Əli Kərimlinin, Tofiq Yaqublunun həyata keçirdikləri “flaşmob”un məqsədi xəyanətdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Tarix boyu dövlətə və dövlətçiliyə qarşı təxribatların hər zaman bir neçə istiqaməti olub. Xüsusi qeyd etməliyəm ki, daxili qüvvələrin pozuculuq hərəkətləri ən təhlükəli təxribat metodudur. Çünki xarici qüvvələrə qarşı xalq və cəmiyyətin mübarizəsini təşkil etmək daha asan olur. Öz dilində danışmayan, hücum edən yadellilərə qarşı mübarizə xalqı daha da birləşdirir. Necə ki, Vətən Müharibəsi bizim hər birimizi birləşdirdi. Daxildə olan ünsürlərin daha təhlükəli olduğuna gəlincə isə deməliyəm ki, daxildə olan qüvvələr təsadüfi olan və könüllü birləşməyən insan qruplarını tez dağıtmaq iqtidarındadır. Buna ən bariz nümunə kimi Sovet İttifaqını göstərə bilərik. Məcburi şəkildə, heç bir milli-mənəvi dəyərlər, dini, etnik bünövrə üzərində formalaşmayan bu qurum tezliklə çökdü. Milli dövlətlər və mənəvi dəyərlərə söykənən cəmiyyətlərdə isə belə təxirbatlar etmək heç də asan deyil. Xüsusi ilə də əgər güclü lider profili bütün xalqı öz ətrafında birləşdirə bilirsə.

30 noyabr 2021-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində Azərbaycan ordusunun ən dəyərli və təcrübəli zabitləri şəhid olmuşlar. Nəzərə alsaq ki, bir zabitin yetişməsi üçün illər lazımdır, onda dəqiq bilərik ki, bir pilotun yetişməsi nə qədər çətin və uzun illər tələb edən məsələdir. Bəzən cəmiyyətimizdə bəzi ünsürlər sosial şəbəkələr üzərindən böyük yanlışa yol verərək “Qarakənd” faciəsi ilə “Qaraheybət” qəzasını eyniləşdirirlər. Sadə insanlar da buna bilmədən, dərinliyinə varmadan haradasa dəstək verirlər. İlk öncə buna münasibət bildirim ki, “Qarakənd” faciəsi xalqımıza qarşı erməni terroru, qəst, “Qaraheybət” qəzası isə təəssüf ki, bədbəxt hadisədir. Bu qarışıqlığı da sosial şəbəkələr üzərindən yayanlar bilməlidirlər ki, bu kimi hərəkətlər cəmiyyətdə çaşqınlığa səbəb olmaqla yanaşı, onların özlərinin də siyasi arenadan silinməsinə səbəb olacaqdır.

Bir gün böyük mütəfəkkir Mövlanadan soruşurlar ki, böyük alim, ən yaxşı nəyi bilirsən? Cavab çox sadə, lakin mötəbər olur. Deyir ki, ən yaxşı həddimi bilirəm. İndi yerini, həddini bilməyən müxalifət adı altında fəaliyyət göstərən terror qruplarından soruşmaq lazımdır ki, helikopter qəzasında şəhid olan hərbiçilərimizlə vida mərasiminin keçiriləcəyi gün nəyə etiraz edirdilər? Görəsən bütün həyatı boyu xalqına, dövlətinə, cəmiyyətə faydası olmayan Saleh Rüstəmlinin canı şəhidlərimizdən çoxmu önəmlidir? Əlbəttə, hər bir vətəndaşımızın sağlamlığı, həyat şəraiti və rahat yaşamağı dövlətimizin ümdə vəzifələrindəndir. Lakin canını, sağlamlığını vətən uğrunda qurban verənlərdən heç kim, heç nə daha artıq deyil. Xalqın kədərli günündə “Fəvvarələr” meydanında hər kəsin susub yas saxladığı bir zamanda Əli Kərimlinin, Tofiq Yaqublunun həyata keçirdikləri “flaşmob”un məqsədi açıq xəyanətdir.

Azad sözün, azad fikrin qarantı və demokratiyanın ölkəmizdə ən başlıca müdafiəçisi ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevdir. Azərbaycan tarixində görünməmiş Zəfər və milli həmrəyliyin banisi də məhz cənab Ali Baş Komandandır. Siyasi sferada ona dəfələrlə uduzmuş, xalqın etimadını qazana bilməmiş bu kəslər artıq siyasi palitramızda mövcud deyillər. Şuşanın işğaldan azad olunmasına sevinə bilməyənlər Qarabağa, Şərqi Zəngəzura edilmiş səfərlərin bir parçası da olmaq istəmədilər. İçərilərində yaşatdıqları milli xəyanəti təəssüf ki, bu dəfə də gizlədə bilmədilər. Müharibə öncəsində və müharibədən sonra siyasi partiyaların milli həmrəyliklə bağlı imzaladıqları vahid sənədə niyə imza atmadıqları yavaş-yavaş üzə çıxır. Deməli, əgər onda imza atsalar onları maliyyələşdirən, siyasi çöplüyə vaqe olmağa qoymayanlar indi onlara dəstək verə bilməzdilər. Demokratiyadan xəbərləri olmayanlar, ədaləti və azad sözü özlərinin şəxsi maraqlarının köləsi etmiş bu şəxslər, onların havadarları xalqımızın qəzəbindən çəkinməlidirlər. Siyasi varlıqlarını şər, böhtan üzərində qurmaqla müdrik Azərbaycan xalqından müsbət rəy ala bilməyəcəklər.

Dünyada bir müxalifət liderinin öz dövlətindən gileylənməsi böyük ayıb hesab olunur. Bəzən buna siyasi zəiflik, xəyanət belə deyənlər var. Tofiq Yaqublunun şou xarakterli “flaşmob”undan sonra müxtəlif səfikliklərdən, dırnaqarası demokratiya institutlarından, Azərbaycana qarşı birləşən ittifaqlardan səslər yüksəlməyə başladı. Sanki bir nöqtədən düyməyə basılıb, siqnal verilib. Əlbəttə, biz hər şeyin fərqindəyik. 26 noyabrda Moskva görüşündə Rusiyaya uduzan qərbin dırnaqarası demokratiyası və onların əlaltısı olan Ermənistanın görünür ki, əlindən təxribatdan başqa heç nə gəlmir. Digərlərini başa düşdük, düşməndirlər, rəqibdirlər, ölkəmizi təsir dairələrində saxlamağa cəhd edirlər. Bəs daxilimizdəki xəyanətkar axmaqlara nə ad versin bu millət?!

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları mütləq Tofiq Yaqublunun “flaşmob”una rəsmi qaydada araşdırıb cavab verəcəklər. O zaman indi üzə çıxmayan bəzi digər mətləblər də meydana çıxacaqdır. Bu, ölkəmizə qarşı böyük bir təxribatdır. Hər kim bu təxribatın tərkib hissəsidirsə, mütləq öz hüquqi və siyasi cavabını alacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə