Erməni deputatı Zəngəzur dəhlizi ilə bağlı hansı etirafı etdi? ETİRAF
Tiqran Abramyan dəhlizin açılmasından başqa digər hər hansı bir çarə görünmür
Ermənistanın ictimai-siyasi rəyində hələ də Zəngəzur dəhlizi ətrafında ikitirəli fikirlər öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Ölkədə dəhlizin açılmasını Ermənistan üçün iqtisadi səmərə gətirəcəyini deyənlərlə əks fikirdə olanlar arasında davam edən polemikalar, hətta zaman-zaman savaş həddinə qədər yetişir.
Bu arada, Ermənistanın revanşist gücləri sırasında yer alan bir sıra deputatlar və siyasət adamları dəhlizlə bağlı fikirlərində məğlub olduqlarını anlamağa başlayırlar. Misal üçün, erməni deputatı, “Şərəf duyuram” fraksiyasının təmsilçisi Tiqran Abramyan həqiqətlə barışdığını belə ifadə edib: “Azərbaycanda “dəhliz” haqqında elə danışırlar ki, sanki o baş vermiş faktdır”.
Erməni deputatı: “Azərbaycan və Türkiyə elə bəyanatlar səsləndirirlər ki, onlardan da imtina etmək mənə elə gəlir ki, çətindir”
SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, Abramyan bu barədə özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, məsələ Ermənistan rəhbərliyinin rəsmi səviyyədə buna necə reaksiya göstərəcəyində deyil: “Problem ondadır ki, hətta bu məsələdə kulisarxası razılaşmalar olmasa belə, Azərbaycan və Türkiyə elə bəyanatlar səsləndirirlər ki, onlardan da imtina etmək mənə elə gəlir ki, çətindir. Daha açıq desək, Azərbaycan dəhlizin olacağını öz ictimaiyyətinə inandıra bilib”, erməni deputatı bildirib.
Fraksiya təmsilçisi: “Burada pis və daha pis arasında seçim edilməlidir”
Abramyan əlavə edib ki, artıq Azərbaycan özünün beynəlxalq partnyorları ilə regional layihələr ətrafında danışıqlar aparır və bu, dəhlizlə bağlı ağır situasiyanı daha da çətinləşdirir. Erməni deputatı dolayısı ilə etiraf edib ki, dəhlizin açılmasından başqa digər hər hansı bir çarə görünmür. “Təəssüf ki, yaranmış şəraitdəki ssenari planında kifayət qədər xoş olmayan vəziyyət yaranıb ki, burada pis və daha pis arasında seçim edilməlidir”, dəhlizin açılması əleyhinə olan erməni deputatı reallıqla barışmalı olduğunu gizlədə bilməyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB