Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında konstruktiv mühitdə keçən görüşü və burada müzakirə olunan məsələlər dünya mətbuatının gündəmindədir. Ekspert rəyləri əsasən Azərbaycan Prezidentinin Brüsseldə əldə etdiyi uğurlar üzərində qurulub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və bununla bağlı hər iki tərəfdən müvəqqəti işçi qrupunun yaradılması, eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələlərinin geniş müzakirə olunduğu görüşün əsas mövzusu, əlbəttə Zəngəzur dəhlizi olub. Ermənistan tərəfinin öz ərazisindən çəkiləcək dəmir yolu xətti ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etməsi maraqlı məqamlardandır. Məlum olub ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Həmin xətt üzərində gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması, avtomobil yolu marşrutunun müəyyən edilməsi də müzakirə mövzusu olub.

Müzakirələrin hansı məcrada getdiyini Azərbaycan Prezidentinin İspaniyanın “El Pais" qəzetinə verdiyi müsahibədə dəqiqləşdirmək olar. Prezident bildirib ki, İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var: “Biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik”.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə görüşdən sonra bəyanatla çıxış edib: “İki ölkənin liderləri üçtərəfli bəyanatlara sadiqliklərini təsdiqlədiklərindən və tərəflərin müdafiə nazirlikləri arasında əlaqələrin qurulmasında irəliləyişin olduğunu qeyd etdiklərindən, Avropa Şurası İrəvan və Bakı arasında iqtisadi əməkdaşlığın inkişafı və etimadın yaradılması üçün platforma yaratmağı təklif edir”.

Avropa İttifaqı Şurasının rəhbərinin bəyanatında əsas humanitar məsələlərin tezliklə həllinin vacibliyi vurğulanır, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi qeyd edilir. Sənəddə deyilir ki, Aİ humanitar minatəmizləmə, o cümlədən ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma səylərini dəstəkləməyə davam edəcək. Ermənistanla Azərbaycan arasında və bütövlükdə Cənubi Qafqazda kommunikasiyaların bərpasının vacibliyi vurğulanıb və bu proses bütün ölkələrin suverenliyinə tam hörmətlə baş verməlidir. Ş.Mişel dəmir yolu xətlərinin bərpasına başlamaq qərarını görüşün əsas nəticələrindən biri adlandırıb və əlavə edib ki, Avropa Şurası da öz növbəsində iqtisadi və investisiya planına uyğun olaraq kommunikasiyaların açılmasını dəstəkləməyə hazırdır.
Bəs Ermənistan tərəfi danışıqlar və müzakirə olunan məsələlər barədə nə yazır? Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə dəmir yolunun yenidən işə salınması ilə bağlı razılıq təsdiqlənib: “Qarşılıqlı prinsiplər üzrə beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcəyik. Biz həmçinin təmasları davam etdirmək barədə razılığa gəldik”.

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 16-da hökumətin iclasında bildirib ki, Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərarımızı və razılığımızı bir daha təsdiqlədik. Bu razılıq üç ölkənin baş nazirinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması ilə məşğul olan Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli işçi qrupunun müzakirələri nəticəsində əldə olunub. Bu razılaşma noyabrın 26-da Soçidə keçirilən görüşdə qeydə alınıb. İndi isə bütün bunlar Brüsseldə bir daha təsdiqlənib.
Onun sözlərinə görə, dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun, qarşılıqlılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək: “Bu dəmir yolu vasitəsilə Ermənistan İran və Rusiyaya, Azərbaycan isə Naxçıvanla dəmir yolu əlaqəsinə çıxış əldə edəcək”.
Baş nazir həmçinin vurğulayıb ki, Türkiyə ilə müəyyən dialoqa başlamaq, sərhədləri və kommunikasiyaları açmaq mümkün olsa, layihə daha da genişlənə bilər: “Yəni, haqqında danışdığımız dəmir yolu Arazdəyəndən Gümrüyə qədər mövcuddur, Gümrüdən Qarsa dəmir yolu var. Amma tikintidən əvvəl geniş işlər görmək lazımdır. Təbii ki, onun bir hissəsi artıq başa çatıb, lakin indi əməli və gündəlik işlərlə problemləri həll etmək lazımdır”.
Paşinyan bu məsələ ilə bağlı dar formatda görüşün keçiriləcəyini də vurğulayıb: “Biz dəmir yoluna mümkün qədər tez sahib olmaq istəyirik. Mən bu müqavilənin və layihənin əhəmiyyətini çox qiymətləndirmək istəmirəm, lakin digər tərəfdən də qiymətləndirmək istəmirəm. Ümid edirəm ki, biz lazımi şəkildə həyata keçirəcəyik və regionda iqtisadi, investisiya, siyasi və təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə dəyişdirəcək mühüm sazişdir”.
2022-ci il yanvarın 15-dək Ermənistanda Paşinyanla birbaşa təmasda olacaq işçi qrupu və digər qrup yaradılacaq. Bu barədə Türkiyənin “Habertürk” qəzetinin jurnalisti Çetiner Çətin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasından danışarkən yazıb: “Ermənistan və Türkiyə arasında üç dərəcə yol xəritəsi olacaq. İlk növbədə çarter reysləri başlayacaq. Danışıqların əsas məsələsi Türkiyə-Naxçıvan-Şərqi Zəngəzur dəhlizinin açılması olacaq. Ankara bu dəhlizin 2022-ci ilin may-iyun aylarından əvvəl açılmasını istəyir. Üçüncü mərhələdə isə iqtisadi əlaqələr başlayacaq. Bu mərhələ iyulda başlayacaq”.
Erməni ekspert Suren Sarkisyan öz Facebook səhifəsində məsələyə fərqli yanaşıb və bildirib ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirdi: “1992-ci il yanvarın 6-dan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ABŞ-ın xarici siyasətində prioritet məsələ olub. Bütün mərhələlərdə, belə bir fürsət olanda Vaşinqton Ermənistan-Türkiyə prosesini dəstəkləyib. İndi Amerika siyasətinin intensivləşməsi də bununla bağlıdır. İndi hamımız (Türkiyə və Azərbaycanla) barışığa razılaşmağa həvəslənəcəyik, çünki biz ərazimiz, suverenliyimiz hesabına güzəştlərə getməyə hazırıq”.
Jurnalistlərə müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan isə bildirib ki, Azərbaycanla dəmir yolunun tikintisi 1,2 milyard dollara başa gələcək. O, izah edib ki, ən böyük layihə Horadizə gedən yolun tikintisidir ki, bu da 1 milyard dollardan artıq vəsaitə başa gələ bilər.
Kerobyan əlavə edib ki, digər böyük layihə dəmir yolunun Mehri hissəsində bərpa və ola bilsin ki, təxminən 200 milyon dollara başa gələ biləcək yeni dəmir yolunun tikintisidir. “Arazdəyəndən İrana qədər olan hissənin tikintisinə çox az pul xərclənəcək. Söhbət bir neçə yüz metr dəmir yolunun təmirindən gedir. Amma bütün dəmir yolu bir anda istifadəyə veriləcəksə, bu, bir neçə il çəkəcək”.

Bəs Ermənistanın baş naziri Nikol Paşinyanın inadını, inkarını kim və necə sındırdı? Bu, əlbəttə, gözlənilməyən, təsadüfi addım deyildi. Baş naziri və onun hakimiyyətini, xuntasını hərb meydanında olduğu kimi, masada da məğlub etməyin, haqq işimizi qəbul etdirməyin yolunu təbii ki, Azərbaycan Prezidenti dəqiq hesablamışdı. İlham Əliyevin cəsarəti, inadı, haqq işindən dönməməsi, milli maraqlarımıza sadiqliyi qısa müddətdə mümkün görünməyəni mümkün etdi. Ermənistan əvvəlcə strateji tərəfdaşı olan Rusiyanın əli ilə Soçidə Azərbaycana təzyiq etməyə çalışdı, müxtəlif arqumentlərə işarə vuran Nikol Paşinyan iddialarını yeridə bilməyəcəyini anlayınca əlində olanları itirməmək üçün Azərbaycan Prezidentinin təkliflərini, tələblərini qəbul etməli oldu. İkinci bir cəhd isə Avropada gerçəkləşdirildi. Əvvəlcə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel vasitəsilə kəşfiyyat aparıldı. Mövqelər bir daha dəqiqləşdirildi, imkanlar götür-qoy edildi. İlham Əliyevin arqumentləri, tarixi arayışları, hazırkı imkanlar və reallıqlar ortaya qoyulandan sonra ümid sona, yekuna qaldı. Bu dəfə isə Fransa prezidenti, Ermənistanın və ermənilərin hamisi rolunda çıxış edən Emmanuel Makron səhnəyə çıxdı. Halbuki, Makronla görüş barəsində əvvəlcədən heç bir açıqlama verilməmişdi. Onun cəhdləri isə uzağa gedə bilmədi, yalnız Soçi və Brüsseldə aparılan danışıqların xatırlanması oldu. Makron sanki Azərbaycan və Ermənistan liderlərinin öz dilindən Cənubi Qafqazda baş verən hadisələr barədə məlumat almaq istəyirdi və aldı.
Bir daha məlum oldu ki, Makronun timsalında Fransanın Ermənistanla Azərbaycan arasında mövcud problemlərin həllində heç bir rolu yoxdur və ola da bilməz.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB