"Bu, düşmənə və havadarlarına göz dağıdır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu, düşmənə və havadarlarına göz dağıdır" - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfər etməsinin çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısı işğaldan azad olunmuş dağlıq ərazilərdən olan ən ucqar Azərbaycan torpaqlarını ziyarət etdi: “Eyni zamanda, Ali Baş Komandan torpaqlarını işğaldan azad etmiş, Azərbaycanın dövlət sərhədlərində, dövlətimizin, torpağımızın keşiyini çəkən, təhlükəsizliyimizi təmin edən əsgərlərin yanına gedir. Təbii ki, bu, düşmənə və onun havadarlarına göz dağıdır. Cənab Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfər etməsi bir növ xəbərdarlıqdır, gözdağıdır: “Bu torpaqların sahibləri gəlib. Siz işğalçısınız, dağıdıcısınız, vəhşisiniz. Keçdiyiniz hər yeri viran qoymusunuz”. Bu səfərdə cənab Prezident İlham Əliyev yolların çəkilişində, tunellərin açılışı, onların bünövrələrinin qoyulması, Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması, enerji təminatı obyektlərinin təməlinin qoyulmasında iştirak etməsi bütün dünyaya bir mesaj idi ki, bu yerlərin hamısı bizim dədə-baba, tarixi torpaqlarımızdır: “İndi biz gəlib bu torpaqlara sahib çıxmışıq. Bu torpaqlarda yaradıcı, qurucu, inkişaf etdirici bir dövlətik və əməlimizlə biz bunu sübut edirik. Yollar çəkirik, körpülər tikirik, abadlaşdırma işləri aparırıq”.

Bunların hamısı ilhamverici, qürurverici hərəkətlərdir. Cənab Prezidentimiz Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva ilə bu torpaqlara səfər etməsi eyni zamanda həm öz əsgərinə, həm də öz xalqına nümunə kimi göstərir ki, “bax mən bir Prezident kimi, bir vətəndaş kimi həyat yoldaşım Mehriban xanım Əliyeva ilə ən təhlükəli bölgəni səfər etməyə gəlmişəm”. Bunların hamısı bizim üçün bir nümunədir. Düşmən üçün isə bu, bir xəbərdarlıqdır, mesajdır, gözdağıdır. Yəni düşmən və onun havadarları dərk edir ki, bu yerlərin əsl sahibləri Azərbaycan xalqıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə