Müstəqilliyi əldə etmək asandı, lakin qoruyub saxlamaq çətin! - DEPUTAT ŞƏRH ETDİ

"Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi: "1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi və bu hisslərlə yaşayan Azərbaycan övladı bu gün müstəqilliyini əldə etməyə nail oldu.

Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

Biz heç zaman unutmamalıyıq ki, müstəqilliyi əldə etmək asandı, lakin qoruyub saxlamaq çətin. Biz müstəqilliyimizi qorumaq üçün əlimizdən gələni etməli, lazım olsa bu yolda canımızdan belə keçə bilməliyik! Müstəqilliyimiz mübarək olsun!".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə