, Qarabağda işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təmini üçün bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları da genişlənəcək. Forumun möhtəşəm yekununun Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacağı da, 4 iyun tarixində Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcəyi də qeyd olunan həmin o əməkdaşlıq imkanlarının genişləndiriləcəyini xəbər verir. Ümumiyyətlə, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian & Gas” 2022 sərgisi enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq, mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan deməkdir ki, bu da enerji təhlükəsizliyinin təminatı baxımından Azərbaycanın rolunu daha da artırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə