Bir millət, iki dövlətin qardaşlıq və birlik səfəri TƏHLİL

Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır

“Bu gün Füzuli Beynəlxalq Hava limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Bu, onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi və bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib. Bir millət, iki dövlətin liderləri – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Qarabağ torpaqında növbəti görüşü birliyimizin, gücümüzün göstəricisidir. Bu, həm də onu təsdiq edir ki, hər iki dövlət liderlərinin sözləri imzaları qədər güclüdür.

Prezident İlham Əliyev: “Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək”

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib ki, Türkiyə-Azərbacan həmişə hər işdə bir yerdə olacaq: “Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur koridorunun bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Onların yorulmaz səyləri nəticəsində bu gün bax bu bölgədə yollar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, bizim qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq. Dövlətlərimiz bundan sonra da uğurlu işbirliyi edəcək və beləliklə, Türkiyə-Azərbaycan gücü, birgə gücü daha da təsirli olacaq”.

Rəcəb Tayyib Ərdoğan: “Qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”

El arasında gözəl bir məsəl var: “Yaxşı dost dar gündə sınanar!”. Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq sınıqlardın çıxmış əbədi və sarsılmaz birliyidir. Həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan Ümummilli Liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı ən yüksək zirvədədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib ki, Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir. Təməli qoyulan layihələrin, tunellərin, avtomobil yollarının bölgədə görülən işlərin miqyasını göstərmək baxımından çox önəmli olduğunu qeyd edən Türkiyə Prezidenti deyib: “Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Podratçı firmaların işi ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”.

Rəcəb Tayyib Ərdoğan: “İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil”

“Bu gün etdiyimiz səfər zamanı Azərbaycandakı işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil”,-deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək buralardan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarımıza bir müjdədir: “İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa müddətdə son dərəcə gözəl bir şəkildə inşa edilən, bərpa olunan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər».

Türkiyə Prezidenti həmçinin bildirib ki, Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir: “Bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının qarşısında bir maneə qalmayacaq: “Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək əlbəttə ki, mümkündür. Davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını Türkiyənin də eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.

Prezident İlham Əliyev: “Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq bərpa dövründə yenə də bizimlə bərabərsiniz”

“İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub”, - deyən Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: “Əziz Qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək, siyasi və mənəvi dəstək verdi, bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə, əziz Qardaşım, öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq bərpa dövründə yenə də bizimlə bərabərsiniz”.

Azərbaycan Prezidenti: “Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq”

“Bu gün Zəngilan rayonunda birinci özəl yatırım layihəsinin də təməlini qoyduq. Bu yatırım layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də bizim çiyin-çiyinə bir yerdə irəlilədiyimizi bir daha göstərir. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq”.

Dövlət başçısı onu da qəti şəkildə bildirib ki, bu birlik əbədi qalacaq: “Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Azərbaycan Prezidenti onu da bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır: “Bu gün Füzuli Beynəlxalq Hava limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir”. “Bu, onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi və bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Türkiyə Prezidenti: “Bu bölgələri sürətlə inkişaf etdirmək hər siyasətçinin işi deyil”

“İşğaldan azad edilən bu gözəl bölgədə dörd aylıq fasilədən sonra, Füzulidən sonra Zəngilanda olmaqdan böyük bir qürur duyuram”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngilanda keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib. “Dəyərli qardaşım, Prezident İlham Əliyevə xoş dəvət üçün bir daha şəxsim, heyətim, millətim adından təşəkkür edirəm. Qısa zaman içərisində Azərbaycanda işğaldan azad edilən bu bölgələri necə sürətlə inkişaf etdirmək hər igidin, siyasətçinin bacara biləcəyi iş deyil", - deyə Türkiyə Prezidenti vurğulayıb. Bir sözlə, iki güclü ölkənin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəmir siyasəti daha da möhkəmlənəcək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR! Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə