“Rusiya özünün təsir gücünü göstərməyə çalışır” - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

“Rusiya özünün təsir gücünü göstərməyə çalışır” - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

“MDB dövlət və hökumət başçılarının qeyri-formal sammiti hər il müntəzəm olaraq keçirilirdi, amma 2019-cu ildə pandemiyanın düşməsi ilə əlaqədar olaraq bu sammitin keçirilməsi müvəqqəti olaraq dayandırıldı. Artıq yenidən bərpa etməyə başlayıblar bu sammitin fəaliyyətini, amma təbii ki, burada sammitin keçirilməsinə və müddətinə baxdıqda görəcəyik ki, bu sammit təqribən altı saat ərzində davam edibdir və həmin sammitdə yalnız doqquz dövlət və hökumət başçısı iştirak edibdir. Burada üç Pribaltika ölkəsinin nümayəndəsi, bir də Moldova, Gürcüstan və Ukrayna nümayəndələri iştirak etməyiblər. Digər doqquz dövlətin dövlət başçısı iştirak edib.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, burada əsas müzakirə olunan mövzular təbii ki, MDB-də baş verən proseslər, siyasi, iqtisadi, hərbi və digər proseslərdir.

“Xüsusilə də burada diqqəti çəkən post-pandemiya dövründə MDB regionunda iqtisadi vəziyyətin durumu, ələlxüsus Rusiyanın vəziyyəti, MDB ölkələri ilə əlaqələrinin hansı istiqamətdə cərəyan etməsi məsələləridir və burada təbii ki, Qarabağ məsələsi də var. İkinci Qarabağ savaşından sonrakı dövrü əhatə edən bir mərhələ var ki, onun müzakirəsi gözlənilən idi. Hesab edirəm ki, o məsələlər də müzakirə olunubdur və təbii ki, burada ciddi bir nəticənin alınacağı gözlənilməsə də, hər vəziyyətdə qeyri-formal da olsa bir tədbirin keçirilməsi ilə Rusiya regiona və dünyaya mesaj verməyə çalışır ki, bu dövlətlərlə əlaqələrini bilavasitə davam etdirir.

Görünür ki, Rusiya əslində burada bir ağırlıq qoymaq istəyir, yəni özünün nüfuzunu ortaya qoymaq istəyir, göstərməyə çalışır ki, bu dövlətlər Rusiya üçün strateji, siyasi baxımdan vacib əhəmiyyətə malikdir. Rusiya özünün təsir gücünü göstərməyə çalışır, amma ümumilikdə götürəndə MDB hökumət və dövlət başçılarının qeyri-formal sadəcə olaraq keçmiş SSRİ məkanında münasibətlər sisteminin qorunub saxlanılmasına çalışılan bir sammitdir. Başqa hansısa bir ciddi təsiri olan, yaxud da regiona, ya da dünyaya ciddi təsiri olan bir qurum kimi də yadda qala bilmir, tədbir kimi də yadda qalması çətin məsələdir”, deyə Samir Hümbətov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə