Ermənistan siyasətində qeyri-dəqiqlik var - DEPUTAT AÇIQLADI

”Cənab Prezidentin yerli media nümayəndələrinə verdiyi müsahibə təkcə ölkəmizdə yox, beynəlxalq miqyasda da rezonans doğurmaqdadır. Bu müsahibədə bir çox önəmli məsələlərə toxunulub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, həm 2021-ci ildə görülən işlər, həm də 2022-ci ildə ölkəmizin qarşısında duran məsələlər, yeni çağırışlar, gələcək strategiyamız və onun həlli yolları məsələlərinə cənab Prezident toxundu: “Maraqlı məqamlardan biri isə Azərbaycan-Ermənistan münasibətlərində gələcəkdə Azərbaycanın tutacağı mövqe, Ermənistanın görəcəyi işlər, Azərbaycanın buna qarşılıq olaraq nə etməli olduğu kimi məsələlərə toxundu. Cənab Prezident müsahibə zamanı qeyd etdi ki, hazırda Ermənistan siyasətində anlaşılmazlıq, qeyri-dəqiqlik var. Amma Azərbaycanın mövqeyi aydındır, konkretdir. Hazırda Azərbaycan-Ermənistan arasında əsas məsələlər sərhədlərin qarşılıqlı şəkildə tanınması və sülh müqaviləsini imzalamasıdır. Cənab Prezident də söylədi ki, biz bunu təklif etmişik və biz bunu gözləyirik. Əlbəttə ki, bu daimi deyil. Bizim səbrimizin də bir həddi var. Biz bunu həmişə Ermənistana təklif etməyəcəyik. Ümumilikdə burada Azərbaycanın itirəcəyi heçnə yoxdur. Biz işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri aparırıq. Zəngəzut dəhlizinin açılması üçün işlər görürük. Bir sözlə Azərbaycan öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və yetirəcək. Ermənistan mövqeyini dəqiq bildirməlidir. Biz istəyirik ki, regiona sülh, inkişaf, tərəqqi gəlsin və bundan bütün bölgə dövlətləri, o cümlədən Ermənistan da faydalansın. Əks halda Ermənistanı bundan da ağır və çətin günlər gözləyir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə