Qarabağ bölgəsinin yüksəlişinin təminatçısı - Qalib Lider TƏHLİL

Prezident İlham Əliyev: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”

Bəli, ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq 44 günlük qələbəmizdən bir il keçməsinə baxmayaraq bu istiqamətdə genişmiqyaslı işlər görülür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.

Bəli, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəs alan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır, güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq. Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.

Qalib Liderin bütün dünyaya növbəti mesajı...

“Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz", -deyən Ali Baş Komandanımızın “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad etdi. Və torpaqların sahibləri öz torpağına sahib oldu. Hazırda Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Və dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfəri bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.

Dövlət başçımızın dediyi kimi: “Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də ədaləti bərpa edərək öz torpaqlarımıza sahib olduq.“Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Prezident İlham Əliyevin çıxışlarında bu məzmunlu ifadələr çoxdur. Çünki dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. Tarix boyu belə olub: əgər qazanılmış hərbi qələbənin ardınca quruculuq prosesi başlanırsa, deməli, o qələbəni əldə etmiş xalq parlaq gələcəyə doğru gedən yoldadır. Bu gün Qarabağda, Şərqi Zəngəzurda təməli qoyulan hər tikili, üst-üstə hörülən hər daş, torpağa əkilən hər fidan bu sevginin ifadəsidir. Böyük gücün, zəhmətin, dünyaya fayda vermək arzusunun, Azərbaycan insanının quruculuq əzminin təcəssümüdür.

Bərpa və yenidənqurma işlərinin miqyası çox əhatəlidir

Ermənilərin 30 ilə yaxın işğal dövründə dağıtdıqları, vandallıq və talan etdikləri torpaqlarımıza dövlətimiz indi yeni həyat bəxş edir. 44 günlük Vətən müharibəsinin başa çatmasından cəmi bir il ötməsinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca masştablıdır. Hazırda azad olunmuş bütün ərazilərimizdə kompleks şəkildə yeni infrastruktur yaradılır. Avtomobil və dəmir yolları çəkilir, hava limanları inşa olunur. Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi ilə etibarlı təminatı üçün demək olar ki, bütün rayonlarda yarımstansiyalar inşa olunur, bir neçə su elektrik stansiyasının və yarımstansiyanın, Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yollarının, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və “Zəfər yolu”nda son tamamlanma işlərinin aparılması, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpasına göstərdiyi yüksək diqqətin təcəssümüdür.

İşğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası və yenidənqurulması istiqamətində işlər sürətlə gedir. Şuşanın bərpası istiqamətində qısa müddətdə mühüm işlər görülüb və Qarabağın tacı tarixi şöhrətini özünə qaytarır. Digər rayonların bərpası ilə bağlı müxtəlif layihələr icra olunmaqdadır. Oktyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl şəhərinin bərpasının, həmçinin, burada yaşayış kompleksinin, məktəb və xəstəxana binalarının təməlinin qoyulması bunu təsdiq edir. Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. İşğaldan azad olunmuş rayonlarımızın istər sənaye, istər kənd təsərrüfatı potensialı çox genişdir. Bu torpaqlar həm bərəkətli, həm də yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi resurslarının hərəkətə gətirilməsi, o cümlədən azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına cəlb edilməsi bütövlükdə respublikamızın iqtisadi inkişafına və iqtisadiyyatımızın diversifikasiyasına, xüsusən qeyri-neft sektorunun genişlənməsinə böyük töhfələr verəcək. Prezident İlham Əliyevin fərmanına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da düşmən tapdağından xilas olunan torpaqlarımızın iqtisadi potensialının hərəkətə gətirilməsinə təkan verəcək. Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına səbəb olacaq, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq. Göründüyü kimi, mənfur düşmən torpaqlarımızı nə üçün işğal etdiyini, niyə onillərlə dağıntılar apardığını, ötən 30 il ərzində bundan nə qazandığını indiyədək heç kimə doğru-dürüst izah edə bilməyib. Təbii ki, işğalçılar bədnam əməllərinin əvəzini ödəməli olacaqlar. Azərbaycan isə Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı qarşıya qoyulan vəzifələrin hər biri vaxtında icra olunacaq və çox tezliklə Qarabağa - uzun müddət işğal altında qalmış ərazilərə həyat qayıdacaq.

Ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş Qarabağ torpaqları ilə bağlı hədəfləri çoxdur. Bu hədəflərə nail olmaq üçün qarşıda dayanan əsas vəzifə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada yenidənqurma işlərinin daha sürətlə və daha geniş miqyasda aparılmasını təmin etməkdir. Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə şübhə edilə bilməz.

“Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”

Bəli, bu gün bütün bərpa işləri planlı şəkildə və yüksək səviyyədə görülür. 2021-ci ilin ilk ayından başlayaraq işğaldan azad olunmuş torpaqlara Qalib Liderinin Qələbə yürüşü hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb... Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə