Rəsulzadə Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

"Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik ideallarının gerçəkləşməsində, Azərbaycanın tarixi ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqbal ideyalarının yayılmasında böyük xidmətlər göstərmiş ictimai-siyasi xadimdir". Bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadə siyasi puplisistikası ilə ədəbi-ictimai fikir tariximizə də layiqli töhfələr verən şəxsiyyətlərdən birirdir. Məhəmməd Əmin Rəsulzadə hələ gənc ikən 1903-cü ildə Azərbaycan gənc inqilabçılar dərnəyini təsis edir və bu dərnəyin də əsas təbliğat ruporu “Hümmət” qəzeti olur. Qəzetin gizlin fəaliyyəti zamanı Məhəmməd Əmin Rəsulzadə və onun dostları təşkilatın əsas vəzifə və prinsiplərini ortaya qoyurlar ki, bu da gənclərdə milli hisslərin yaranması və eyni zamanda yerli ədiblərin oxunması, çarlığn əleyhinə yazılmış şeirlərin Azərbaycan dilinə ara-sıra mətbəədə çevrilib gənclər arasında paylanması, fəhlələr arasında hürriyyət və inqilab fikirlərini sistemli şəkildə yaymaqdan ibarət idi. Yəni ilk olaraq onlar bu addımlarla siyasi fəaliyyətə başladı. Bir il sonra Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə onun təşkilatı artıq Azərbaycanda ilk dəfə olaraq fəhlə partiyasının Bakı komitəsini yaratdılar. Bununla da, tam siyasi fəaliyyətə başlamağa qərar verdilər.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Daha sonralar siyasi fəaliyyəti dövründə Məhəmməd Əmin Rəsulzadə bir çox şəxslərlə tanış oldu və Nəriman Nərimanov kimi şəxsiyyətlərlə görüşüb onlarla təmas qurmağı bacardı. “Hümmət” qəzetinin çapı ilə bağlı onlardan müəyyən kömək istədi. Daha sonra təqiblər başladığı anda Məhəmməd Əmin Rəsulzadə İrana gedir. Burada İran demokratik partiyasının liderləri ilə görüşlər keçirir. Partiyanın qəzetlərinin redaktoru vəzifəsində çalışır. Burada da tutulacağını anlayaraq oradan Türkiyəyə gedir və “Türk Yurdu” qəzetinin fəal yazarlarından olmaqla yanaşı orada da “Gənc Türklər” təşkilatının rəğbət qazanmasında, “Türk Ocağı” cəmiyyətinin yaranmasında çox yaxından iştirak edir. Eyni zamanda Türkiyədə də bir sıra Azərbaycanın görkəmli şəxsiyyətləri ilə tanış olmağı bacarır. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının Rəyasət Heyətinin sədri kimi AXC-nin süqutuna kimi rəhbərlik etmişdir. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı 20-ci əsrdə Azərbaycanda müstəqillik uğrunda başlanan hərəkatın əsas şüarlarından biri olmuşdur. Məhəmməd Əmin Rəsulzadənin 130 illik ildönümünün keçirilməsi üçün 2014-cü ildə möhtərəm Prezidentimiz tərəfindən verilmiş sərəncama əsasən belə bir dahi şəxsiyyətin yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və digər qurumlara tapşırıq verilmişdi ki, bu qurumlar birgə fəaliyyət göstərsinlər.

Mən elə hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadə yüz illər keçsə də Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək. Çünki Azərbaycan xalqının müstəqilliyi uğrunda, müstəqil bir dövlətin yaranması uğrunda canını fəda edən digər ictimai-siyasi xadimlərimiz kimi Məhəmməd Əmin Rəsulzadə də yalnız və yalnız Azərbaycanın müstəqil olmasını arzulayırdı. Bugünkü müstəqil Azərbaycanın həm siyasi elitası, həm ölkə rəhbərliyi, həm də Azərbaycan vətəndaşları belə hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla cümhuriyyətin digər qurucularını həmişə hörmətlə və fəxarətlə xatırlayacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə