20 Yanvar faciəsi müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

“1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı qətiyyəti ilə nümayiş etdirdi ki, heç bir qüvvə milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Faciənin törədilməsində məqsəd xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, mənəvi zərbə vurmaq idi. Amma tariximizin hər bir səhifəsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun şahididir. Heç zaman keçmişini unutmayan, bu günü ilə qürur duyub gələcəyə böyük inamla baxan Azərbaycan xalqı tarixin bütün sınaqlarından üzüağ çıxaraq yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Bizləri 20 Yanvar faciəsindən ayıran 32 illik zaman hadisənin mahiyyətini daha dərindən dərk etməyə, düzgün dəyərləndirməyə böyük stimul verir. Bu baxımdan 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Xalqımız şəhidlərimizin xatirəsini daim əziz tutur. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir”. SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat vurğulayıb ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir: “20 Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir. Azərbaycan ötən il müstəqilliyinin yenidən bərpasının 30 ilini qeyd etdi. Bu tarixi günü məhz torpaqlarımızın azadlığa qovuşması fonunda qalib ölkə kimi qeyd etdik. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev onu qorumaq, əbədi və sarsılmaz etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal- azərbaycançılıq ətrafında sıx birləşməyə çağırmışdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməl bugünkü inkişafın əsasıdır. Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, tarixin ayrı-ayrı dövrlərində ölkəmizə qarşı terror aktları törədən ermənilərin əsl simasını dünyaya çatdırmaq olub”.

M.Həsənov onu da əlavə edib ki, Azərbaycan haqq səsini, başına gətirilən faciələrin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə faktlar əsasında çatdırır: “Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. 1990-cı il 20 Yanvar qan yaddaşımızdır. Xalqımız başına gətirilən faciələri, insanlığa sığmayan terror aktlarını unutmur, daim mübarizliyi, yenilməzliyi, qalibiyyətə imza atmağa göstərdiyi səyləri ilə diqqətdədir. Əbəs yerə, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi dəyərləndirilmir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi”.

“Birliyimiz, həmrəyliyimiz bütün dövrlərdə, məqamlarda öz sözünü deyir” söyləyən M.Həsənov bu mühüm məqama da xüsusi diqqət çəkib ki, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ümummilli Lider qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu öndər Heydər Əliyevin bu bəyanatı özündə bütün məqamları ehtiva edirdi. Vətənini, xalqını canından artıq sevən, daim Azərbaycanın gələcəyi barədə düşünən Ümummilli Lider bütün məqamlarda xalqının yanında olmaqla, xalqına arxalanmaqla hazırkı uğurlarımıza yol açdı. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Pezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın azadlığa qovuşması da möhkəm təməlin nəticəsidir. 20 Yanvar faciəsindən tarixi Zəfərimizədək yolun təhlili bir daha bu reallığı təsdiqləyir ki, yenilməz, məğrur xalq daim mübariz olacaq, qarşısına qoyduğu hər bir məqsədə nail olacaq, heç kəsin qarşısında baş əyməyəcək, daim alnı açıq, üzü ağ olacaq. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz bir daha kimin kim olduğunu, qalibiyyəti şərtləndirən amilləri açıqladı. Müstəqilliyimiz sarsılmazdır, Qarabağımız azaddır, şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...