İranın "Babak copper" şirkəti Ermənistanda nə axtarır?

İranın "Babak copper" şirkəti Ermənistanda nə axtarır?

Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə stimul verən amillər artıq gizlilikdən çıxıb. Bu ölkə bütün qonşularına qarşı ərazi iddiasındadır. Uydurma tarix, qondarma xəritələr, oğurlanmış mədəniyyət, adət-ənənələr işğalçı Ermənistanın və ermənilərin xislətinə hopub, həyat tərzinə çevrilib, desək, yanılmarıq. Ermənilərin bu əməlləri ilə həmrəy olanlar, işğalçılıq siyasətinə dəstək verənlər məxfiliklərini qorumağa çalışsalar da, əvvəl-axır çirkin oyunları üzə çıxır, ifşa olunurlar.

Sentyabrın 8-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Kristin Qaleçyan İranın məşhur “Babak copper” şirkətinin icraçı direktor Məhəmməd Rza Mirzənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Soruşmaq olar, "burada nə var ki?". Məsələ bundadır ki, cənub qonşumuz, din, dil, məzhəb birliyimiz olan İranın ən böyük və məşhur mədən şirkətlərindən biri olan "Babak copper" Ermənistanın əsas gəlir sektoru olan dağ-mədən sənayesinə külli miqdarda investisiya yatırmaq istəyir. Bu niyyəti görüş zamanı şirkətin rəhbəri cənab Mirzə də təkrarlayıb: "Görüşün məqsədi "Babak copper"in potensialını təqdim etmək və Ermənistana investisiya qoyma imkanlarını erməni tərəfi ilə müzakirə etməkdir".

Öz növbəsində, Qaleçyan Ermənistanla İran arasında bir çox sahələrdə artıq uğurlu əməkdaşlığın olduğunu vurğulayıb, yeraltı sektorun da İran tərəfinin maraqlarına uyğun olduğunu bildirməkdən məmnun olduğunu bildirib.

Qeyd edək ki, "Babak copper" şirkəti İran iqtisadiyyatına 400 milyon avrodan çox sərmayə yatıran şirkətlərdən biridir. Həmçinin İranda dağ-mədən sənayesi, xüsusən mis istehsalı sahəsində fəaliyyət göstərən azsaylı şirkətlərdəndir. İranda mis mədənlərinin 40 faizi bu şirkətin vasitəsilə istismar edilir. Ermənistana "Babak copper"i çəkib-gətirən isə müharibədən sonra perspektivsizlik səbəbindən Ermənistanı tərk edən xarici şirkətlərin yerini doldurmaqdır. Əldə edilən məlumata görə, Zod qızıl yatağının Ermənistan tərəfinə düşən hissəsindəki mədənlər də bu şirkətin hədəflərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə