İnsanlıq əleyhinə qanlı cinayət - 31 mart soyqırımı ŞƏRH

İnsanlıq əleyhinə qanlı cinayət - 31 mart soyqırımı ŞƏRH

Yaşadığımız son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Xatırladaq ki, Azərbaycandakı erməni qırğınlarının tarixi XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və bütün XIX əsr boyu İrandan, Türkiyədən və digər ölkələrdən bura kütləvi şəkildə ermənilərin köçürülməsi ilə başlamışdır. Rusiya himayəsini qəbul etmiş bu nankor ünsürlər dəfələrlə onun köməyi ilə öz yaxın-uzaq planlarını həyata keçirməyə – Qafqaz regionunda dənizdən-dənizə qondarma "Böyük Ermənistan" dövləti yaratmağa cəhdlər göstərmişlər. XX əsrin ilk onilliklərində Rusiya imperiyasını bürümüş inqilabi hərəkat, I Dünya müharibəsinin ağır sosial-siyasi və iqtisadi nəticələri onlara həmin məkrli planın realizə edilməsi üçün yaxşı fürsət yaratmışdı. Ermənilər öz çirkin niyyətlərinə ən müxtəlif yollarla nail olmağa çalışırdılar ki, bu da onların milli xislətindən irəli gələn bir cəhətdir.

Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətinin təzahürüdür.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan bir əsrdən artıq zaman ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törədilib. Bir neçə gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda minlərlə əhali erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. 1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan etmişdilər.

1918-1920-ci illərdə Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş erməni-bolşevik qırğınları tariximizin qara səhifələrindən birini təşkil edir. Bakıda başlanan və bölgələrdə davam etdirilən həmin qırğınlar nəticəsində 10 minlərlə günahsız insan qətlə yetirilmiş, saysız-hesabsız evlər dağıdılmış, bütöv kəndlər, şəhər və qəsəbələr xarabazara çevrilmişdir. Bununla bağlı arxivlərdə və tarixi mənbələrdə kifayət qədər materiallar və sənədlər mövcuddur.

Azərbaycanlılara qarşı yeridilən bu soyqırımı Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1998-ci il 26 mart tarixli Fərmanı ilə öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinə bu soyqırımı haqqında məlumatlar çatdırılır.

Artıq iqtisadi və hərbi gücə malik müstəqil Azərbaycan erməniyə kimliyini göstərdi. Əlbəttə ki, 31 Mart Azərbaycanlıların soyqırımını törədənlər bu gün məğlubiyyətlərini yaşayırlar. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verdi. Bu gün Azərbaycan qalib ölkə kimi dünyada tanınır. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. 44 gün davam edən Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra Azərbaycan Konstitusiyasının tələblər və müddəaları yerinə yetirilib.

Natiq ALLAHVERDİYEV

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə