Fransa burnunu hansı işlərə dürtməməlidir? ANALİTİK

Və ya Paris bu kimi fəaliyyətlərini kənara qoyub Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməlidir!

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçı-quldur rejim “nümayəndələrinin” Fransaya səfər ediblər. Saxta “ərazi və infrastrukturun idarə edilməsi naziri” Hayk Xanumyan və dırnaqarası “spiker” Artur Tovmasyanı böyük bacı adlandırdıqları Fransanın senatında Respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri, Qrenobl şəhərinin rəsmiləri və digər rəsmi şəxslər qəbul ediblər.

Onlar noyabrın 15-dən 19-na qədər Fransada səfərdə olublar. Əlbəttə, həmin səfər Fransadan hansısa rəsmi instansiyanın dəvəti ilə deyil, yenə də qondarma “Fransa-Artsax dostluq dərnəyi” adlı qrupun dəvəti əsasında baş tutub. Əvvəlcə, noyabrın 15-də Fransanın Aix-Marseille-Provence Metropoliyasının rəhbəri Martine Vassale, noyabrın 17-də Fransanın Milli Assambleyasındakı həmin qondarma “dərnəyin” rəhbəri François Pupponi ilə görüşüblər. Görüşdə deputatlar Florence Provendier və İsabelle Santiaqo da iştirak ediblər.

Beynəlxalq aləmdə tanınmayan bir qurumun nümayəndələrini rəsmi şəkildə qəbul etməyin arxasında hansı maraqlar dayanır?

Yenə də noyabrın 17-də Xanumyan və Tovmasyan Alfortville şəhərinin meriyasında mer Luc Carvounas ilə görüşüblər, ertəsi gün isə onları Fransa Senatında Respublikaçılar qrupunun rəhbəri, senator Bruno Retailleau qəbul edib. Noyabrın 19-da isə Xankəndindən getmiş separatçıları Valense şəhərinin meri Nikolas Daraqon qəbul edib. Görüşdə həmçinin Bourg-Les-Valence şəhərinin meri Marlene Mourier, Valence şəhəri merinin 1-ci müavini Veronique Pugeat və Montelimar şəhəri merinin 1-ci müavini Marie-Christine Magnanon iştirak ediblər. Həmin gün Xanumyanla Tovmasyanı Fransanın İsere Departamentinin rəhbəri Jean-Pierre Barbier də qəbul edib.

Təbii ki, ilk növbədə ağla gələn fakt və sual budur ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və belə olan halda beynəlxalq aləmdə tanınmayan bir qurumun nümayəndələrini rəsmi şəkildə qəbul etməyin arxasında hansı maraqlar dayanır? Əlbəttə ki, ilk növbədə, riyakarlıq və beynəlxalq hüquqa qarşı çıxmaq maraqları, eləcə də aşkar ermənipərəstlik reallığı.

Qarabağ münaqişəsinin başlanğıc siqnalı da 1987-ci ildə Fransadan verilmişdi

Unutmamalıyıq ki, əslində, Qarabağ münaqişəsinin başlanğıc siqnalı da 1987-ci ildə Fransadan verilmişdi. Erməni akademiki Aqanbeqyanın məhz bu ölkənin mətbuatında Azərbaycanın Qarabağ regionunun ayrılaraq Ermənistana birləşdirilməsi “ideyası” Paris qəzetlərində tirajlanmışdı. Və əgər sonrakı illərdəki proseslərdə də Fransanın çoxsaylı bənzər davranışlarını da buraya əlavə edərsək, üstəlik, 44 günlük İkinci Qarabağ müharibəsində Fransa prezidenti Emmanuel Makronun siyasi artistizm xarakterli bəyanatlarını da xatırlayarsaq, bu zaman nəyin necə olduğunu rahatlıqla təsəvvürümüzdə canlandıra bilərik. Ümumiyyətlə, qarşılıqlı qanunsuz səfərlər daim olub və fransız senatorlarının da dəfələrlə Qarabağa gedərək separatçılara mənəvi, maddi və s. yardımlar göstəriblər. Həmçinin, onlar Qarabağda “Fransa-Erməni məktəbləri” və missionerlik fəaliyyətləri qurublar. Bu da son deyil. Belə ki, Fransa həm də o ölkələrdəndir ki, ATƏT-in Minsk qrupunun üzvü olmasına rəğmən, Fransa parlamentində qondarma “dqr”in tanınması ilə bağlı müzakirələr və dinləmələr də baş tutub.

Milli Məclisdən sərt və haqlı ittihamlar!

Qeyd edək ki, Milli Məclisin iclasında da bu məsələ sərt etirazlar doğurub. Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Fransa Senatında senatorların erməni separatçılarını qəbul etməsinə etirazını bildirib. “Niyə Dnestryanı, Cənubi Osetiya, Abxaziyadan olan separatçıları qəbul etmirsiniz? Ləyaqət davası edən ölkə bu cür ləyaqətsizliyi özünə necə sığışdırır?”, - deputat sual edib.

Onun sözlərinə görə, Fransa 44 günlük savaşda minlərlə gəncin tökülən qanına görə məsuliyyət daşıyır: “Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur. Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Fazil Mustafa da Fransanın erməni separatçılarına qucaq açmasına kəskin etirazını bildirib. “ATƏT-in Minsk Qrupunu rədd etmək üçün” real imkan yarandığını deyən deputat bildirdi ki, bundan yaxşı fürsət ola bilməz.

Eyni zamanda, F.Mustafa qeyd etdi ki, Qarabağ separatçıları ilə bağlı müvafiq araşdırmalar aparılmalı, onların barəsində cinayət işi qaldırılmalı, terrorçu kimi axtarışı təmin olunmalıdır: “Həmçinin, hansı ölkə onları qəbul edirsə, həmin ölkə ilə terrorçuları qəbul edən ölkə kimi davranmaq lazımdır".

Deputat Tural Gəncəliyev Fransa Senatında erməni separatçıların qəbul edilməsini kəskin qınayıb: “Son vaxtlar Fransanın xarici siyasətində ciddi səhvlər formalaşır. Bu cür hərəkətlər Fransa-Azərbaycan münasibətlərinə fayda gətirməyəcək. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələrdə ehtiyatlı olmalıdır. Əks halda, bu, xeyir gətirməyəcək”.

Daha sonra deputatlar Aydın Mirzəzadə, Hikmət Məmmədov və digərləri də Fransanın ermənipərəst siyasətinə qarşı mövqe bildiriblər.

Beləliklə, bir daha sübut olunub ki, bütövlükdə ATƏT-in Minsk qrupu yararsız bir quruma çevrilməsi ilə yanaşı, həm də Fransa kimi ikiüzlü bir dövlətin davranışları bu reallığı daha da artırır, ikili standart faktorunu yenidən ortaya atır. Belə olan halda Azərbaycanın sərt və haqlı mövqe bildirməsi isə ədalətli yanaşma kimi qiymətləndirilməlidir və Paris də əlbəttə ki, bu kimi fəaliyyətlərini kənara qoyub Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməlidir. Etmirsə, bu zaman kənara çəkilməli və bir daha Azərbaycanın daxili işlərinə və ərazilərinə burnunu dürtməməlidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə