Qubada şəhid Eynulla Lətifovun ailəsi ziyarət olunub ANIM

Qubada şəhid Eynulla Lətifovun ailəsi ziyarət olunub ANIM

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba rayon İkinci Nügədi kəndindən olan şəhid Lətifov Eynulla Niyətulla oğlunun ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub, şəhidin əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, Eynulla Lətifov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Qəfildən səngərdə partlayan mərmi Eynullanın həyatına son qoydu. Ürəyində vətən məhəbbəti yaşadan Eynulla, qeyrətli bir Azərbaycan oğlu, əbədi olaraq gözlərini yumdu. Ölümü ilə ölümsüzlüyə qovuşan şəhidimiz Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Uyuduğu məzarlığın yaxınlığındakı küçəyə Eynulla Lətifovun adı verilib. Şəhid ailəsinə "Sədərək Merinos" xalça sexi Eynullanın şəkli əks olunmuş xalça, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu "Qurani-Kərim"i hədiyyə edib.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz canından keçərək, Şəhidlik zirvəsinə ucalıblar. O, qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri də bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından azad olunması üçün canından keçən Azərbaycanın mərd oğulları bizim qürur mənbəyimizdir.

Sonra Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəyə səbr diləyib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə