Prezidentin müsahibəsi: Moskva qəti qərarını verməlidirmi? ANALİTİK+ŞƏRH

Prezidentin müsahibəsi: Moskva qəti qərarını verməlidirmi? ANALİTİK+ŞƏRH

Dmitri Qalkin: “Rusiya sülhməramlılarının mövcudluğu mənasını itirir”

Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk telekanalına müsahibəsi zamanı Ermənistan tərəfindən Qarabağa hərbçilər sızdırması barədə fikirlərini irəli sürdü və eyni zamanda bildirdi ki, onlar Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətləri altındakı bölgələrdən keçirlər. Dövlətimizin başçısı paralel olaraq Ermənistanın Rusiya tərəfindən silahlandırılması məsələsinə də toxunaraq narahatlığını ifadə etdi və Moskvanı bu işdən çəkinməyə dəvət etdi. Belə ki, bu cür davam edərsə, istər Qarabağda, istərsə də Ermənistanla sərhəd zolaqlarında gərginlik davam edə bilər. Halbuki, Rusiya sülhməramlılarının Azərbaycanın dəvəti ilə regiona daxil olmasının əsas məqsədlərindən biri və ən əsası gərginliyi azaltmaqdan, təhlükəsizliyi təmin etməkdən ibarətdir. Halbuki bütün bunlara rəğmən, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtina edən Ermənistan artıq hər gün atəşkəs rejimini pozur, bu vasitə ilə münaqişə zonasında növbəti müharibənin başlaması ehtimallarını artırır. Əbəs deyil ki, dövlət başçımız bu barədə müsahibəsində vurğuladı və sərt şəkildə xəbərdarlıqlarını bildirdi.

SİA xəbər verir ki, sözügedən mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert, siyasi şərhçi, Kiyevdə nəşr edilər “2000” həftəliyinin siyasi yazarı Dmitri Qalkin bir sıra maraqlı məqamlara toxunaraq caliber informasiya-analitik mərkəzinin suallarını cavablandırıb.

Rusiya müharibədən sonra Türkiyənin regiondakı təsirlərini azaltması üçün mümkün olan hər şeyi etdi

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin etinasızlığı, yaxud açıq-aşkar ermənilərin işğalçılıq maraqlarına bu və ya digər cəhətdən göz yummaları bilavasitə Rusiyanın siyasətinin bir parçasıdır. O cümlədən, əgər Rusiya Ermənistanın inadkarlığının, pozuculuğunun qarşısını almırsa, bu zaman sülhməramlıların da bəlli fəaliyyətləri üçtərəfli bəyanatda tələb edilən bəndlərin icrası üçün səmərə vermir. “Belə olan halda sülhməramlıların mövcudluğu həqiqətən də öz mənasını itirmiş olur”, deyən ekseprt rusların sülhməramlılıq funksiyasını icra etmək üçün qabiliyyətinin olub-olmaması sualının meydana çıxdığını bildirib. Sitat: “Lakin onlar (Rusiya) üçün sülhməramlı kontingentini saxlamaq vacibdir Rusiya müharibədən sonra Türkiyənin regiondakı təsirlərini azaltması üçün mümkün olan hər şeyi etdi və türklərin münaqişə zonasında birbaşa iştirakına yol verə bilməz. Əgər Rusiya öz sülhməramlılıq funksiyasını həyata keçirməsində bacarığının olmadığını nümayiş etdirərsə, bu zaman Türkiyənin iştirakı ilə bağlı tələbləri yenidən qaldırmaq olar. Bu dəfə Rusiya Federasiyası üçün daha çətin situasiyada. Ona görə ki, əgər o əvvəllər deyirdisə ki, “başqa oyunçulara ehtiyac yoxdur, çünki özümüz həll edəcəyik”, indi həmin mümkünlüyünü itirmək üzrədir. İndi Rusiya üçün Ermənistanı bir tərəfə çəkmək kritik olaraq vacibdir. İrəvan özünü uduzmuş oyunçu olaraq görür və o, gözlənilməz şəkildə məğlub oldu. İrəvan hər nə cür olursa-olsun, situasiyanı düzəltməyə cəhd göstərir. Rusiya üzərinə götürdüyü funksiyaları həyata keçirməlidir. Aydındır ki, Ermənistandakı daxili siyasi situasiya baxımından bu, heç də asan deyil. Rusiyanın da erməni rəhbərliyi ilə bağlı münasibətləri elə də asan deyil”, Qalkin bildirib.

Rusiya erməniləri silahlandırsa belə, reallıqdan kənara çıxa bilməz

Siyasi şərhçi bildirib ki, burada digər faktorlar da var. Belə ki, Rusiya anlamalıdır və düşünürəm ki, anlayacaq da - əgər o nümayişkəranə şəkildə üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, sülhün təmin olunması üçün Türkiyənin iştirakı məsələsinin vacibliyi ortaya çıxacaq.

Rusiyanın Ermənistanı silahlandırması məsələsinə gəlincə, o, digər maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Rusiya erməniləri silahlandırsa belə, reallıqdan kənara çıxa bilməz və Ermənistanın 2020-ci ilin payızına qədər dayandığı mövqelərə yenidən sahib durması mümkün deyil: “Bu, teoriya baxımından da mümkün görünmür. Mən düşünürəm ki, Ermənistanın bu yolla müharibəyə doğru istiqamətləndirilməsi yoxdur. Yeni hərbi əməliyyatlar Rusiyanın özü üçün strateji təhlükə yaradar. Ona görə də o, gərginliyin inkişafını saxlaya biləcək. Baxmayaraq ki, Ermənistan gərginliyi artırmaqda maraqlıdır. Baxın, Rusiya necə çətin situasiyada qalıb. Ermənistan Cənubi Qafqazda onun yeganə müttəfiqidir. Rusiyanın münaqişə zonasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə yanaşı, xarici siyasi maraqları baxımından neytrallıqda qalması mümkün deyil. Bu səbəbdən də göstərməlidir ki, onun Ermənistanla sıx bağlantıları var və İrəvan onun mühüm müttəfiqi kimi qalmaqdadır, Rusiya ermənilərə kömək edib və edəcək, dəstəkləyəcək. Və hesab edirəm ki, Rusiyanın Ermənistana silah satması praktiki mənadan daha çox simvolik xarakter daşıyır. Bu simvolizə göstərir ki, Rusiya oyunçu olaraq qalır və əvvəlki kimi Ermənistanı dəstəkləyir. Lakin erməni tərəfi üçün rus silahının alınması açıq-aşkar simvolik məna daşımır. Ermənistan daha çox silahların praktiki istifadəsini hesablayır. Bir daha deyirəm, Rusiya çox çətin situasiyadadır. O, Ermənistana silah satmaya bilməz. Ancaq bununla yanaşı, Rusiya yaxşı bilir ki, onun simvolik fəaliyyəti ümumiyyətlə, Rusiya üçün arzuolunmaz praktiki nəticələrə gətirib-çıxara bilər”.

Rusiya Ermənistanı aldatmaqda davam edəcək, ancaq bu da onu çətin vəziyyətə sürükləyir

Erməni təxribatlarının rus sülhməramlılarının gözləri qarşısında baş verməsi faktlarına da toxunan Qalkin Bakının həmin təxribatları minimallaşdırması mümkünlüyünə də toxunaraq bildirib ki, Azərbaycan sərt mövqe tutmağa davam etməlidir. SİTAT: “Əgər siz Ermənistan simasındakı müttəfiqinizi saxlamağı bacara bilmirsinizsə, onda biz başqa tərəfi dəvət edək. Düşünürəm ki, Türkiyənin münaqişə zonasındakı mövcudluğu Rusiya üçün elə bir faktordur ki, o qəti hərəkətlərə keçə bilər. O zamana qədər ki, həmin təhlükə olmasın. Rusiya Ermənistanı aldatmaqda davam edəcək, ancaq bu da Rusiyanı çətin vəziyyətə sürükləyir. Azərbaycanın sərt mövqe tutması kifayət edəcək. Bir daha təkrar edirəm, Rusiya rəhbərliyi rasional fəaliyyət göstərir. Biz bunu münaqişənin timsalında gördük. Rusiya ambisiyaları və münaqişədən istifadə etməklə öz mövcudluğunu genişləndirməklə deyil, bütün təhlükələri hesablayır, onları öyrənir və bunlara müvafiq olaraq davranırdı”.

KTMT heç nə etməyəcək

Qalkin hesab edir ki, Azərbaycan sərt mövqe nümayiş etdirməsi ilə Rusiya sülhməramlılarının fəaliyyət xarakterlərini dəyişməsi məsələsini qaldıra bilər və Rusiyanın məsuliyyətini onun üzərindən götürər. “Hesab edirəm ki, bu, Rusiya üçün kifayət edər. Ona görə də hesab etmirəm ki, hadisələrin inkişafı hər hansı təhlükəli xarakter alsın. Lakin Rusiya Ermənisanı kənara çəkməzsə, təzyiqlər etməzsə, bu zaman münaqişə gec, ya da tez baş verə bilər. Bu baxımdan, həmin işlə məşğul olmaq lazımdır. Və eyni zamanda, Azərbaycan Türkiyə ilə yanaşı, ümumiyyətlə, beynəlxalq ictimaiyyətə müraciətlər etməlidir”, politoloq bildirib.

KTMT-nin baş katibi Zasın Ermənistana səfərinin, əslində, İrəvan üçün hər hansı bir önəmlilik daşımadığını deyən Qalkin bildirib ki, KTMT hər zaman özünü ötən dəfəki kimi aparacaq. Yəni heç nə etməyəcək. Ona görə ki, münaqişənin baş verdiyi halda Ermənistanın tərəfindən çıxış edərsə, bu, ilk növbədə, həmin təşkilatın buraxılması təhlükəsi ilə qarşılaşa bilər. Çünki KTMT-də heç bir tərəf Ermənistan üçün Rusiya kimi müttəfiq hesab edilə bilməz. Bu, hətta Rusiya ilə sıx əlaqələrindən fərqli olaraq Ermənistanla zəif əlaqələri olan Belarusa da aiddir. Lakin Belarusun Azərbaycanla sıx əlaqələri mövcuddur. Bu səbəbdən, KTMT-nin prosesə cəlb olunması gözlənilmir.

Hadisələrin nəzarətdən çıxacağı halda nələrin baş verəcəyini proqnozlaşdıran siyasi şərhçi bildirib. SİTAT: “Ermənistan nəzarətsiz şəkildə gərginliyi artırmağa davam edərsə və hadisələr nəzarətdən çıxarsa, bu ssenaridə Rusiya özü də istəmədən münaqişədə Ermənistanın tərəfində qalacaq və geriyə addım ata bilməyəcək. Ona görə də aydındır ki, Rusiya birmənalı olaraq simvolik obrazda fəaliyyət göstərir. Ancaq münaqişə müstəvisində tətbiq edildikdə, bütün bu hərəkətlər praktiki xarakter alır. Rusiyaya elə gəlir ki, Ermənistanı dəstəkləmək və Cənubi Qafqazda hələ də oyunçu kimi mövcud olduqlarını göstərmək onlar üçün vacibdir. Lakin Ermənistan bu gərginliyi artıqmağa maraqlıdır”, deyə Qalkin bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə