Üçüncü dünya müharibəsi olacaqmı? ANALİTİK+AKTUAL

Yaxud, baş verərsə bəşəriyyəti nə gözləyir?

Müasir dünyamız müxtəlif siyasi, iqtisadi, bütövlükdə isə geopolitik dalğalarla çalxalanır. Zaman-zaman planetimizin çoxsaylı nöqtələrində dövlət çevrilişləri, etirazlar və silahlı qiyamlar, ayrı-ayrı dövlətlər arasında yaşanan ziddiyyətlər, münaqişələr demək olar ki, səngimir. Bu qarşıdurmaları isə yalnız iki hissəyə bölmək olar - ədalət uğrunda mübarizələrə və ədalətsizliklərə. Misal üçün, 30 ilə yaxın dövr ərzində Qarabağ torpaqları Ermənistanın təcüvüzkar siyasəti nəticəsində işğal altında qalmış Azərbaycan uzun illər bu torpaqlarını sülh yolu ilə, müharibəsiz, qansız-qadasız geri qaytarmağa, ərazi bütövlüyünü bərpa etməyə çoxsaylı cəhdlər göstərdi. Təəssüf ki, BMT daxil, dünyanın bir çox nüfuzlu təşkilatlarının çıxardıqları qətnamələr, sənədlər belə ədalətin bərqərar olmasına cüzi də olsa öz təsirini göstərə bilmədi.

O cümlədən, indinin özündə də şahidi olduğumuz, qarşılaşdığımız ikili standartlar və bu kimi bənzər yanaşmalar illər uzunu davam etdi və nəticədə son, qəti qərar verildi – Azərbaycan dövləti və xalqı işğala son qoymaq üçün vahid şəkildə birləşdi və torpaqlarını azad etmək üçün silahlı mücadiləyə başladı. 44 gün davam edən Vətən uğrundakı savaşda işğalçı qüvvələr məğlub edildi, kapitulyasiya altı imzalandı. Təbii ki, müharibələr itkisiz olmur və Azərbaycan Ordusunun arsenalında dünyanın ən aparıcı hərbi sənayelərinin istehsalı olan beşinci nəsil silahları, texinki təchizatları sayəsində düşməndən fəqrli olaraq Silahlı Qüvvələrimiz minimal itkilərlə müharibəni qələbə ilə başa çatdırdı. Halbuki, Ermənistan tərəfinin canlı itkiləri qeyri-rəsmi məlumatlara görə on minlik həddi keçdi. Bugünün özündə də azad olunmuş torpaqlarımızda düşmən hərbçilərinin qalıqları tapılaraq aidiyyatı üzrə təhvil verilməkdədir.

Beləliklə, 44 günlük Qarabağ müharibəsi müasir dünyanın hərb tarixinə yeni savaş texnologiyalarının tətbiqini təqdim edti və artıq bundan sonrakı müharibələrin həm də təmazsız müharibə olacağını deyə bilərik. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, müharibə təhlükələri, savaş ehtimalları artıq dünyanın bir çox nöqtələrini bürüməkdədir. Yeni müharibələr isə bəşəriyyəti istər-istəməz təlaşlandırır, qan-qadalar, dinc əhalinin öldürülməsi, kütləvi dağıntılar və s. kimi qara buludlar dünyamızın başı üzərində asılıb-qalıb.

Tarix də göstərir ki, müharibələr yalnız qan-qadalarla bitmir, həm də xəritələrin dəyişdirilməsinin, dünya düzəninin pozulmasına da gətirib çıxarır. Və çox vaxt ədalətsizliklərdən yorulan xalqlar, ölkələr ölümü gözə alaraq savaş meydanlarına atılırlar. Bu amillər, faktorlar isə artıq Üçüncü dünya müharibəsinin qoxusunun gəldiyini hərdən daha açıq şəkildə hiss etdirir. Amma buna baxmayaraq insanlar suallarını edirlər: Üçincü dünya müharibəsi olacaqmı? Yaxud olacaqsa bəşəriyyəti hansı aqibət gözləyir: Biz, bu mənada Birinci və İkinci dünya müharibələrinin baş vermə səbəblərini, nəticələrini araşdıraraq növbəti mümkün ehtimallarımızı hasil edə bilərik.

Birinci dünya müharibəsinin səbəbləri və nəticələri

Tarixə müraciət edək. Ötən əsrin ikinci onilliyi ərəfəsində müstəmləkəçi ölkələrin inkişafı, almanların güclənməsi və müstəmləkə uğrunda apardığı amansız müharibələr, ilk növbədə, Almaniya-Antanta arasındakı ziddiyyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi. Belə ki, alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər. Almaniyanın müttəfiqi, o zamankı Avstriya-Macarıstan dövləti isə Balkan yarımadasında öz nüfüzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.

Lakin Böyük Britaniya da öz planlarını icra etmək üçün hadisələri seyr etmirdi. Birləşmiş Krallıq hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Əlbəttə ki, daim imperiya siyasəti həyata keçirən Fransa hökuməti də buna nail olmaq istəyirdi. Bundan başqa onlar, 1870–1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdilər.

Rusiya imperiyası isə çariz siyasəti əsnasında Balkanda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı. Və beləliklə, müharibə get-gedə yetişirdi.

Artıq Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. Əslində, Frans-Ferdinand taxt-taca yiyilənməyəcəkdi, çünki o, bir qız uğrunda taxt iddialarından vaz keçmişdi. Yəni onun öldürülməsi müharibəni başlamaq üçün bir bəhanə olmuşdu. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda qətlə yetirdi. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi. 1914-cü ilin iyul ayının sonlarında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Almaniya imperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya eyni zamanda Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi. Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı. Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.

Bəs müharibə özündən sonra hansı izləri buraxdı? İlk növbədə, məğlubiyyətlər və inqilablar Rusiya, Osmanlı, Avstriya-Macarıstan imperiyalarının siyasi quruluşlarını dağıtdı, onların dördü də dünyanın siyasi xəritəsindən silindi. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla insanları məhv etdi və çox böyük maddi zərər vurdu. Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914–1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmir yollar, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesinin, kənd təsərrüfatının və maliyyəsinin dağılmasına səbəb oldu. 1772–1913-cü illərdəki müharibələrin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar (1913-cü ilin qızıl dollar hesabı ilə) təşkil etmişdisə, Birinci Dünya müharibəsi 80 milyard dollar məbləğində ziyan vurmuşdu. Göründüyü kimi, Birinci dünya müharibəsi siyasi maraqlar, istilaçılıq və işğalçılıq faktoruna görə baş verdi, qeyd edilən statiskilar isə onun nəticələrini bu gün də dəhşətli rəqəmlər olaraq təqdim edir.

İkinci dünya müharibəsi: səbəblər və nəticələr nəyi göstərir?

İkinci dünya müharibəsi isə bəşəriyyətə daha ağır fəlakətlər gətirdi. Almaniyada hakimiyyətə gələn faşizm hərbi-siyasi xuntası artıq dünyanı ələ almaq məqsədini qarşısına məqsəd qoymuşdu. 1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. 1939-cu il 1 sentyabrda saat 04:45 radələrində Danziq limanında olan Alman müharibə gəmisi Schleswig-Holstein Polşaya aid Westerplatte adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət - İkinci dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 04:40 radələrində Alman bombardman təyyarələri, Breslaunun 100 km şərqindəki Wielun qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona keçidini işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3–10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.

İkinci dünya müharibəsi kifayət qədər sərt başladı. Almanlar Qərbi Polşanı viran qoydular. Sazişə uyğun olaraq ruslar Polşanın şərq yarısını işğal etdilər. Ruslar həmçinin 1940-cı ildə Estoniya, Latviya və Litvanı da işğal etdilər, sonrakı ildə onlar sovetləşməyə məruz qaldılar və SSRİ-nin respublikalarının üzvlüyünə daxil oldular. Finlandiya SSRİ-yə qarşı müqavimət göstərdi, SSRİ 1939–1940-cı illərin qışında Finlandiya ilə qısa müharibə apardı. Bu vaxt Qərbdə hamı aldadıcı şəkildə sakit idi. Almaniya Fransaya tərəf qoşunlarını yönəldəndə fransızlar özlərinin Majino xəttinin arxasında yerləşmişdilər. Britaniya az sayda qoşuna malik idi. Almanlar hərəkət etmirdilər. Bu "Qəribə müharibə" adlanırdı. İki böyük Avropa ölkəsi hələ də özlərinin sülh dövründəki baxışlarından əl çəkmirdi. Belə qəribə qış ərzində almanlar öz qüvvələrinin xüsusi təlim-məşqdən keçirdilər, onların yazdakı niyyətləri tam aydın idi. 1940-cı ilin aprel və may aylarında isə almanlar qəflətən Norveçi, Danimarkanı və Niderlandı işğal etdilər və Belçikaya hücuma başladılar. Almanların zirehli diviziyalarının və adamların başı üzərində uğuldayan bombalarının qarşısında heç nə dayana bilmirdi. Polşada istifadə edilsə də, bu taktikalar fransızları və britaniyalıları heyrətə gətirmişdi. 1940-cı ilin mayında Fransa kampaniyasına başlayan Üçüncü Reyx cəmi 6 həftəyə Fransanı işğal etdi. Parisin özü 1940-cı ilin 13 iyununda işğal edildi. Müdafiə yönümlü hərbi nəzəriyyəyə malik olan Fransa ordusu ölkədə əməliyyat aparmağa hazırlaşmamışdı, onun hərbi hava qüvvələri yox idi, hökumət bölünmüşdü. Hökumət məğlubiyyət tərəfdarı və bir qədər alman meylli olan adamlar qrupunun əlinə düşmüşdü və bu adamlar 22 iyunda Fransanı müharibədən çıxardı. Fransızların kiçik qrupu İngiltərəyə qaçıb general de Qollun başçılığı altında Azad Fransa hərəkatını yaratdılar. Fransanın özü yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, geri qalan yarısı isə Vişi şəhərini öz paytaxtı etmişdi və marşal Filipp Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi.

Beləliklə, 1941-ci ilin 22 iyun tarixində Hitler Almaniyası SSRİ-yə qəflətən və elan etmədən hücuma keçdi. Halbuki, o dövrə qədər Ribentrop-Molotov sazişi imzalanmışdı və tərəflər bir-birlərinə hücum etməməyi vəd vermişdilər. Buna baxmayaraq, Almaniya vədi pozdu və bununla da İkinci dünya müharibəsinin əraziləri genişləndi.

Almaniya faşizmi öz yuvasındaca məhv edildikdən sonra, Yaponiya ipmeriyası ABŞ-a, Böyük Britaniyaya və SSRi-yə müharibə elan etdi. Lakin yaponların da ağır məğlubiyyəti son anda kapitulyasiya aktı ilə nəticəsini tapdı. Buna daha bir səbəb ABŞ-ın böyük itkilərə və dağıntılara uğramış Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atması oldu.

Beləliklə, rəsmi olaraq 1945-ci ilin 2 sentyabr tarixində başa çatan İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə kimi yazıldı. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan -12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdir. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü. İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın,faşist İtalyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem –burjua-demokratik və sosializm sistemləri qalmışdı.

O cümlədən, müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi. Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya, Vyetnam, Koreya parçalanmışdı.

Üçuncü dünya müharibəsini arzulamaq dünyanın məhvini istəmək deməkdir!

Bütün bu kimi dəhşətli faktları, ölçüyəgəlməz rəqəmləri nəzərdən keçirdikcə yeni müeharibənin baş verməsini əlbəttə ki, düşüncəsi olan kimsə istəməz. Ancaq müasir dünyamızın Üçüncü dünya müharibəsinin astanasında dayandığını, yaxud bu təhlükənin mövcudluğunu da istisna etmək olmur.

Əslində isə, Üçüncü dünya müharibəsi daha əvvəl də baş verə bilərdi. Ötən əsrin 60-cı illərində kommunizm-kapitalizm arasında gedən amansız savaş, eyni zamanda SSRİ ilə Varşava müqaviləsi ölkələri - ABŞ və onun NATO-dakı müttəfiqləri arasında cərəyan edən soyuq müharibə Kuba böhranını ortaya çıxardı. 1959-cu ilin 1 yanvar tarixində hərbi çevriliş nəticəsində hakimiyyətə yiyələnən Fidel Kastro dəstəkçiləri ölkədə sosializm quruluşunu elan etdilər. Vaxtilə ABŞ-ın ən yaxın müttəfiqləri srasında yer alan Kuba artıq SSRİ-nin qoruması altına keçdi. Bu fakt isə ABŞ-ı narahat edirdi. Nəticə etibarı ilə hadisələr gərginləşdi və barmaqlar nüvə bombalarını partladacaq düymələrə sarı getdi. Yalnız sağlam düşüncə və fəsadların təsəvvürü yeni dünya müharibəsinin baş verməsini əngəllədi və beləliklə təhlükə sovuşdu.

Artıq bu gün belə ehtimallar yenidən gündəmə gəlib. Özü də postsovet məkaında yaşanan olaylar – Ukrayna amili kontekstində təhlükələr yaranmağa başlayıb. Bu gün Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrin əraziləri separatizm toxumlarının cücərməsi nəticəsində işğal altındadır. Ukraynada Krım, Donetsk, Luqansk, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı ərazilər bu ölkələrin nəzarətlərindən çıxıb. Yalnız Azərbaycana məxsus Qarabağ regionu işğaldan azad edilib və bu barədə məqalənin əvvəlində yazılıb.

İndi isə Qərb-Rusiya qarşıdurması ən son həddə qədər inkişaf edib və hətta bəzi siyasət adamları, politoloq və ekspertlər, həmçinin konfliktoloqlar Üçüncü dünya müharibəsinin qapının astanasında olduğunu mümkün ehtimalları ilə bəyan edirlər. Söz yox ki, əgər bu müharibə baş verərsə, ya da bu müharibəni arzulamaq, istəmək bilavasitə Yer kürəsinin, bəşəriyyətin məhvi anlamına gəlib-çıxa bilər. İşğalçılıq, yanlış maraqlar, başqa ərazilərə qarşı iddiaların qaldırılması fonundakı məsələlərə son qoylmazsa insan varlığına sivilizasiyanın məhvi kontekstində son qoyulmasının şahidlərinə çevrilə bilərik. Müharibə yalnız və yalnız qan-qada, fəlakət və dəhşət bəxş edir. Yaşadığımız dünyda baş vermiş Birinci və İkinci dünya müharibələri və onların nəticələri hələ də hegemon güclər üçün dərs olmadımı? Axı bütün hallarda, özü də beşinci nəsil silahların mövcud olduğu bir vaxtda yeni dağıdıcı, məhvedici savaş cəbhələrinin açılması dünyanın yaşam səəhnəsi üzərinə “The End” pərdəsini çəkə bilər, bununla da milyonlarla illər hesabına yaranan dünyamıza səssiz, qaranlıq və sükut çökər, bəşəriyyət deyilən varlıq tamamilə yox olar.

Bəli, bu gün hər hansı siyasi quruluş öz ölkəsinin maraqları uğrunda müharibəyə əl ata bilər, lakin həmin maraqların yerinə yetirilməsi həqiqətən də nəhəng sual altında qalacaq. Çünki dünya məhv olduqdan sonra bu maraqlar kimsələrə lazım olmayacaq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə