Milli Məclisin üzvü Məşhur Məmmədov SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Son günlər həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları artıb. Bütün bunlar da Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması açıqlamasından sonraya təsadüf edir. Sizcə, bunlar nə ilə əlaqədardır?
- Baş verən bu proseslər onu göstərir ki, Ermənistanın özündə də fikir ayrılığı var. Bu fikir ayrılığını seperatçı Qarabağ erməniləri ilə yerli ermənilər arasında görmək mümkündür. Ermənistanda yaşayan ermənilərin bir çoxu sülh tərəfdarıdır. Hal-hazırda Ukraynada baş verən hadisələr seperatçı erməniləri daha çox cəsarətləndirir. Lakin bununla Azərbaycanın vəziyyətini eyniləşdirmək olmaz. Fərq bundan ibarətdir ki, Azərbaycan ermənilərin Qarabağda yaşamasına təminat verir. Bununla bağlı bir sıra addımlar da atılır. Ermənistan yenidən müharibəyə hazırlaşarsa, bir ölkə kimi defolt olacağı nəzərdə tutulur. Bu səbəbdən də sülh nəinki Azərbaycan, eyni zamanda Ermənistan üçün də vacib hesab olunur. Onlar siyasi, iqtisadi, eyni zamanda hərbi baxımdan sülh bağlamağa məcburdur.
- Antalya Diplomatik Forumunda Rusiyanın XİN rəhbəri Sergey Lavrovla ukraynalı vəzifədaşı Dmitro Kulebanın görüşünü necə şərh edirsiniz? Gözləntiniz nədir?
- Görünən odur ki, Rusiya hər dəfə bu görüşlərdə öz tələblərini daha da sərtləşdirir. Müharibənin bitməsi deyil, ən yaxşı halda bir müddətlik dayanması mümkün ola bilər. Çünki Ukraynanın bu şərtləri birmənalı olaraq qəbul edəcəyi gözlənilmir. Digər tərəfdən isə Avropanın bu müharibənin bitməsini nə dərəcədə istədiyi məlum deyil. Nə Ukraynaya verilən vədlər yerinə yetirilir, nə də Rusiyanın tələblərinə razılıq verilir. Bu da Ukrayna xalqının Rusiya ilə təkbətək qalması deməkdir.
- Bəs Rusiya-Ukrayna müharibəsinin Azərbaycan, ümumən bölgə ölkələrinə hansı təsirləri göstərəcək?
- Artıq müharibənin təsiri Qarabağda separatçıların atdığı addımlarda özünü göstərir. Eyni zamanda, Rusiya və Ukraynada yaşayan azərbaycanlıların həyat və məişətində problemlər yaranmağa başlayıb. Bu problemlər dolayısı yolla da olsa həm maddi, həm siyasi, həm də psixoloji cəhətdən Azərbaycana da təsir edir. Digər tərəfdən Azərbaycanın taxıl idxal etdiyi əsas ölkələr Ukrayna və Rusiyadır. Hər iki ölkədə inflyasiya çox sürətlə baş verir. Gələcəkdə də bununla bağlı problemlər ortaya çıxa bilər.
- Azərbaycan və Rusiya arasında Moskva bəyannaməsi imzalanıb. Bütün bunlardan sonra Moskva sülhməramlıların fəaliyyətinə əl gəzdirəcəkmi?
- Son günlərdə ordu hissələrinin çıxarılması ilə bağlı məlumatlar yayılıb. Mən bunu sadəcə olaraq yerdəyişmə prosesi kimi qiymətləndirirəm. Çox güman ki, çıxarılan muzdlu əhalinin yerinə hərbi qüvvələr yerləşdiriləcək. Növbəti beş ildən sonra müqavilədə qeyd olunduğu kimi Azərbaycanın və ya tərəflərdən hər hansı birinin razılığı olmadan onların orda qalmağı mümkün olmayacaq. Bu beş il ərzində çox güclü dəyişikliklər olacağı gözlənilir.
- Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Bu günlərdə Fransada olan Paşinyanın Rusiyaya sürpriz səfəri nə ilə bağlı ola bilər?
- Bütün dünya bilir ki, Ermənistan stabil dövlət deyil. Bu dövlətin sözləri ilə əməlləri arasında fərq olması qeyri-stabilliyə səbəb olur. Ermənistan öz mənfəətinə uyğun olaraq hər dəfə müxtəlif ölkəyə yaxınlaşır. Ukrayna-Rusiya müharibəsində Rusiyanı yalnız Ermənistan dəstəkləyib. İndi Fransanın ona sahib çıxmasını istəməyi Ermənistanın ikili oyun oynamağı deməkdir. Təkcə Rusiya deyil, bütün dünya bunu başa düşür. Amerika belə Ermənistana artıq tərəfini seçməli olduğunu bildirib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB