“Pekressin Qarabağa getməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır” - ÖZƏL-MÜNASİBƏT

“Pekressin Qarabağa getməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır” - ÖZƏL-MÜNASİBƏT

“Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycanın icazəsi olmadan Qarabağa getməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan istisna olmaqla bütün dünya dövlətləri, o cümlədən, Minsk Qrupunun həmsədri olan Fransa dövlətimizin ərazi bütövlüyünü tanıyır. Bu səbəbdən Azərbaycan ərazisinə gəlmək istəyən hər bir xarici vətəndaş bunu bizə bildirdikdən və yalnız razılıq aldıqdan sonra ölkəmizə səfər edə bilər”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququn bu tələblərinə hər bir dövlət, ilk növbədə, Minsk qrupunun həmsədri olan Fransa xüsusi diqqət göstərməli və əməl etməlidir: “Fransada gələn ilin aprelində keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində prezidentliyə namizədlərin ermənilərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxması nə ilə əlaqədardır? Məlumdur ki, Fransada 750 min erməni yaşayır və bu ölkə əhalisinin təqribən 1 faizini təşkil edir. Bu son dərəcə kiçik rəqəmdir və buna görə Cənubi Qafqazın lider dövləti Azərbaycanla münasibətləri pozmaq ilk baxışdan son dərəcə ağılsız hərəkət kimi görünür. Ancaq say o qədər çox olmasa da erməni lobbisi Fransada çox güclüdür və yüksək səviyyədə təşkil olunub. Təkcə ermənilər içərisində deyil, əhalinin digər qrupları arasında da onlar iş aparmağı bacarırlar. Ona görə də seçkilərdə iştirak edən hər bir namizəd erməni lobbisinin dəstəyini almağa çalışır. İki prezidentliyə namizədin- Erik Zemmurun və Valeri Pekressin Ermənistana gəlməsi və ermənilərin xoşuna gələn bəyanatlar verməsi, eyni zamanda, hazırkı prezident Emmanuil Makronun gözlənilən səfəri məhz bu amillə bağlıdır”.

A.Səmədov onu da bildirdi ki, bizi narahat edən məqam bir də onunla bağlıdır ki, hər iki namizədin seçkiləri udmaq şansları var və bu cür nəticə Azərbaycana müəyyən problemlər yarada bilər: “Ancaq biz çox ermənipərəst Fransa prezidentlərini gördük və onların göstərdikləri cəhdlərin qarşısını ala bildik. Kimin seçilməsindən asılı olmayaraq bundan sonra da heç kimə maraqlarımıza zərər verən addımlar atmağa imkan verməməliyik. Bu məqsədə nail olmaq üçün isə birliyimizi daha da möhkəmləndirmək zəruridir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə