Azərbaycan xalqı qalib xalq olduğunu bütün dünyaya sübut etdi - TƏHLİL

Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı Vətən müharibəsində şanlı qəhrəmanlıq salnaməsi yazdı

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Əlbəttə, rəşadətli ordumuzun bölmələrinin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması bizlərə fəxarət hissini yaşatdı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu statusun götürülməsi hər kəsin sevincinə səbəb oldu.

" HARADADIR BU "YENİLMƏZ ERMƏNİSTAN ORDUSU?"

44 günlük Vətən müharibəsində ordumuz qələbə tariximizi yazırdı. Elə ilk gündən - 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, 3 oktyabrda Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, 4 oktyabrda Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləriişğaldan azad olundu. Hər gün qələbə sevinci ilə yaşayırdıq. Azad olunan torpaqlarmızın sədasını hər gün eşitdik. 44 günün hər günü bizim üçün qəhrəmanlıq tarixi oldu. Məğrurluq, ucalıq gətirdi xalqımıza. "Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığa atırdı, "yenilməz Ermənistan ordusu" barədə miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan ordusu?". Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq", - deyə dövlət başçısı bildirmişdir.

Ardıcıl olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan bizə qələbə xəbərlərini çatdırırdı. Böyük həyəcanla gözləyirdik. Onlarla qəsəbə və kəndlərimizin, eləcə də şəhərlərimizin azad olunmasının xəbərini yaşamaq xoşbəxliyini yaşayırdıq. Dövlət başçısının hər gün "Twitter" hesabında işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adları yazılırdı. Bu, hər kəsi sevindirirdi. Hər dəfə xalqımız Ali Baş Komandanın xalqa müraciətini səbirsizliklə gözləyirdi. Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılması hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə olaraq qan yaddaşımıza yazıld. 17 oktyabr tarixi. Bu gün isə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olundu. Hər kəs bu sevinci göz yaşları ilə qarşıladı və yaşadı. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun artıq bu tarixə qədər bir neçə kəndi alınmışdır. Davam edən əməliyyatlar nəticəsində isə 20 oktyabrda Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Saracıq, 21 oktyabrda Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabrda Mandılı, 7 noyabrda Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar və digər tarixlərdə bir neçə kəndi də Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olundu. Bu tarixlər Füzülinin tarixində hər zaman yaşanacaq günlər kimi əbədiləşdi.

Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu.1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli şəhəri Yağlıvənd, Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. 17 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu.

"MƏNİM İŞİMİN ƏSAS HİSSƏSİ ORDU QURUCULUĞUNA HƏSR EDİLMİŞDİR"

Artıq neçə illər idi ki, Azərbaycanın işğal altında olan torpaqlarından yazır və hər bir rayona erməni təcavüzkarlarının vurduğu maddi və mənəvi ziyanı vurğulayırdıq. Və hər dəfə də tezliklə işğal tariximizi qələbə, zəfər tarixinin əvəzləyəcəyi günə inanırdıq. İnamımız reallaşdı.44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bəli, bu gün Azərbaycanın güclü ordusu, yenilməz ordusu var. "Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək", - deyən dövlət başçısı bunun asan məsələ olmadığını qeyd etmişdir.

Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə Füzuli qaynar həyatına dönəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə