"“Teknofest” Azərbaycanda istedadlı gənclər üçün əlavə stimuldur” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan və Türkiyənin növbəti birgə layihəsi “Teknofest Azərbaycan" uğurla reallaşmaqdadır. Festivalda həm Türkiyənin, həm də Azərbaycanın milli və yüksək texnologiyaları sərgilənir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq hər iki ölkənin bu sahədə imkanlarını genişləndirir: ““Teknofest” ilk dəfə Türkiyə hüdudlarından kənarda keçirilir. Bu ilkdə də qardaş Türkiyə Azərbaycanı seçdi. Festival texnologiyanın inkişafında əhəmiyyətli rola malikdir. Azərbaycanda reallaşan uğurlu təcrübə bu festivalın bütün Türk dünyasını əhatə etməsinə zəmin yaradır.

Bu tədbir ilk növbədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, eyni zamanda bu sahələrdə sahibkarlığın təşviq edilməsi baxımından da əhəmiyyət kəsb edir. Ən böyük üstünlüklərdən biri Azərbaycanda gənc smart nəslin formalaşmasına stimul olmasıdır. Üstəlik, Qarabağın işğaldan azad olunduğu bir vaxtda, bərpa prosesində gənclərin iştirakı zamanı belə bir festival əlavə imkanlar yaradır. Təsadüfi deyil ki, “Smart Qarabağ” Hakatonu çərçivəsində Azərbaycan və türkiyəli proqramçı, texnologiya həvəskarlarından ibarət 34 komanda “Ağıllı şəhər” konsepsiyası üzrə öz yenilikçi həllərini təqdim edirlər. “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit, təhlükəsizlik sahələrini əhatə edir. Qarabağın bərpasına töhfə vermək üçün hakaton iştirakçılarının 50 saat ərzində hazırlayaraq münsiflərə təqdim etdiyi ən yaxşı həll variantı və ya prototiplər işğaldan azad olunmuş ərazilərdə də tətbiq olunacaq”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, festival dövrün çağırışına uyğun olaraq, Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına da töhfədir: ““Teknofest” innovativ həllərlə çıxış edən Azərbaycan gəncləri üçün yerli və xarici investorlara yol tapmaq imkanıdır. Rəsmi məlumatlardan aydın olur ki, festivalaa qatılmaqla hətta dəyəri 1 milyard ABŞ dolları və ondan artıq olan startaplar reallaşdırmaq mümkündür.

Festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması da əsas üstünlüklərdən biridir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...