“ABŞ da Fransa kimi Qarabağa status vermək üçün əlindən gələni edir” - AÇIQLAMA
“ABŞ-ın müdafiə naziri Tiflisdə səfərdə olarkən Türkiyənin dəfələrlə təklif etdiyi və Rusiyanın dəstəklədiyi yeni danışıqlar formatına qarşı çıxıb. ABŞ rəsmisinin belə mövqe tutmasında və region üçün ciddi perspektivlər vəd edən 3+3 formatına qarşı çıxmasında qeyri-adi heç nə yoxdur. Çox təəssüf ki, dünyanın supergücü olan bu dövlət Türkiyənin təklif etdiyi və aktiv iştirak etdiyi bütün təkliflərə son dövrlər eyni münasibəti göstərir”. Bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatların uğurla davam etdiyi günlərdə - 31 oktyabr 2020-ci il tarixdə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O”Brayen açıq şəkildə bəyan etdi ki, Türkiyənin vasitəçilik etməsi və sülhyaratma işində iştirakı barədə irəli sürülən uğursuz təşəbbüslər ABŞ və Ermənistan üçün qəbuledilməzdir. Məlumdur ki, 3+3 danışıqlar formatı ideyasını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2008-ci ildə səsləndirmişdi və o dövrdə Azərbaycan istisna olmaqla, digər region dövlətlərindən dəstək görməmişdi. Türkiyə Prezidenti bu təklifi 44 günlük müharibənin gedişində təkrar etdi və gözlənilmədən ilk dəstək İrandan gəldi. ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid edən qonşumuz münaqişənin aradan qaldırılması istiqamətində danışıqların 3+3 formatında aparılmasını zəruri saydığını bəyan etdi. Son günlər Minsk Qrupunun vasitəçilik təşəbbüsünü ələ almasına imkan vermək istəməyən Rusiya bu təklifə açıq dəstək verdi. Rusiya xarici işlər naziri iranlı həmkarını qəbul edərkən bu məsələni müzakirə etdiklərinin üzərində xüsusi dayandı və hər iki dövlətin bu formatı dəstəklədiyini qeyd etdi”.
A.Səmədov onu da bildirib ki, Ermənistan üçün bu formatın qəbuledilməz olduğunu açıq şəkildə ifadə etməkdən çəkinən N.Paşinyan Rusiya prezidenti ilə görüşdə ehtiyatla təklifə qarşı çıxdı və Rusiyanın Minsk Qrupunun həmsədri olduğunu və bu səbəbdən qrupu oyundankənar vəziyyətdə qoymalı olmadığını ona xatırlatmaq məcburiyyətində qaldı: “Gürcüstan xarici işlər naziri David Zakaliani - “Rusiya ilə birlikdə bu formatda iştirak çətin olsa da, Gürcüstan bu cür geopolitik layihələrdən kənarda qalmamalı, təmsil olunmalıdır”-dedi və 3+3 formatında iştiraklarının zəruri olduğunu ehtiyatla olsa da nəzərə çatdırdı. Görünür, Minsk Qrupunu danışıqlardan kənarda qoyan bu formatın baş tutacağından çəkinən ABŞ müdafiə naziri bu birliyin qarşısını almaq üçün Tiflisdə həmin bəyanatı verdi. Çünki, ABŞ digər həmsədr Fransa kimi Qarabağa status vermək üçün əlindən gələni edir və 3+3 formatı bu məqsədə nail olmaqda ciddi problem yarada bilər. Yeri gəlmişkən, Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, Qarabağ münaqişəsinə münasibətdə bizimlə Rusiya arasında fikir ayrılığı yoxdur. ATƏT-in digər iki həmsədrini qorxudan məqam da budur və bu səbəbdən onlar regionumuza dayanıqlı sülh gətirəcək danışıqlar formatını pozmaq üçün əllərindən gələni edirlər və edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə