Prezident İlham Əliyev: “Biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik” ŞƏRH
"Biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik." Bunu Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında bildirib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyuldu. Müstəqilliyini yenicə bərpa etmiş bir dövlət üçün mötəbər təşkilatlarla əməkdaşlıq qurmaq və həmin qurumların üzvü olmaq çox zəruri idi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi beynəlxalq aləmə inteqrasiya yolunda ciddi problemlər yaradırdı. Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri qurmuş olsa da, bunu lazımı səviyyədə inkişaf etdirmək mümkün olmamışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu əlaqələr yüksələn xətlə inkişaf etməyə başladı. Belə ki, həmin zamandan başlayaraq, ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlarla əlaqələrin inkişafına nail oldu. Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla davamlı olaraq əməkdaşlıq əlaqələrini genişləndirdi.
"AZƏRBAYCAN NATO-NUN ETİBARLI TƏRƏFDAŞI OLDUĞUNU SÜBUTA YETİRİB"
Azərbaycanın NATO ilə əməkdaşlığı xüsusi qeyd edilməlidir. Müstəqillik yolunda ilk addımlarını atan respublikamızın NATO ilə əməkdaşlığı getdikcə inkişaf etdirməsi müstəqil Azərbaycan dövlətinin xarici siyasətində xüsusi önəm kəsb edir. Xatırladaq ki, Azərbaycan NATO ilə ilk əməkdaşlıq haqqında sənədini 1994-cü ilin aprelində imzalayıb. O zaman Azərbaycan nə iqtisadi, nə siyasi, nə də hərbi cəhətdən indiki qədər güclü idi. 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzalaması ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addım atıldı. Bu proqramın imzalanması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. İlk növbədə, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazanırdı. Bunlarla yanaşı, Azərbaycan Ordusunun NATO-nun hərbi strukturları ilə sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, ordu quruculuğu təcrübəsini artırmaq, peşəkar hərbçilərin yetişdirilməsi, həmçinin beynəlxalq antiterror əməliyyatlarında iştirak etmək sahəsində birgə hərəkət etmək imkanı verirdi. Xatırladaq ki, 1997-ci il noyabrın 14-də Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" sərəncamı bu mötəbər qurumla əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addım oldu. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradıldı. Bir il sonra isə Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə birgə keçirilən hərbi təlimlərdə iştirak etməyə başladılar. Prezident İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, NATO standartlarının tətbiqi, təminat və təchizat sisteminin, maddi-texniki bazanın yeniləşdirilməsi və digər sahələrdə əsaslı islahatlar alyansla əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, qarşılıqlı səfərlər əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm rol oynadı. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. "NATO-nun mənzil-qərargahını bir daha ziyarət etmək mənim üçün böyük şərəfdir. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə etdik. Lakin mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm" - deyən Prezident bildirib ki, bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".
"ÜMUMİLİKDƏ BİZ NATO İLƏ YÜKSƏK SƏVİYYƏLİ QARŞILIQLI FƏALİYYƏTDƏ OLMAQDAN ÇOX ŞADIQ"
Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Bu əməkdaşlıq getdikcə daha da möhkəmlənir. "Bu gün Azərbaycan NATO-ya üzv dörd ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər"- deyə Prezident İlham Əliyev birgə keçirilən mətbuat konfransında bildirib. Dövlət başçısı qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir: "Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik".
“BİZİM SİYASƏTİMİZ ÇOX AÇIQ VƏ AYDINDIR”
«Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir», - deyən dövlət başçısı bildirib ki, bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədini daşıyır: "Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik".
Mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı dövlət başçısına «Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir?» ünvanlanan suala cavab olaraq bildirib ki, Zəngəzur dəhlizi regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını genişləndirəcək. Zəngəzur dəhlizinin açılması ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Əlbəttə ki, bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin təsdiqidir. "Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir", - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik".
"AZƏRBAYCAN QARABAĞLA ERMƏNİSTAN ARASINDA ƏLAQƏ ÜÇÜN TƏHLÜKƏSİZLİYİ VƏ MANEƏSİZ ÇIXIŞI TƏMİN EDİR"
"Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır" - deyə Prezident qeyd edib: «Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması. Bağlılığa gəlincə isə dövlət başçısı regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır", - deyə fikrini davam etdirib: "Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir. Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək, sülh sazişi üzərində çalışmaq istəyirik".
Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir və bunun alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında, eləcə də masa arxasında təmin edib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB