Mətbuat Şurasında "Şərq qapısı” qəzetinin 100 illiyi qeyd edilib - FOTOLAR
Bu il muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin yaranmasının 100-cü ildönümü tamam olur. Milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında müstəsna rol oynayan qəzet Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsidir. SİA xəbər verir ki, qəzetin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın vitse-prezidenti Akademik İsa Həbibbəyli və respublikanın tanınmış mətbuat orqanlarının baş redaktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 1921-ci ildə ilk sayı çapdan çıxmış “Şərq qapısı” qəzeti yalnız Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə Azərbaycanın ən uzunömürlü kütləvi informasiya vasitələrindəndir. Mətbuat orqanı ölkəmizin ədəbi-bədii mühitinin, ictimai rəyinin formalaşmasında, milli şüurun və təfəkkürün aşılanmasında müstəsna tarixi xidmətlərilə seçilib. Klassik mətbuatımızın ənənələrinə sadiq qalaraq oturuşmuş jurnalistika məktəbinə çevrilib. “Ötən əsrin 70-ci illərindən başlayaq qəzet Naxçıvanın, ümumən respublikanın aparıcı fikir, düşüncə katalizatoru kimi populyarlaşmağa başlayıb. Bu, həmin dövrdə hakimiyyətə ulu öndər Heydər Əliyevin gəlişi ilə bağlı idi. Mətbuatın ictimai roluna hər zaman böyük önəm vermiş ümummili lider “Şərq qapı”sını fərqləndirirdi. Bu, həm nəşrin tarixinə böyük dəyər idi, həm mətbuatın ictimai missiyasına həssas yanaşmanın, həm də idarəçilikdə mətbuat amilinə önəm verilməsinin bariz göstəricisiydi”. – deyən Ə.Amaşov “Şərq qapısı”nın Azərbaycan xalqının milli istiqlal hərəkatına töhfəsindən də söz açıb. O, diqqəti nəşrin 1990-1993-cü illərdəki fəaliyyətinə yönəldərək vurğulayıb ki, həmin zaman kəsiyində qəzet Heydər Əliyevin muxtar respublikada gördüyü işləri işıqlandırıb, məhrumiyyətlərə baxmayaraq cəsarət nümayiş etdirib. Bu cəhət onu eyni zamanda ideoloji mərkəz kimi tanıdıb.
Ə.Amaşov çıxışında “Şərq qapısı” qəzetinin müstəqillik illərindəki fəaliyyətinə də toxunub. O bildirib ki, hələ Sovetlər Birliyi dönəmində nəşrin 50 illik yubileyinin keçirilməsi təşəbbüsü ilə çıxış etmiş ulu öndər onun 75 illik yubileyinin yüksək səviyyədə təşkilinə də həssas yanaşıb. Sonrakı illərdə nəşrin 80, 85, 90 və 95 illik yubiley tədbirlərinin düzənlənməsi xoş ənənəyə çevrilib. “Bu günün “Şərq qapısı” müasir texnologiyalarla təchiz edilmiş, özünün internet resursuna, mətbəəsinə, ofisinə malik jurnalistika məktəbidir. Qəzetdə başlıca meyar peşəkarlıqdır. Əlbəttə, peşəkarlıq vətənpərvərliklə çulğalaşıb ki, bu da tarixi ənənələrdən qaynaqlanmaqdadır. “Şərq qapısı”nın 100 yaşının təntənəli şəkildə qeyd edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri hörmətli Vasif müəllim Talıbov müvafiq sərəncam imzalayıb. Biz qərara gəldik ki, Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı media vasitələrinin rəhbərlərinin iştirakı ilə də qəzetin yubileyi ilə bağlı toplantı keçirək. Eyni zamanda bu qərara gəldik ki, “Şərq qapısı” qəzetini Şuranın xüsusi diplomu ilə təltif edək”, - deyən MŞ sədri diplomu Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova təqdim edib.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında bildirib ki, milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında müstəsna rol oynayan qəzet Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsidir. 1921-ci ilin noyabrında nəşrə başlamış “Şərq qapısı” böyük inkişaf yolu keçmiş, ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə onun böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüşdür. 100 illik tarixi ərzində burada böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişmişdir. Qəzetin ötən əsrin 70-ci illərində 50 illik yubileyinin qeyd olunub, “Şərəf nişanı”na layiq görülüb.
“1990-1993-cü illərdə ulu öndərimizin Azərbaycanın xilası naminə Naxçıvanda həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar, eləcə də dahi rəhbərin müsahibələri məhz “Şərq qapısı” qəzetində çap olunaraq geniş ictimaiyyətə çatdırılmışdır. Bu dövrdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə onun nəşr olunmasını təmin etmişdir”, - deyən B.Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamına diqqət çəkib. O bildirib ki, sənədə əsasən Tədbirlər Planı təsdiq olunub, muxtar respublikada qəzetin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında “Şərq qapısı” qəzetini məktəb adlandırıb. O vurğulayıb ki, bu məktəb özündə yalnız jurnalistikamızın ənənələrini birləşdirmir, onun yüz illik tarixi nəşri ədəbiyyat, publisistika, elm məktəbi kimi də təqdim etmək üçün geniş məzmunlu əsaslar yaradır. Akademikin sözlərinə görə, Naxçıvanda elə bir yaradıcı şəxs tapılmaz ki, onun həyatında yubilyar nəşrin bu və ya digər formada rolu olmasın. “Şərq qapısı”nın inkişafı yalnız bir qəzetin inkişafı deyil, bütövlükdə Azərbaycan milli mətbuatının inkişaf tarixidir. “Şərq qapısı” özü bir tarixdir, tarixin parçasıdır. O, Naxçıvanın ensiklopediyasını yaratmış mətbuat orqanıdır, salnamədir. Onun səhifələrində jurnalistikanın bütün janrları təmsil olunub. Publisistik dəst-xətt özünü ən mükəmməl surətdə göstərib. Qəzet həm də bir elm mərkəzidir. Azərbaycan, Naxçıvan elmi ilə bağlı fundamental məqalələr, elmi yeniliklər məhz onun səhifələrindən oxuculara çatıb. Bu mənada qəzetin Azərbaycan elminin inkişafında da müstəsna rolu var. “Şərq qapısı” qəzet içində qəzet olub. Hələ ötən əsrin 80-ci illərində nəşrin müxtəlif mövzularda əlavələri nəşr edilib. Bu, o dövr üçün böyük yenilik sayılırdı”, - deyən İ.Həbibbəyli yubilyar mətbuat orqanının Azərbaycanın müstəqillik əldə edilməsindəki rolundan söz açıb. O bildirib ki, hələ SSRİ dağılmazdan öncə “Şərq qapısı”nın müstəqil qəzet kimi 11 sayı işıq üzü görüb və bu, son dərəcə cəsarətli addım idi. Akademik nəşrin ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünü öyrənmək baxımından əvəzsiz mənbə olduğunu vurğulayıb. Qəzetin müstəqillik illərindəki fəaliyyətindən söz açan İ.Həbibbəyli onun hazırda ayrıca mətbəəyə malik olmasını, uğurla fəaliyyət göstərərək ənənələri yaşatmasını Naxçıvanda söz sənətinə verilən dəyərin bariz nümunəsi kimi xarakterizə edib.
Millət vəkili Aqil Abbas çıxış edərək "Şərq qapısı"nın qəzetçilik məktəbinin ən sanballı nümayəndəsi olaraq Azərbaycan media tarixində çox önəmli yer tutduğunu xüsusi olaraq qeyd edib: "Bu qəzetin tarixində çox önəmli hadisələr yazılıb. O bir məktəbdir, onu məzunları ölkə mətbuatının ən önəmli simalarıdır. Onlarla bir arada olmaq, bir sırada Azərbaycan mətbuatını təmsil etmək bizə xoşdur. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyətini öyrənmək üçün "Şərq qapısı" qəzetinin arxivinə müraciət etmək kifayətdir. Deməli bu qəzet həm də bir mənbədir. Mən qəzetin kollektivini təbrik edirəm".
"İki sahil" qəzetinin Baş redaktoru, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək "Şərq qapısı" qəzetinin mətbuatımızın inkişafındakı rolundan, qəzetin redaksiyasında yetişən çoxsaylı jurnalistlər və bu qəzetlə əməkdaşlıq edərək ölkənin ictimai-siyasi həyatında önəmli xidmətlər göstərən insanların Azərbaycan üçün xidmətlərindən danışıb: "Hörmətli akademikimiz İsa Həbibbəylinin dediyi kimi, biz "Şərq qapısı qəzeti"nin məktəbini keçmişik. Yadıma gəlir, hələ 8-ci sinifdə oxuyarkən həm rayon qəzeti, həm də "Şərq qapısı" qəzeti ilə əməkdaşlıq edirdim. Yazılarımı dərc edirdilər və bu, mənim jurnalist kimi formalaşmağımda çox böyük rol oynadı. Ali Məclisin sədri, hörmətli Vasif Talıbovu da qəzetin inkişafında göstərdiyi dəstəyə görə təbrik edirəm. Məhz onun bu qəzetə qayğısı nəticəsində "Şərq qapısı" inkişaf edib və respublika əhəmiyyətli bir media orqanına çevrilib. Fürsətdən istifadə edərək, qəzetin baş redaktorunu, onun əməkdaşlarını 100 illik yubiley münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayıram".
"Səs Qəzeti"nin Baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, “Şərq qapısı” Azərbaycanın önəmli tarixini özündə yaşadan bir mətbuat orqanıdır: “Sovet hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideyalarını təbliğində, fikir və tezislərinin Azərbaycan xalqına çatdırılmasında şərəfli missiyanı uğurla yerinə yetirən “Şərq qapısı” uğurlu yol keçib. Region qəzeti olaraq oxucu dairəsi mərkəzi qəzetlərə nisbətən geniş olmasa da Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan elm və dövlət, çoxsaylı jurnalist ordusunun yetişməsində misilsiz xidmətlər göstərib. "Şərq qapısı" qəzetinin “SƏS" qəzeti ilə əməkdaşlığı da çox məhsuldar olub. Naxçıvan Muxtar Respublikasının həyatında baş verən ən önəmli hadisələrin eyni zamanda "Səs" qəzetində dərc olunması, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə dövlətçiliyimizin bərpası və inkişafı haqda dediyi fikirlərin geniş oxucu kütləsinə çatdırılması həm də iki mətbu orqan arasında əməkdaşlıqdan qaynaqlanırdı. Ona görə də həmin dövr üçün “Şərq qapısı”nın fəaliyyətini xüsusi olaraq dəyərləndirmək lazımdır. “Şərq qapısı”nın ən böyük xidmətlərindən biri də gənclərin vətənpərvər ruhda yetişməsinə verdiyi böyük töhfələrdir. "Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə redaksiyanın bütün kollektivini, ürəyi bu qəzetlə döyünən hər bir oxucunu təbrik edir, müqəddəs fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram".
Çıxış edənlərdən - MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayeva, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsal İsmayılov və başqaları “Şərq qapısı” qəzetinin müxtəlif dövrlərdəki fəaliyyətindən bəhs edib, onun Azərbaycanda milli mənlik şüurunun formalaşmasındakı roluna toxunaraq nəşrin vətənpərvərlik duyğularının yayılmasına, həyatın müxtəlif istiqamətlərinin təşəkkül tapmasına yönələn fəaliyyətini yüksək qiymətləndirib, təbriklərini çatdırıb, səmimi arzu və diklərini ifadə ediblər. Onlar çıxışlarında “Şərq qapısı”nı Naxçıvanla bağlı başlıca informasiya mənbəyi kimi dəyərləndirərək yubilyar qəzetin Bakıda və ölkəmizin müxtəlif bölgələrində yayımının təşkil olunmasının əhəmiyyətindən söz açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB