“Avrasiyanın orta xəttində yeni bir layihə reallaşmaqdadır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin Şuşaya səfər etmələri, Bakı bəyannaməsini imzalamaları və ümumilikdə onların Azərbaycana səfər çərçivəsində verdikləri bəyanatlar açıq-aydın şəkildə ona dəlalət edir ki, artıq təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiyanın orta xəttində yeni bir layihə reallaşmaqdadır”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda çox vacib coğrafi məkanları Türkiyə, Azərbaycan və Pakistanın liderliyi altında siyasi, iqtisadi müstəvidə dəyişikliklər gözləyir: “Təbii ki, Azərbaycanın hələ də Ermənistanla problemləri qalmaqdadır, ona görə Pakistanın, Türkiyənin Azərbaycanın yanında yer alması Ermənistanın arxasında olan qüvvələr üçün çəkindirici məsələdir. Dünyada Türkiyənin hərbi gücü hər kəsə məlumdur, Pakistan isə nüvə ölkəsidir və hərb texnik baxımından geniş imkanlara malikdir”.

Politoloq bildirdi ki, parlament sədrlərinin səfəri çərçivəsində həm də işğaldan azad edilmiş rayonlarda görüşlər baş tutdu: “Onlar Şuşanı, Ağdamı ziyarət etdilər və eyni zamanda digər rayonlarda oldular. Bu səfər çərçivəsində Azərbaycan tərəfi Türkiyə, Pakistan parlament sədrlərinə bölgədə yaranmış yeni vəziyyət və ermənilərin illər ərzində törətdikləri cinayətlərlə bağlı məlumatlar verdilər. Onların bəyanatları deməyə əsas verir ki, bundan sonra Ermənistan və digər qüvvələr öz təxribatlarını dayandırmalıdırlar, əks təqdirdə bu, regional müharibəyə gətirib çıxarda bilər. Mustafa Şentopun Bakıda görüşlərdə etdiyi çıxışlar da ona dəlalət edir. Təbii ki, Türkiyə, Pakistan 30 il ərzində hər zaman Azərbaycanın yanında olub və bir neçə gün öncə Bakı bəyannaməsinin imzalanması təsadüfü fakt deyil. Bakı bəyannaməsi parlamentlər arasında əməkdaşlığı daha da gücləndirir. Bundan əlavə, Türkiyə, Pakistan və Azərbaycan arasında ayrılıqda bir çox sənəd və müqavilələr var, o cümlədən Bakı və Ankara arasında çox vacib olan 100 ilin sənədi sayılan Şuşa bəyannaməsi kimi çox vacib bir əməkdaşlıq sazişi imzalanıb. Bütün bunlar Azərbaycanı gücləndirən faktorlardır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə