20 Yanvar Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayır - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, SSRİ-nin mərkəzi hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi bu qətliama iki kontekstdən yanaşmaq olar. İlkin olaraq bu faciədir. Çünki bu tarixdə silahsız insanlar qətlə yetirilib. Eyni zamanda bu SSRİ mərkəzi hakimiyyətinin Azərbaycan xalqına divan tutulması istiqamətində həyata keçirdiyi qərəzli siyasətin nümunəsi idi. Bu, həmçinin Qarabağın Azərbaycanın əlindən alınmasına hesablanmış addım idi. Digər tərəfdən bu Azərbaycan xalqının qəhrəmanlıq nümunəsidir. Çünki yalın əlli insanlar azadlığı üçün, öz haqları üçün və Azərbaycanın ərazi bütövlüyü üçün ilahi ədalətin bərqərar olunması üçün ayağa qalxmışdılar. Bu insanlar silahsız olmasına baxmayaraq tankların qarşısına çıxmışdılar. Bu xalqımızın nə qədər mübariz, əzmkar, azadlığının dəyərini bilən bir xalq olduğunu nümayiş etdirən amildir. Həmin dövrün şahidiyəm. Şübhəsiz bu 20 Yanvar həyatımızın içərisindən keçib. Biz həmin dövrdə həyata keçirilənlərin və Azərbaycana yeridilən hərbiçilərin nə qədər qəddar davrandıqlarının hətta Azərbaycan xalqından qissas aldıqlarının belə şahidi olduq. Bu xüsusi amansızlıq ilə həyata keçirilən qəddarlıq idi. Təbii ki, o zaman ölkəmizdə baş verən proseslərlə bağlı mərkəzi hakimiyyətin ötürdüyü informasiyalar dünyanın ayrı-ayrı ölkələrində yayılırdı. Baş verənlərin real mənzərəsi haqqında, demək olar ki, məlumat yox idi.

Bu barədə Elçin Mirzəbəyli fikirlərini belə izah edib: "Belə bir zaman kəsiyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev SSRİ-nin mərkəzi hakimiyyətinin təzyiqlərinə baxmayaraq böyük bir qətiyyətlə öz xalqının müdafiəsinə qalxdı. Azərbaycanın Moskvadakı dairə nümayəndəliyinə gələrək mətbuat konfransı keçirtdi. Mərkəzi hakimiyyətin bu faciədə, qətliamda məsuliyyət daşıdığını bütün dünyaya bəyan etdi. Şübhəsiz, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq hərəakatının tərkib hissəsi olduğu barədə həqiqətləri O, bütün dünyaya yaydı, bəyan etdi. Beləliklə, 20 Yanvar hadisəsi qlobal miqyasda özünün hüquqi, siyasi qiymətini aldı. Əks təqdirdə SSRİ ağır cəza Hakimiyyəti Azərbaycanda guya hansısa radikal qüvvələrin baş qaldırmasını bəyan etməyə çalışırdı. Bu məsələyə radikal, dini və digər istiqamətlərdən qiymət verməyə cəhd edirdilər. Amma təkcə Heydər Əliyevin qətiyyət nümayiş etdirməsi və qətliamı törədən ölkənin paytaxtından məlumatları çatdırması mahiyyət etibarı ilə 20 Yanvar üzərindən atılan qara pərdənin götürülməsinə zəmin yaratdı. Nəticə etibarı ilə həm də bütün dünya azərbaycanlıların nə qədər fədakar, qəhrəman və öz azadlıqları, istiqlalı uğrunda mübarizəyə hazır insanlar olduğuna şahid oldular".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə