“Noyabrın 14-16-da baş verən qarşıdurmanı Rusiya erməni əlaltıları vasitəsilə təşkil etmişdi” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan-Ermənistan sərhədində təxribatlar daha çox Soçi görüşü ərəfəsində baş verdi. Bu təxribatların törədilməsində həm Ermənistanın, həm də Rusiyanın əli var idi”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, noyabrın 14-16-da baş verən silahlı qarşıdurmanı Rusiya erməni ordusundakı əlaltılarının vasitəsilə təşkil etmişdi: “Məqsəd üçtərəfli görüşü pozmağa çalışan Ermənistanı cəzalandırmaq və ona xəbərdarlıq etmək idi. Moskvaya bağlılığı ilə tanınan nazir Karapetyanın əmri ilə təxribat törədən ermənilər ordumuz tərəfindən ciddi cəzalandırıldı və hərbçilərimiz xeyli irəli gedib, yeni mövqelərdə yerləşdilər. Ertəsi gün N.Paşinyan heç bir izahat vermədən müdafiə nazirini vəzifəsindən azad etdi və ona sadiqliyindən başqa vəzifəsinə heç bir uyğun keyfiyyəti olmayan bir şəxsi ordunun başına gətirdi. Ancaq yeni nazir də heç bir hərbi intizama tabe olmayan, nizami ordudan daha çox başıpozuq quldur dəstələrinə bənzəyənlərin 16 noyabr təxribatının qarşısını ala bilmədi. Nəticədə, ordumuz tərəfindən Ermənistana növbəti ağır zərbələr endirildi, qırxa yaxın erməni əsgəri öldürüldü, itkin və əsir düşdü. Ermənilərin iki postu ordumuzun nəzarətinə keçdi. Yalnız bundan sonra hər iki ölkənin müdafiə nazirlərinin birbaşa əlaqəsinin yaradılması qərara alındı. Soçi görüşü ərəfəsində törədilən erməni təxribatlarının məqsədi nə idi? Mümkün qədər sərhədlərin müəyyənləşməsini ləngitmək”.

A.Səmədov onu da bildirdi ki, Paşinyan yaxşı anlayır ki, delimitasiya və demarkasiya prosesi Ermənistana ciddi problemlər yaradacaq və əhalinin narazılığının artmasına səbəb olacaq: “Çünki SSRİ dağıldıqdan sonra sərhədləri müəyyənləşdirmək mümkün olmadı və Rusiyanın həlledici yardımı ilə ermənilər ərazilərimizi işğal edib, orada istədiklərini etdilər. Azərbaycan torpaqlarında yollar salındı, yaşayış evləri və digər obyektlər tikildi. Sərhədlər müəyyənləşəndən sonra ərazi öz sahibinə qayıdacaq və Ermənistanın sərhəd bölgələri ciddi çətinliklərlə üzləşəcək. Bu çətinlikləri bir qədər ləngitmək, sərhədlərin müəyyənləşməsini gecikdirmək üçün törədilən erməni təxribatları onların özünə əlavə sıxıntılar yaradır və Ermənistanda vəziyyət günü-gündən pisləşir. N.Paşinyan vəziyyətdən çıxış yolu tapa bilmir və bu, onun Soçidəki davranışında açıq-aşkar göründü. Bir şey aydındır ki, erməni təxribatları heç bir nəticə verməyəcək və qısa müddət ərzində sərhədlərin delimitasiyası istiqamətində iş sürətləndiriləcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə