Cənubu Qafqazın ən böyük aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının VII Qurultayından bir il ötür. Qurultayda partiyanın nizamnaməsinə edilən dəyişikliklər sonrakı mərhələdə geniş mütərəqqi islahatların aparılmasına imkanlar yaratdı. Bu baxımdan demək olar ki. YAP-ın fəaliyyəti milli və dövlətçilik maraqlarına cavab verməklə yanaşı, müasir demokratik dünyanın çağırışlarınada cavab verir. Məlum faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətin, keşməkeşli dövrdə xalqın istək və arzularına əsasən yaradılıb. 1991-1993-cü illərdə Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Ölkədaxili vəziyyətin idarəolunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarılması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. YAP-ın qızıl fondu hesab edilən 91 ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. 24 oktyabr 1992-ci il də ziyallara cavab məktubunda Ümummilli Lider Heydər Əliyev: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” deyərək yaradılması nəzərdə tutulan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılığını verir”. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin YAP-ın Sədr seçilməsi Azərbaycanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. O ağır tarixi hadisələr barədə Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi və regionun aparıcı partiyasına çevrildir. 2003-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev tərəfindən aparılan müdrik, uzaqgörən siyasət nəticəsində Yeni Azərbaycan Partiyası dünyanın bir sıra aparıcı sağ mərkəzçi hakim partiyaları ilə əməkdaşlıq münasibətləri qurdu. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq!”.
Ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda keçirilmişdir. Bu qurultay zamanı Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra mühüm qərarlar qəbul edildi. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi. Yeni milli çağırışlar həm partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyamızda baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artırdı və bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaratdı. Qurultayda qəbul edilən qərara əsasən 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə çatdırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya Sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Eyni zamanda, Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. Azətbaycan Prezidenti Cənab İlham Əliyer YAP-ın VII Qurultayında tarixi çıxışı zamanı demişdir: "Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir".
Yeni Azərbaycan Partiyası daim yeniləşən və inkişaf edən partiyadır. Mən də 1995-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın fəaliyyətində ilk illərdə sıravi üzv, sonraki mərhələdə, yəni 2001-ci ildən Ucar rayon təşkilatının sədri olaraq çalışmışam. Hər zaman mənə göstərilən yüksək etimadı öz əməli işim, fəaliyyətimlə doğrultmağa çalışmışam. Yenidən mənə böyük etimad göstərildi və YAP Ucar rayon təşkilatının sədri təyin olundum. Bu etimada görə ölkə Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.Tam qətiyyətlə və əminliklə demək olar ki, xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da inkişaf edəcək cəmiyyətimizin inkişafına, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının reallaşmasına, Prezident İlham Əlievin xeyirli, gərəkli siyasətinin davam etdirilməsinə öz töfhələrini verəcək.
Şəhla Abdullayeva
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB