Azərbaycanda yol infrastrukturu müasirləşir TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsində 8,0 (səkkiz) milyon manat ayrılıb

Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Son illərin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".

Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Bu gün pandemiya şəraitində yaşadığımız zamanda ölkədə sosial layihələr davamlı olaraq uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlər istifadəyə verilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkəmizdə yolların yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Belə ki, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsi, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiqyaslı işlər aparılır. Kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçirilir. Bu yaxınlarda dövlət başçısının "Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, Binəqədi rayonunun M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 3,7 milyon (üç milyon yeddi yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Dövlət başçısının 15 sentyabr tarixli "Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında mövcud olan çətinliklər aradan qalxır. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Göründüyü kimi, ölkə başçısının tapşırığı ilə son illərdə yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində həyata keçirilən layihələr nəticisində yeni yollar çəkilib.

Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə