Yenə də diktə edən qalib tərəfdir

Yenə də diktə edən qalib tərəfdir

Prezident İlham Əliyev: “Bir daha təxribata əl atsalar, yerindəcə məhv ediləcəklər!”

Ötən il cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq noyabrın 10-da işğalçı ölkəni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Normal dövlət və millət bundan ibrət götürər, bir daha başqa ölkənin, xalqın torpağına göz dikməz, işğalçılıq eşqi ilə yaşamaqdan əl çəkərdi. Lakin əfsus ki, Ermənistanda bunun əksi müşahidə olunur. Döyüş meydanında silah-sursatını, mövqeyini, hərbi texnikalarını, işğal altında saxladıqları yaşayış məntəqələrimizdə isə qadınını, qocasını, uşağını qoyub qaçan ermənilərin sabiq və indiki hakimiyyət təmsilçiləri Azərbaycan ünvanına sərsəm bəyanatlar səsləndirməklə yanaşı, sərhəddə təxribatlar etməkdən əl çəkmirlər.

Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutması işğalçı Ermənistanın Qalib Azərbaycan qarşısında acizliyini göstərir. Ancaq....

Revanşistlər nəticə çıxarmasalar, “Dəmir yumruq” işə düşəcək

Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan Vətən müharibəsi nəticəsində sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib və bu gün sərhədləri etibarlı şəkildə qorunur. Həmçinin, işğaldan azad edilən torpaqlarımızda gedən abadlıq-quruculuq işləri Ermənistanı ciddi narahat edir və hərdən təxribat xarakterli əməllərə cəhd edir. Amma bu ölkədə baş qaldıran həmin revanşist qüvvələr Prezident İlham Əliyevin xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar.

Əslində, Ermənistandakı revanşistləri nəzərə almasaq, digər vətəndaşlar artıq dərk edirlər ki, Qarabağ onların deyil və özgə torpaqları uğrunda ölmək ağılsızlıqdır. Ona görə də əsgər anaları-ataları hər gün müxtəlif şəhər və rayonlarda ayağa qalxıb övladlarının Qarabağ istiqmətində hərbi xidmətə aparılmasına qarşı üsyan edirlər. Ermənilər yaxşı anlayırlar ki, güvəndikləri dövlətin Azərbaycanla istənilən formada mübarizə aparmaq gücü yoxdur. 30 il ərzində qurulan və “keçilməz sədlər” adlandırılan müdafiə sistemlərinin 44 gün ərzində darmadağın edilməsi bunun bariz göstəricisidir. Ümumilikdə isə müharibə Ermənistan dövlətinə elə bir zərbə vurub ki, 30 ilə çətin özünə gələ bilsin. Bu ölkənin nə hərbi gücü, nə də iqtisadi imkanları Azərbaycana qarşı “mübarizə” aparmağa imkan verir. Hətta əvvəlki kimi hərbi texnikanı pulsuz alsalar belə, erməni əsgərinin Azərbaycanın igid oğulları qarşısına çıxmağa gücü çatmaz.

Əslində, Ermənistandakı revanşist qüvvələr də bundan xəbərdardırlar. Yaxşı anlayırlar ki, istənilən təxribatları onlara baha başa gələ bilər. Ancaq başçıları yenə də havadarlarına arxalanaraq çirkin oyunlar oynamaqla Azərbaycanı təxribata çəkmək istəyirlər. Ancaq Azərbaycan Prezidenti dəfələrlə erməni faşizmi və onlar tərəfindən törədilən təxribatlara toxunaraq bəyan edib ki, Azərbaycan Qarabağda erməni faşizminin başını əzərək terror dövlətinin belini qırıb. Bununla da Ermənistan məcbur olub Azərbaycanın qarşısında diz çöküb. Bundan sonra hər hansısa bir təxribat olarsa, «dəmir yumruğ»un növbəti zərbəsini alacaqlar. Ona görə də işğalçı, məğlub Ermənistan və onun havadarları bu vəziyyətdən düzgün nəticə çıxarmalıdırlar.

Qalib Sərkərdə kimi Qarabağa hər səfərində həm yeni-yeni layihələrin təməlini qoyan, həm də Ermənistana düşdüyü acınacaqlı durumdan qurtulmaq üçün çıxış yolları göstərən Azərbaycan Prezidenti bu dəfə revanşist dəstələri, sərhəddə təxribat törədənləri çirkin əməllərindən nəticə çıxarmağa çağırdı. Əks təqdirdə «dəmir yumruq» əməliyyatı yenidən təkrarlana bilər.

Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir

Bəli, revanşist dəstələri, sərhəddə təxribat törədənlər çirkin əməllərindən nəticə çıxarmasalar, əks təqdirdə «dəmir yumruq» əməliyyatı yenidən təkrarlana bilər. Çünki 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Xüsusilə də, Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Və bu gün mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. Daha doğrusu, indi şərtləri Azərbaycan Prezidenti İlham Əliyev diktə edir. Və istənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. 44 günlük müharibədən öncə Prezident İlham Əliyevin bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir, ona uyğun nəticə çıxarmalı və yaxşı anlamalıdırlar ki, Azərbaycan Prezidenti dediyi söz imzası qədər keçərlidir.

Ermənistan isə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə borcludur. Çünki bizim Prezidentimiz yalnız haqq ədalət tərəfdarı kimi çıxış edir və dünya dövlətləri də bunu bilir. Tarixən ədalət qalib gəlib, Azərbaycan xalqı da düşməni yerində oturtmağa qadirdir. Ermənistanın isə qeyri-adekvat davranışı, ilk növbədə, onun özü üçün zərbədir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə