Artıq belə qənaətə gəlmək olar ki, əgər müharibənin aparılmasını müəyyən edən yazılmış qanunlar, konvensiyalar mövcuddursa, təəssüf ki, həmin qanun və qaydaları tapdalayan, tanımayan, rədd edən yazılmamış qanunları da var
Ukraynada baş verən hərbi-geosiyasi olaylar fonunda Şərq-Qərb qarşıdurmasının getdikcə şiddətlənməsi artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində, "bu xəmir hələ çox su aparacaq”. Əgər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda iddialar olunurdusa ki, paytaxt Kiyev bir həftəyə götürüləcək və ruslar orada hərbi parad keçirəcəklər, indi həmin iddialar tamamilə əks istiqamətə doğru yönəlib. Artıq ABŞ və Britaniya kimi ölkələrin hərbi dairələri də əldə etdikləri kəşfiyyat mənbələrinə əsaslanaraq dəqiq proqnozlar verməkdə çətinlik çəkirlər. Hansı ki, ötən həftənin əvvəlində müharibənin may ayında başa çatacağı bildirilirdisə, bu günlərdə Pentaqonun rəsmi açıqlamasında iki ölkə arasındakı savaşın aylarla (hətta daha çox!) davam edəcəyi barədə siqnallar verilməyə başlayıb. Görünən isə budur ki, nə Rusiya öz ambisiyalarından, nə də Ukrayna öz müqavimətindən geri çəkiləsi deyil.
Son vaxtlar hər iki tərəfdə çox kəskin aqressiya mühitləri yaranmağa başlayıb
Bir müddət əvvəl Türkiyənin Antalya və İstanbul şəhərlərində keçirilən görüşlər isə, ilk olaraq, müəyyən ümid qığılcımları yaradırdısa, eyni zamanda, həm Rusiya, həm də Ukrayna tərəflərindən ehtiyatlı fikirlər səslənirdisə, artıq bu gün müharibə reallığının get-gedə uzanması prosesi daha aydın şəkildə görünür və bütün bunlar, ilk növbədə, ukraynalılara çox ağır, sarsıdıcı zərbələr vurur. Yəni məsələ yalnız onda deyil ki, Ukrayna bir sıra yaşayış massivlərini, ərazilərini azad edə bilib, məsələ ondadır ki, ortada çoxsaylı günahsız, dinc insanlar, azyaşlı uşaqlar, qadınlar həlak olurlar, şəhərlər ağır dağıntılara məruz qalır, infrastrukturlar sıradan çıxarılır və son vaxtlar hər iki tərəfdə çox kəskin aqressiya mühitləri yaranmağa başlayıb. Əvvəllər hərbi əsirlər götürülərək dəyişdirilirdisə, indi onların sorğusuz-sualsız güllələnərək, ya da digər qeyri-insani vasitələrlə öldürülmələri kadrları sosial şəbəkələrə sızmaqdadır. Artıq belə qənaətə gəlmək olar ki, əgər müharibənin aparılmasını müəyyən edən yazılmış qanunlar, konvensiyalar mövcuddursa, təəssüf ki, həmin qanun və qaydaları tapdalayan, tanımayan, rədd edən yazılmamış qanunları da var. Məhz indiki müharibə daha çox yazılmamış qanunlar üzərində köklənməyə başlayıb. Qisasçılıq, amansızlıq, daha çox qan...
Və biz əbəs yerə yazının əvvəlində Rusiya-Ukrayna müharibəsini Şərq-Qərb qarşıdurması olaraq göstərmədik. Hətta bu gün Ukraynanın savaş və dəhşətli faciələr meydanına çevrilməsi amilinin kökündə Qərb maraqlarının dayanması da artıq hər kəsə gün kimi aydındır. Bəli, Ukrayna Qərbə inteqrasiya yolunu seçib və bu seçim onun müstəqiliyi ilə yanaşı, həm də geosiyasi marağının təmin olunmasıdır, amma Rusiya da öz sərhədlərində Qərbin hərbi-siyasi dairələrinin olmamasını isrəyir, NATO-nun Şərqə doğru genişlənməməsi üçün şərtlərini irəli sürür. Rusiyanın maraqları ilə də, əsasən, Şərq hərbi-siyasi dairələri bölüşürlər. Belə olan halda, biz Ukraynanın, sadəcə, qurbanlıq rolunda olduğunu görürük.
Azərbaycan torpaqları 30 il boyunca Ermənistanın işğalı altında qalarkən Qərb susurdu!
Bəli, bu gün ABŞ-ın, Qərbi Avropanın NATO-ya üzv olan ölkələrinin əksər çoxluğu Ukraynaya istər maliyyə, istərsə də silah, hərbi texnika yardımlarını əsirgəmirlər və bu xüsusda xırda bir detaya da eyham vurmaq olar. Misal üçün, Azərbaycanın torpaqları 30 il boyunca Ermənistanın işğalı altında qalarkən, işğal faktını təsdiq edən qətnamələr qəbul edilərkən, qəbul edilən qətnamələr Ermənistan tərəfindən qulaqardına vurularkən, insanlığa qarşı hərbi cinayətlər törədilərkən, mülki azərbaycanlılara qarşı amansız soyqırımı və qətliam faktları ortaya çıxarılarkən bu gün Ukraynaya hərbi və maliyyə yardımlarını ardı-arası kəsilmədən göndərən həmin Qərb susurdu və bu susqunluq işğalçıların əl-qollarını daha da açırdı!
Yaxud, hazırda dünya mediasında Ukrayna şəhərlərində mülki əhaliyə qarşı törədilən qətliam hadisələri dəhşətli, insanlığı, bəşəriyyəti utandıran faciə olaraq qiymətləndirilir və söz yox ki, haqlı olaraq da belə nəticəyə gəlinir. Ancaq nəyə görə dünya, xüsusilə aparıcı Qərb ölkələri eyni hadisələr Azərbaycan xalqına qarşı törədilərkən uzağı “tərəfləri sülhə çağıran bəyanatlar” səsləndirməklə işini bitmiş hesab edirdi? Bəli, ikili standartlar və eyni zamanda, millətlər, dinlər arasında yaradılan ayrıseçkilik! Əgər belə olmasa idi, illərdir müsəlman ölkələrində baş verən faciələr haqqında da Ukraynada olduğu kimi sərt münasibətlər bildirilə, insanları faciələrin ağuşundan alınması üçün təxirəsalınmaz tədbirlər görülə bilərdi. Bu gün Yəməndə, Suriyada və s. müsəlman ölkələrində baş alıb gedən olaylara Qərb susmaqda davam edir və susduqca özünü daha çox ifşa etmiş olur.
Ukraynanın Qərbdən asılı qalmağından başqa çıxış yolu yoxdur - SƏBƏBLƏRİ
Ukraynaya gəldikdə isə, artıq bu ölkənin Qərbdən asılı qalmağından başqa çıxış yolu yoxdur. Ukrayna ya siyasi oriyentasiyasını dəyişməklə Rusiyaya tərəf meyillənməli, ya da bundan imtina edərək Qərbin ətəyindən yapışmalı, xilasını axtarmalıdır. Daha bir amil Ukraynada 2000-ci illərin əvvəllərindən başlayan “Maydan” hərəkatlarında dolğun, siyasi cəhətdən bilgin şəxslərin, sözün əsl mənasında isə güclü liderin ortaya çıxmamasıdır. Məhz bir-birini əvəzləyən dövlət başçılarının siyasi maraqlarının qurbanlarına çevrilən Ukrayna dövləti və xalqı indi həmin faktorların ağırlığını müharibə ilə ödəməkdədir. Bəli, mövcud müharibə Zelenskinin bəxtinə tuş gəldi, amma onun bundan sonra nə qədər dayana biləcəyi də suallar doğurmaqdadır. Hətta müharibənin qələbə ilə başa çatması belə ölkəyə, xalqa dəymiş ziyanın miqyaslarının aradan qaldırılmasına səmərə verməyəcək, bunun üçün isə uzun illər tələb ediləcək. Fakt isə budur - əfsuslar olsun ki, Ukrayna torpaqları yanmaqda davam edir...
Göründüyü kimi, Qərb özünün müharibə yardımlarını “geniş ürəkli vasitələrlə” Ukraynaya təqdim edir, deyir ki, “gedin son adamınıza qədər dünyanın ikinci ən güclü ordusu olan Rusiyaya qarşı döyüşün və biz sizin arxanızdayıq” (?!)
Onda digər bir sual yaranır – hərgah Ukraynanın yanındasınızsa, nəyə görə müharibəni dayandırmağa az da olsa səbəb yarada biləcək digər təcili siyasi qərarları vermirsiniz? Məsələn, nəyə görə Ukraynanın prezidenti Vladimir Zelenskinin dəfələrlə (!) təkrar etdiyi, hətta tələb etdiyi NATO faktorunu mexanizm olaraq işə salmırsınız? Axı o müharibə başlamamışdan əvvəl də, indi də ölkəsinin NATO-ya təxirəsalınmaz şəkildə üzv götürülməsini tələb edib! ABŞ isə “nüvə müharibəsi təhlükəsi” iddiasını ortaya atmaqla Zelenskinin tələbini, sözün əsl mənasında, rədd edib, bu gün də etməkdədir (?!)
Beləliklə, Qərb Ukraynaya silah verməklə, əslində, müharibənin daha da qızışmasına üzdə görünməyən səbəblər yaradır və əgər Ukrayna qalib deyil, məğlub olarsa, onda Rusiya da dayanmayacağını indidən bəyan edib. Yəni Rusiya açıq şəkildə bəyan edir ki, Ukraynadan sonra onun hədəfi Polşadır. O cümlədən, Finlandiya və İsveç də hədəfdədir və biz Baltikyanı ölkələri hələ demirik...
Təbii ki, Rusiya da bu müharibədə öz zəif cəhətlərini nümayiş etdirdi. Bu gün Rusiya ordusu da demək olar ki, tükənməkdədir və ukraynalı müdafiəçilərin bütün cəbhə xətləri boyunca sərt, kəskin müqavimət göstrərmələri əslində Rusiyanı da düşündürməyə başladıb. Amma hər necə olursa-olsun, ayı yaralıdır və yaralı ayılar daha təhlükəli görünürlər, təbiətən belə olub...
Azərbaycanın zamanında atdığı strateji addımları və uğurlu qərarları Ukrayna tərəfindən də tətbiq edilsə idi...
Bəs nə etməli? Bu qan-qadanın qarşısı necə alınmalıdır? Bunun üçün zamanında dayanmaq, “stop” demək və danışıqlar masasına əyləşərək vəziyyəti çözmək olardı. Təəssüf ki, bu da baş vermədi və bundan sonrası da gecdir. Vasitəçilərin də cəhdləri istənilən nəticəni vermir və yenə də Azərbaycanı xatırlatmaq olar. Misal üçün, 44 günlük müharibə üçtərəfli bəyanatın qəbulu, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, yerdə qalan ərazilərimizdə qalmış qanunsuz erməni silahlı formalaşmalarına da zaman tanındı. Əgər verilən zaman müddəti bitərsə və onlar suveren ərazilərimizi tərk etməzlərsə, onda Azərbaycan yenidən lazımi, müvafiq və təcili addımlarını ataraq düşmənə qarşı münasibətində olanlara ağır dərs verməli olacaq. Yəni Azərbaycan Qarabağda qazandığı qələbəsi ilə zamanında dayandı və eyni zamanda humanizm siyasəti nümayiş etdirdi və bu gün də qarşısına qoyduğu məqsədlərinə doğru irəliləməkdədir. Fərrux dağının, Daşbaşı və s. yüksəkliklərin erməni quldurlarından təmizlənməsi, Xocalının, Əsgəranın, Ağdərə-Xankəndi yolunun nəzarətə alınması və hədəfə götürülməsi – bütün bunlar planlı qaydada qarşıya qoyulan məqsədlərin reallaşdırılmasını nümayiş etdirir.
Bu kimi vasitə Ukraynada müşahdə olunmadı və hazırda bu dost ölkədən ağır görüntülər, məlumatlar daxil olmağa davam edir. Baş verənlər isə həm də siyasi dərs kimi də qiymətləndirilə bilər və bu kimi hallarda Azərbaycanın geosiyasi, hərbi və strateji qərarları bir daha öz uğur tandemləri ilə seçilməkdədir.
Beləliklə, bu gün hər kəs Ukraynada baş verənlərin tezliklə dayanmasını, müharibənin başa çatmasını və tərəflərin danışıqlar masası arxasına keçməsini arzu edir. Lakin etiraf edək ki, hər müharibənin sonu sülh sazişi ilə bitsə belə, itirilənləri geri qaytarmaq olmur – Ukraynanın isə itkiləri həqiqətən də ürəkağrıdıcı və kədərlidir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB