Sülhməramlı, Qarabağda hansı məramlı? - ANALİZ

Sülhməramlı missiyanın mahiyyəti, missiyası nədir? Bəzi hallarda bu barədə düzgün məlumat verilmir, yaxud yanlış anlaşılır, ya da ümumiyyətlə təhrif olunur. Azərbaycan müstəqillik əldə etdikdən, özünün ordusu yaranandan, dünya miqyasında tanınandan sonra planetimizin müxtəlif qaynar nöqtələrində BMT mandatı ilə İraqda, Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarda uğurla iştirak edib. Adına uyğun olaraq bölgədə, xidmət göstərdikləri qaynar nöqtələrdə qruplar, xalqlar arasında baş verən qarşıdurmaları önləmək, problemi aradan qaldırmaq üçün həyatlarını riskə atan Azərbaycan sülhməramlıları həm də neytrallıqlarını qoruyub saxlamağa çalışıblar. Və buna əksər hallarda əməl ediblər. Heç təsadüfi deyil ki, Azərbaycan sülhməramlıları beynəlxalq təşkilatlar tərəfindən daim təqdir olunublar.

Qeyd etmək lazımdır ki, BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər. Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya da var. Vəziyyətdən asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

– Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
– Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
– Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
– Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;
– Keçid dövrünün çətinlikliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;
– BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

1948-ci ildə yaradılan Birləşmiş Millətlər Təşkilatının, dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qarşısını almaq və ya qısamüddətli həllini təmin etmək üçün tərkibində olan hərbi-silahlı birləşmələr “Sülhməramlı Qüvvələr” adlanır. Baxmayaraq ki, insanların beynində BMT və onun tabeçiliyində olan qüvvələrin sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d'ivuar və s. kimi dünyanın onlarca qaynar münaqişə nöqtəsində vəziyyəti tənzimləməklə məşğul olub və bəzi yerlərdə bu əməliyyatlar bu günə qədər də davam edir.

Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu isə 1997-ci ildə yaradılıb. Daha sonra, Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib. 1997-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb.1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyətlər göstəriblər. Əfqanıstanda isə "Qətiyyətli Dəstək"əməliyyatı ötən ilə qədər davam etməkdə idi.

Azərbaycan Respublikası ordusu Kosovo əməliyyatından başlayaraq NATO şəmsiyyəsi altında əsas etibarilə qardaş ölkə olan Türkiyə ilə birgə hərəkət edib. 1999-cu il oktyabrın 20-də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kosovo Türk Taburu qüvvələri tərkibində Kosovoya gedəcək Azərbaycan birliyinin statusuna dair Sazişin Azərbaycan Parlamentində razılaşdırılmasından sonra Azərbaycan sülhməramlı birliyinin bir qrup hərbçisi bu istiqamətdəki vəzifələrinin icrasına başlayıb. NATO-nun baş katibi Azərbaycan sülhməramlı birliyinin roluna görə təşəkkür etmiş, “Kosovodakı 40 mindən çox sülhməramlı hərbçi içərisində Azərbaycan birliyinin xüsusi bir mövqeyinin olduğunu” vurğulayıb.

Azərbaycan hərbçiləri İraqda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət ediblər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 2003-cü ilin avqustun 15-dən 2008-ci ilin dekabrın 7-nə qədər 151 nəfər şəxsi heyətlə (120 nəfər əsgər, 16 nəfər gizir, 15 nəfər zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərirdi.

Azərbaycan Respublikasının NATO ilə birgə iştirak etdiyi fəaliyyətinin bir qismi də Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi ilə bağlı olub. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə sazişi Azərbaycan Respublikası Prezidenti Ümummilli Lider Heydər Əliyev 2002-ci il noyabrin 11-də imzalayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. Həmin ilin sentyabr ayında Prezident İlham Əliyev Əfqanıstana əlavə sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə göndərib. 2008-ci il oktyabrın 2-dən Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib.

Bəs 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda, xüsusən də ermənilərin indi yaşadığı Xankəndi və iki rayonda müvəqqəti yerləşdirilən, adına sülhməramlı deyilən, əslində isə tam fərqli missiya həyata keçirən Rusiya "sülhməramlıları" nə işlə məşğuldur?

Hazırda Qarabağda üçtərəfli bəyannaməyə zidd olaraq silhahlı, qanunsuz erməni silahlı birləşmələri fəaliyyət göstərir. Burada onların əsas planı Azərbaycana qarşı terror və təxribat həyata keçirməkdir. Bu təxribatlarda Azərbaycan əsir götürülən silhahlı erməniləri haqlı olaraq terrorçu kimi mühakimə edir. Bu, beynəlxalq hüquq çərçivəsinə uyğundur. Rusiya antiterror təlimlərdə maraqlıdırsa, ilk növbədə burada silahlı erməni birləşmələrinə qarşı və onların buradan çıxarılması üçün antiterror təlimi keçirilməlidir. Əgər silahlı erməni birləşmələrini çıxarsalar regionda sülhün və təhlükəsizliyin təminatı kimi çıxış edə bilərdilər. Bununla da Azərbaycan ictimaiyyətinin dəstəyini alardılar. Amma, Rusiya tərəfi vəziyyəti mürəkkəbləşdirir, sülhməramlı kimi deyil, birtərəfli olaraq ermənilərin müdafiəsini həyata keçirir. “Antiterror" adı ilə keçirilən təlimlərin əsas məqsədi burdakı hərbi kontingentin döyüş hazırlığını inkişaf etdirməkdir.

Atəşkəs rejiminin pozulması halları barədə məlumat toplamaq, bu məlumatları dərhal sülhməramlı qüvvələrin komandanlığına çatdırmaq, eyni zamanda tranzit nəqliyyatın təhlükəsizliyini qorumaq və mülki şəxslərə qarşı qanunsuz hərəkətləri durdurmaq vəzifəsi onlara həvalə edilib. Sülhməramlılar əməliyyat bölgəsində, sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələrinin vəzifələrini də yerinə yetirməlidirlər. Amma Azərbaycan ictimaiyyəti başqa, fərqli bir mənzərənin şahidi olur. Ötən il yarım müddət ərzində Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirmək əvəzinə səlahiyyət həddini aşaraq kənar işlərə qol qoyublar. Qanunsuz tikinti işləri, Rusiya dövlətinə və rus xalqına aid mərkəzlərin açılması, bölgənin ruslaşdırılması kimi neqativ işlərlə məşqul olmağa da rus sülhməramlıları vaxt tapırlar. Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindəki hərbçiləri 24 saat fasiləsiz Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkətini, sənədlərin və nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək əvəzinə hərbçilər daha çox ermənilərlə azərbaycanlıların təmasını maksimum dərəcədə əngəlləməyə çalışırlar. Əgər 5 il ərzində Rusiya sülhməramlıları iki xalq arasında etimad mühiti yaratmaq istəyirlərsə onda təmasların, əlaqələrin əngəllənməsi nə deməkdir? Hələ sülhməramlıları müvəqqəti xidmət apardığı ərazilərdə erməni silahlı birləşmələrinin tör-töküntülərinin hələ də mövcud olması bu missiyanın uğursuzluğundan xəbər verir. Bəzi rəqəmlərə görə, Rusiya sülhməramlılarının gözü qarşısında erməni silahlıları istədiyi "xidmət"i aparırlar. Ermənilərin Laçın dəhlizi ilə hərəkətinə heç bir maneə olmadığı, heç bir yoxlamadan keçmədiyi halda, azərbaycanlılara aid maşınların hərəkətinin əngəllənməsi, məhdudiyyətlərin qoyulması da narazılıq yaradan səbəblərdəndir.

Bəs "sülhməramlılar"ın bu addımında əsl məqsəd nədir? Ekspertlər buna müxtəşlif tərəfdən şərh edirlər. Bəziləri qeyd edir ki, Rusiya sülhməramlıları missiyalarına xələl gəlməməsi, iki xalq arasında təmasların baş tutacağı təqdirdə müəyyən anlaşılmazlıqların, hətta toqquşmaların baş verməməsi üçün bəzi tədbirlərin görülməsinə ehtiyac var. Digərləri isə Rusiya hərbçilərinin bölgədə daha uzun müddətdə qalması üçün bunu Moskvanın gedişi kimi təqdim edir. Başqa bir ekspertlər isə masada bəyanatın və bu bəyanatda konkret vaxtın olduğunu əsas gətirərək Rusiya sülhməramlılarının konkret məsuliyyəti olduğunu və bundan kənara çıxacağı təqdirdə sonucuna da qatlanacağı qənaətindədirlər.

Görünən isə budur ki, Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının missiyası kağız üzərində qalıb, rus hərbçilər daha çox erməni maraqlarından çıxış etməyə həvəsli görünürlər. Amma unutmamalıdırlar ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil, onun hər daşını, torpağının hər qarışını qorumağa qadir Müzəffər Ordusu var!

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...