Ali siyasi iradənin təzahürü - milli həmrəylik -ANALİZ

Ali siyasi iradənin təzahürü - milli həmrəylik -ANALİZ

Azərbaycan hazırda çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət, qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb ki, bu yeni dövr, bu yeni inkişaf mərhələsi siyasi partiyalar tərəfindən yüksək qiymətləndirilir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə ölkə başçısının rəhbərliyi ilə son qoyulması siyasi partiyalar arasında dialoq mühitinn daha da yaxşılaşdırılmasına əsaslı zəmin yaratdığı günün reallığıdır.

Plüralist cəmiyyətin mövcudluğu ölkədə demokratiyanın varlığını təsdiq edir və hazırda ölkəmizin ictimai-siyasi həyatında daim rəqabətdə və mübarizədə olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu Azərbaycanda demokratiyanın dinamik olaraq, yüksələn xətt üzrə inkişafından xəbər verir və sosial-siyasi münasibətlərin dirçəliş meyillərinin inkişafını da stimullaşdırır. Sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşan, hüquqi dövlət quruculuğu və demokratiyanın ölçülməsində əsas indiqatorlardan sayılan plüralizm ölkədə demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir və bu indiqatorlar üzrə qlobal hesabatlarda durmadan irəliləyən Azərbaycanda artıq siyasi partiyaların siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etməsi milli həmrəylik nümayiş etdirməsi deməkdir. Bu baxımdan 9 sentyabr tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi görüş, milli həmrəylik nümayişi kimi xüsusi diqqətə layiqdir.

Hər bir cəmiyyətdə, hər bir dövlət daxilində müxtəlif partiyaların, fərqli siyasi baxışların olması normaldır və hətta bu hal ölkədə demokratiyanın varlığını təsdiqləyir. Beləki, alternativ fikirlərin, fərqli yanaşmanın olması rəqabət mühitinin yaranmasına, nəticədə isə daha sağlam mühitin formalaşmasına əsaslı zəmin yaradır. Yəni, təkpartiyalılıqdan fərqli olaraq çoxpartiyalı sistem yekunda cəmiyyətin daha sağlam yetişməsini, daha doğru yola istiqamətlənməsini şərtləndirir. Bütün dünya ölkələrində hakimiyyətə müxalif qüvvələr, partiyalar, qurumlar mövcuddur və bu, tamamilə normal qarşılanır. Əvvəla, demokratik cəmiyyət üçün belə bir hal qəbulolunan, hətta arzuolunandır. Digər tərəfdən isə, məhz sağlam müxalif qüvvələrin, qurumların, təşkilatların, müxalifət partiyalarının olması sayəsində fərqli fikirlər, ideyalar, təkliflər ortaya çıxa bilir ki, bu da ən sonda dövlət, cəmiyyət üçün sağlam rəqabət mühiti, eləcə də inkişaf deməkdir.

Ölkəmizdə də çoxpartiyalı sistem mövcuddur və siyasi partiyaların mövcudluğu, fəaliyyəti üçün münbit şərait yaradılıb. Belə bir şərait cəmiyyətin ən ümdə azadlığı, söz, ifadə, fikir azadlığının, plüralizmin mövcudluğu, demokratiyanın daha da inkişafı üçün yaradılıb. Təbii ki, bütün bunlar dövlət siyasətinin qayəsini təşkil edir və vətəndaş amili birinci yerdə olan Azərbaycan dövlətində söz, fikir, ifadə, məlumat azadlığı olmaqla, cəmiyyətin bütün hüquq və azadlıqları qorunur. Bunu da diqqətə çatdıraq ki, ölkəmizdə plüralizm məhz dövlətin diqqət və qayğısı, yaratdığı şərait sayəsində formalaşıb və göründüyü kimi bu şərait günü-gündən yaxşılaşdırılır.

Əlbəttə ki, hər yerdə olduğu kimi, ölkəmizdə də siyasi partiyalar üçün yaradılan şəraitdən, plüralizm mühitindən, söz, fikir, ifadə azadlığından sui istifadə hallarına da rast gəlinir və göründüyü kimi, ictimai qınağa da səbəb olur. Bəzi dırnaqarası demokratik qüvvələr, özünü xalqın təəssübkeşi kimi qələmə verməyə çalışan, əslində isə, anti-Azərbaycan şəbəkənin marianeti olaraq davranan, əvəzində vəsait alan, bir sözlə, kimlərə isə satılmış qüvvələr də var və onların fəaliyyəti cəmiyyətimiz tərəfindən nifrətlə qarşılanır. Çünki, onlar ölkəmizin inkişafı, tərəqqisi, uğur və nailiyyətləri üçün çalışmırlar və onlar yalnız pozucu fəaliyyətlə məşğul olur, Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzuna belə xələl gətirməyə can atırlar, bu yolda ən çirkin əməllərdən belə çəkinmirlər. Bu isə demokratiya yox, anarxiyadır və sevindirici haldır ki, cəmiyyətimizdə belələri sayca kifayət qədər azdır. Əksinə, bu gün ölkəmizin, dövlətimizin, xalqımızın, cəmiyyətimizin inkişafı naminə həmrəylik nümayiş etdirən qurumlar, təşkilatlar, siyasi partiyalar kifayət qədərdir və onların həmrəyliyi Azərbaycan cəmiyəti tərəfindən bəyənilir, dəstəklənir.

Cənab Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğu günün reallığıdır. Məhz ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə 9 sentyabr tarixində keçirilən görüş bu reallığın bariz nümunəsidir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır. Beləki, siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. Təbii ki, bu zaman yeni-yeni təkliflər ortaya çıxa bilir ki, nəticə etibarı ilə ümumi işin xeyrinə, milli maraqların qorunmasına hesablanmış olur. Məhz bu baxımdan da, heç şübhəsiz ki, belə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyi gözləniləndir və təqdirəlayiqdir.

Nəzərə almaq və unutmamaq lazımdır ki, Ali Baş Komandanın, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə Ermənistana həm də birliyimiz sayəsində qalib gəlib. Milli həmrəylik, birlik işğalçıların torpaqlarımzdan qovulmasında əsaslı rol oynamış olub. Bu həmrəylik, bu birlik sayəsində 30 il işğal altında qalan torpaqların geri qaytarılması reallaşıb. Hal-hazırda işğaldan azad olunan həmin torpaqlarda abadlıq-quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirilməsi də birliyimiz sayəsində reallaşır. Daha dəqiq desək, bütün dünya bizim milli birliyimizin şahidi olub və bu gün də şahididir. Hətta 44 günlük Vətən müharibəsi milli həmrəyliyimizi, Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu bütün dünyaya göstərdi.

Göründüyü kimi, milli həmrəylik, birlik öz bəhrəsini verməkdədir və Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə milli həmrəylik və sağlam siyasi münasibətlərə köklənmiş siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurların bundan sonra da davam edəcəyinə zərrə qədər şübhə yoxdur. Azərbaycanda çoxpartiyalılığın inkişafına yönəlmiş addımlar ali siyasi iradənin təzahürüdür və hər hansı amilə görə ayrı-seçkilik qoymadan, iqtidarın bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğu təkzib edilə, danıla bilməz. Heç şübhəsiz ki, ölkədə davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında siyasi dialoq mühitinin əhəmiyyəti böyükdür və bu istiqamətdə sağlam əməkdaşlığın davam etdirilməsi çox vacibdir. Bu baxımdan qısa müddət ərzində əldə olunmuş uğurlu əməkdaşlıq nümunələrinin sayının artırılması, dayanaqlı dialoq ənənələrinin daha da dərinləşdirilməsi məqsədəuyğundur və bütün səylərin ölkənin inkişafı və xalqın rifahına yönəldilməsi daha böyük, müsbət nəticələr vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə